Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5901/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(003)-1541/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı abonent hesabına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Rİ286431 nömrəli akt əsasında 1153,10 manat məbləğində pul hesablanmışdır. İddiaçı akt əsasında hesablanmış borcun qanunsuz olduğunu bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Buzovna qəsəbəsi, N.Quliyev küçəsi ev 12 ünvanında yerləşən ona məxsus evə quraşdırılmış elektrik sayğacına müdaxilə edilməsi barədə xx.xx.2022-ci il tarixli, 286431 nömrəli aktın ləğv edilməsi və bu akt əsasında hesablanmış 1200 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Buzovna qəsəbəsi N.Quliyev küçəsi ev 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yaşadığı evin həyətində olan elektrik sayğacına baxış keçirmişlər və baxış keçirilməsi barədə 286431 saylı akt tərtib etmişlər. Həmin aktda göstərilmişdir ki, yoxlama zamanı məlum olundu ki, sayğacın sxem ardıcılığı pozularaq dövriyyədən kənarlaşdırılmaqla mənzildə kənar xətdən istifadə olunur. Akt tərtib olunduqdan sonra ona 1200 manat məbləğində borc hesablanmışdır. O, hər ay daim işıq pulunu ödəmiş, hər zaman dövlətin qanunlarına əməl edən vətəndaş olmuşdur. Günlərin bir günü gəlmişlər ki, borcu var, işiq xəttini kəsirlər. O, borcunun olmadığını söyləmiş, onlar cərimə olunduğunu bildirmişlər və bununla bağlı ətraflı məlumat almaq üçün İdarəyə müraciət etməyini bildirmişlər. O, işıq idarəsinə yaxınlaşmış, orada ona cərimə olunduğunu, qanunsuz xətdin aşkarlandığını bildirmişlər. O, aşkarlanmış xəttin ləğv edilməsini, yaxud hər hansı bir sübut istəmiş, ona sübutun olmadığını bildirmişlər. O, əsassız yazılmış cərmənin ləğv edilməsinin dedikdə ona məhkəməyə müraciət etməsi barədə bildirilmişdir. Hesab edir ki, ona məxsus evə quraşdırılmış elektrik sayğacına müdaxilə edilməsi barədə xx.xx.2022-ci il tarixli, 286431 nömrəli akt ləğv edilməli və bu akt əsasında hesablanmış 1200 manat borc silinməlidir. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbi müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa oxşar izahat vermişdir. İzahatında həmçinin bildirmişdir ki, iddiaçı onun atasıdır. Onların evlərinə elektrik naqilləri küçədən daxil olur. Onlar kənar xətdən istifadə etməmişlər. Cavabdehin əməkdaşlarından da haradan əlavə xətt götürdüyü soruşmuş, lakin ona heç bir cavab verə bilməmişlər və bu barədə dəlil göstərə bilmirlər. Hesab edir ki, həmin xəttin fotosu da olmalıdır. Akt isə onlara deyilmədən tərtib edilmişdir. 5.24 may 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Buzovna qəsəbəsi N.Quliyev küçəsində yerləşən 12 saylı evin həyətində olan elektrik sayğacına xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı kənar xətdən istifadə etmişlər. Bu barədə 286431 saylı akt tərtib edilmişdir. Lakin həmin zaman foto və videoçəkiliş olmamışdır. 6.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 iyun 2023-cü il tarixli, 2(003)-1541/2023 saylı qətnaməsi ilə (hakim-İlham Cəfərzadə) iddia tələbi qismən təmin edilərək, İddiaçı adına olan **********20000 nömrəli abonent hesabına xx.xx.2022-ci il tarixli, 286431 nömrəli akt əsasında hesablanmış 1153,10 manat məbləğində borcun silinməsi, "xxxx" ASC-dən 31,53 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 7.İş materiallarında olan İddiaçı adına olan **********20000 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışın bağlanan aktlar bölməsindən görünür ki, iddiaçının abonent hesabına xx.xx.2023-cü il tarixdə Rİ286431 nömrəli akt əsasında 1153,10 manat məbləğində pul hesablanmışdır. 8.Məhkəmə qeyd etmişdir ki, mülki mübahisənin yaranmasına səbəb cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın olması və həmin akt əsasında iddiaçının abunə hesabına borcun yazılmasıdır. Məhkəmə hesab etmişdir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı (istehlakçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərindən görünür ki, elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalı, sayğaca müdaxilə, elektrik şəbəkəsinə qanunsuz qoşulma halları aşkar edildikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib edilməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalı, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunmalıdır. Həmçinin hesablaşma elektrik sayğacının zədələnməsi laboratoriya şəraitində araşdırılmalı, bu zaman enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılmalı və ikitərəfli aktla sənədləşdirilməlidir. İstehlakçı, araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. 9.İşin araşdırılmış hallarından görünür ki, iddiaçının ünvanında olan sayğaca baxış keçirildiyi halda onun iştirakı təmin edilməmiş, qeyri-qanuni xəttin aşkar edilməsi barədə akt iddiaçının (istehlakçının) iştirakı olmadan tərtib edilmiş, həmçinin aktda qeyd olunan halla bağlı foto və ya videoçəkiliş aparılmamışdır. Eyni zamanda iddiaçının adına olan **********20000 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, xx.xx.2008-ci il tarixdən aktın tərtib edildiyi xx.xx.2023-cü il tarixədək iddiaçının ünvanına quraşdırılmış sayğac tərəfindən istifadə edilmiş elektrik enerjisinin göstəriciləri hər ay qeydə alınmışdır. 10.Məhkəmə hesab etmişdir ki, iş üzrə müəyyən olunmuş hallar, xx.xx.2022-ci il tarixli, 286431 nömrəli aktın tərtib edilməsinə əsas olmuş faktın mövcud olmamasına dəlalət edir. Bununla da məhkəmə hesab edir ki, həmin aktın etibarlı hesab edilməsi əsassızdır. Belə ki, həmin aktın tərtib edilməsinə əsas olmuş halla bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, həmin akt əsasında iddiaçının abonent hesabına 1153,10 manat pulun hesablanması da əsassız olmuşdur. 11.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, tələb olunan 1200 manat məbləğində deyil, xx.xx.2022-ci il tarixli 286431 nömrəli akt əsasında iddiaçının abonent hesabına hesablanmış 1153,10 manat məbləğində pul silinməlidir. 12.Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbinin xx.xx.2022-ci il tarixli, 286431 nömrəli aktın ləğv edilməsi hissəsi mülki məhkəmə icraatı qaydasında qiymət verilməli olan məsələ olmadığından həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. 13.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı və iddiaçının adına olan **********20000 abonent hesabına xx.xx.2022-ci il tarixli, 286431 nömrəli akt əsasında hesablanmış 1153,10 manat məbləğində borc silinməlidir. 14.Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 31,53 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. 15.Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17, 13-cü maddəsinin 8-ci bəndinə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6, 7.7, 7.10, 7.11, 8.2, 8.4, 8.17, 8.17-1, 8.17-2: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5, 8.1.2ci: Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1, 119.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15 dekabr 2022-ci il tarixində "xxxx" ASCnin əməkdaşları abonent İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evinə sayğacdan kənar xəttin daxil olması aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı onlar tərəfindən R286431 saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 1153,10 manat məbləğində müəyyən edilməklə abonentin **********20000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirik ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. İzahatında ona verilən suallara cavab olaraq bildirldi ki, kənar müdaxilə ilə bağlı foto və video görüntülər mövcud deyildir. 20.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 21.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 22.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı maddəsinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlətyoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 24.Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 25.Qaydaların 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 26.Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 27.Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 28.Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 29.Qaydaların 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda),sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 30.Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 31.Qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə iddianın təmin edilmyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(003)-1541/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 37.Belə ki, iş materiallarından göründüyü kimi müvafiq sayğacın dəyişdirilməsi və akt tərtib edilməsi zamanı mənzilin mülkiyyətçisinə və bilavasitə elektrik enerjisini istiehlak edənə məlumat verilməmişdir və sayğacın korlanması da mülkiyyətçinin təqsiri səbəbindən olmamışdır. Belə ki, cavabdeh tərəf bunun əksini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. 38.Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. 39.Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmənin iddiaçının adına olan **********20000 abonent hesabına xx.xx.2022-ci il tarixli, 286431 nömrəli akt əsasında hesablanmış 1153,10 manat məbləğində borcun silinməsi bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 40.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 41.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 42.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 43.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(003)-1541/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5901/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5901/2023
11.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver