Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5900/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Ərizəçi, Apellyatorun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2278/2022 saylı, 01 iyun 2022-ci il tarixli qətnaməsindən iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi tərəfindən xx.xx.1995 il tarixdən xx.xx.2015-ci il tarixinədək müddət ərzində yaşı 70-dən yuxarı olan X3 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin dəlilləri ondan ibarət olmuşdur ki, o, 1995-2015-ci illərdə yaşı 70-dən yuxarı olan X3 qulluq etmişdir. L.Hüseynova 1922-ci il təvəllüdlü olmuşdur və ona qulluq etdiyi müddətdə onun yaşı 70-dən çox olub. L.Hüseynovanın əri xx.xx.1995-ci ildə vəfat etdikdən sonra onu gətirib öz evində saxlamış və ona ömrünün sonuna kimi qulluq etmişdir. O, L.Hüseynovaya qulluq etməsi ilə yanaşı o, faktiki olaraq ərizəçinin öhdəsində olmuşdur. X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hal hazırda özü təqaüd yaşına çatmış və bunun rəsmiləşdirilməsi məqsədilə DSMF Suraxanı rayon şöbəsinə müraciət etmişdir. O, X3 qulluq etdiyi dövr sosial sığorta stajına aid edilməlidir. Bu məsələ ilə bağlı hüquq mübahisəsi yoxdur. 1995-2015-ci illərdə yaşı 70-dən yuxarı olan X3 qulluq etməsi şahidlər tərəfindən təsdiq oluna bilər. xx.xx.1995 il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixinədək yaşı 70-dən yuxarı olan X3 qulluq etməsi faktının müəyyən edilməsi həmin müddətin pensiya stajına daxil olunması üçün tələb olunur və həmin məqsəd üçün hüquqi əhəmiyyətli faktdır. Bu hüquqi əhəmiyyətli faktı başqa üsulla təsdiq etmək mümkün olmadığı üçün məhkəməyə müraciət edir. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2278/2022 saylı, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1959-cu ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olmuş Ərizəçi xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək müddət ərzində yaşı 70-dən yuxarı olan X3 qulluq etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz filialı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və ərizənin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyatorun nümayəndəsi X5 apellyasiya şikayətini və ona əlavənin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şikayətdə qeyd olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ləğv edilmiş, onu əvəz edən yeni Qaydalar Nazirlər Kabinetinin 175 nömrəli qərarı ilə təsdiq edilmişdir. Yeni qaydalarda ahıllara qulluqetmə ilə bağlı əvvəlki prosedur qaydadan fərqli qaydalar müəyyən edilmişdir. Lakin, ərizəçi məhkəməyə müraciət edən zaman Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qəbul etdiyi qaydalar qüvvədə olduğundan hazırki iş üzrə həmin qaydalar tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının da iş üzrə nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Belə olan halda məlum olur ki, hazırkı iş üzrə ərizəçinin tələbi qulluq etmə kimi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi olduğundan, bunun isə məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan, qətnamə ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim mülki iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2278/2022 saylı, 01 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5900/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5900/2022
15.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver