Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5899/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(004)-1729/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən Apple Airpods qulaqcıq üçün 496 manat ödənilməmiş hissə, 49 manat cərimə; 10.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********5571 olan Samsung Galaxy A50 markalı telefon üçün 180 manat ödənilməmiş hissə, 18 manat cərimə; 26.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********0628 olan Samsung Galaxy A50 markalı telefon, Apple Airpods qulaqcıq üçün 1044 manat ödənilməmiş hissə, 104 manat cərimə, ümumilikdə 1891 manat borc, 30 manat dövlət rüsumu olmaqla, cəmi 1921 manat məbləğində pul vəsaitinin cavabdehdən MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə bağlanmış 09.10.2019cu il tarixli, 10.10.2019-cu il tarixli və 26.10.2019-cu il tarixli müqavilələrə əsasən 2 ədəd Apple Airpods qulaqcıq, İMEİ kodu **********5571 və **********0628 olan 2 ədəd Samsung Galaxy A50 markalı almış, lakin müqavilənin şərtlərini pozduğu üçün nəticədə 1891 manat borcu yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(004)- 1729/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 09.10.2019-cu il tarixli müqavilə üzrə 496 manat əsas, 49 manat cərimə, cəmi 545 manat; 10.10.2019-cu il tarixli müqavilə üzrə 180 manat əsas, 18 manat cərimə borcu, cəmi 198 manat; 26.10.2019-cu il tarixli müqavilə üzrə 1044 manat əsas, 104 manat cərimə borcu, cəmi 1148 manat; ümumilikdə 1891 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, onun məhkəmə iclaslarından xəbəri olmamışdır. Dövlət Sərhəd Xidmətinin zabitidir, bir müddət ödənişləri etməyində problemlərin səbəbi müharibə ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən etdiyi ödənişlər göstərilməmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi ilə bağlı kredit öhdəlikləri üzrə ödənişləri etməkdən məhrum olmuşdur. Dəfələrlə iddiaçıya müraciət edərək, möhlət verilməsini xahiş etsə də, iddiaçı öz tələblərindən geri çəkilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi qeyd etdi ki, cavabdeh 10.10.2019-cu il tarixli müqavilə üzrə olan borcunu iş birinci instansiya məhkəməsinin icraatında olarkən ödəmişdir, belə ki, 26.01.2021-ci il tarixdə həmin müqavilə üzrə ödənilməli olan 180 manatı ödəmiş, həmin müqavilə üzrə tələb edilən 18 manat cərimə isə MMC tərəfindən cavabdehə güzəşt edilmişdir. Bundan başqa, 06.05.2021-ci il tarixdə 50 manat, 20.06.2021-ci il tarixdə də 50 manat ödəniş edilmişdir. Həmin ödənişlər də digər iki müqavilə üzrə hər birindən 50 manat olmaqla çıxılmışdır. Hazırda cavabdehin cəmi 1641 manat borcu var. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 10.10.2019-cu il tarixli müqavilə üzrə 180 manat əsas, 18 manat cərimə borcu, cəmi 198 manatın tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qalan hissədə dəyişdirilməlidir. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh ilə MMC arasında 09.10.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqısatqı qiyməti 576 manat olan Apple Airpods qulaqcığı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 48 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 10.10.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 726 manata İMEİ kodu **********5571 olan Samsung Galaxy A50 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 60 manat ödəmək şərti ilə (ilkin ödəniş 6 manat) 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 26.10.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1184 manata İMEİ kodu **********0628 olan Samsung Galaxy A50 markalı telefon, Apple Airpods qulaqcıqğı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 87 manat ödəmək şərti ilə (ilkin ödəniş 140 manat) 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Müqavilələrin Əlavə ödəniş cədvəlinin 2-ci bəndində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apelyatorun irəli sürdüyü, məhkəmə tərəfindən çəkişmə prinsipinə riayət edilməməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, müvafiq məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu ünvan və faktiki ünvanı üzrə göndərilmiş, həmçinin Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə cavabdehə çatdırılması üçün göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hazırkı iddia tələbinə sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Belə olan halda apelyasiya şikayətinin bununla bağlı göstərilən dəlili əsassızdır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi qeyd etmişdir ki, 10.10.2019-cu il tarixli müqavilə üzrə cavabdeh ödənilməli olan borc məbləğini iş birinci instansiya məhkəməsinin icraatında olduğu zaman ödəmişdir və bu barədə müvafiq maliyyə arayışını təqdim etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən 10.10.2019-cu il tarixli müqavilə üzrə 180 manat əsas borc tam ödənilmiş, 18 manat cərimə borcu isə güzəşt edilmişdir. Həmin müqavilə üzrə borc 26.01.2021-ci il tarixdə ödənilməsinə baxmayaraq, məhkəmə bu halı araşdırmadan, 23.02.2021-ci il tarixli qətnaməsi ilə həmin müqavilə üzrə 198 manatın cavabdehdən tutulması barədə əsassız qənaətə gəlmişdir. Odur ki, Kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Apelyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qətnamə qəbul edildiyi tarixdən sonra, yəni 06.05.2021-ci il tarixdə 50 manat, 20.06.2021ci il tarixdə də 50 manat ödəniş edilmişdir. Kollegiya prosessual qənaət prinsipi baxımından hesab edir ki, sonradan edilmiş həmin ödənişlər də nəzərə alınmaqla cavabdehdən tutulmalı olan məbləğ hesablanmalıdır. Belə ki, iddiaçının nümayəndəsi qeyd etdi ki, edilmiş hər iki 50 manat ödəniş digər iki müqavilə üzrə əsas borcdan silinmişdir. Belə olan halda, 09.10.2019-cu il tarixli müqavilə üzrə əsas borc məbləği olan 496 manatdan ödənilmiş 50 manat çıxıldıqda, həmin müqavilə üzrə qalıq borc məbləği 446 manat müəyyən edilir, 26.10.2019-cu il tarixli müqavilə üzrə isə əsas borc məbləği olan 1044 manatdan ödənilmiş 50 manat çıxıldıqda həmin müqavilə üzrə qalıq borc məbləği 994 manat müəyyən edilir Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşin hallarını nəzərə alan Kollegiya belə qənaətə gəlir ki, 09.10.2019-cu il tarixli və 26.10.2019-cu il tarixli müqavilələr üzrə tələb edilən cərimə məbləğləri azaldılmalıdır. Tələb edilən cərimə məbləği azaldılaraq 09.10.2019-cu il tarixli müqavilə üzrə 5 manat, 26.10.2019-cu il tarixli müqavilə üzrə isə 10 manat məbləğində tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1729/2021 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi qismən - Cavabdeh 10.10.2019-cu il tarixli müqavilə üzrə 180 manat əsas və 18 manat cərimə olmaqla, cəmi 198 manat borcun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Qətnaməsi qalan hissədə dəyişdirilsin. Cavabdeh 09.10.2019-cu il tarixli müqavilə üzrə tutulmalı olan əsas borc məbləği 446 manat, cərimə məbləği 5 manat; 26.10.2019-cu il tarixli müqavilə üzrə tutulmalı olan əsas borc məbləği 994 manat, cərimə məbləği 10 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5899/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5899/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver