Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5905/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər ‘’Külək’’ Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2nə qarşı ‘’hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə’’ iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və ipoteka predmeti olmuş “KİA Sportage” markalı, **-FF-*** qeydiyyat nişanlı avtomobilə (bundan sonra – avtomobil) dair cavabdeh İcra Şöbəsinin sifarişi əsasında cavabdeh MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla "xxxx" VTB ASC arasından 24.07.2013-cü il tarixdə 60 ay müddətinə bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin təminatı olaraq özünə məxsus olan avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq onunla Bank arasında 24.07.2013-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Bundan bir müddət sonra ölkədə baş vermiş devolvasiyalar nəticəsində iddiaçının maliyyə çətinlikləri yaranmış və o, Banka olan borcunu ödəyə bilməmiş və Bank iddiaçıya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə” iddia ərizəsi ilə Fizuli Rayon Məhkəməsinə müraciət etmişdir. Fizuli Rayon Məhkəmə iddia ərizəsinə dair mülki işə baxaraq iş üzrə qəbul etdiyi 21.09.2017-ci il tarixli qətnamə ilə Bankın iddiasının qismən təmin edilməsini, cəmi 17.607,52 ABŞ dolları məbləğində pulun ondan tutularaq Banka ödənilməsini, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsini və sair qət etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdeh İcra Şöbəsinə göndərilmişdir. İcra hərəkətlərini həyata keçirən İcra Şöbəsinin sifarişinə əsasən cavabdeh MMC avtomobilin satılması ilə bağlı açıq hərrac keçirmiş, lakin hərrac barədə iddiaçıya məlumat verilməmiş, 30.000 – 35.000 manat dəyərində olan avtomobil iddiaçının xəbəri olmadan çox aşağı qiymətə, yəni 14.662,5 manata hərraca çıxarılmış və Bank avtomobili öz mülkiyyətinə qəbul etmişdir. Hərrac qeyd edilən pozuntular ilə keçirildiyindən hərracın nəticələri etibarsız hesab edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 02.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Bankın Vüqar adlı əməkdaşı iddiaçıya hərracın hələki olmadığını, olanda məlumatlandırılacağını, hissə-hissə ödəmələri etməsini bildirmişdir. Hərracın keçirilməsi barədə bildiriş iddiaçının indiki ünvanına deyil, əvvəllər iddiaçıya məxsus olmuş və 2015-ci ildə satılmış mənzilin ünvanı üzrə göndərilmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakı təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, hazırki iş üzrə İddiaçı, onunla "xxxx" VTB ASC arasından 24.07.2013-cü il tarixdə 60 ay müddətinə bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin təminatı olaraq özünə məxsus olan avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq onunla Bank arasında 24.07.2013-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Buna baxmayaraq iddiaçı, Banka olan borcunu ödəmişdir. Fizuli Rayon Məhkəməsinin 2(064)-2210/2017 saylı iş üzrə 24.10.2017-ci il tarixdə verdiyi “İcra vərəqəsindən” görünür ki, Fizuli Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi 21.09.2017-ci il tarixli qətnamə ilə "xxxx" VTB ASC-nin İddiaçı qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə” iddiasının qismən təmin edilməsi, cəmi 17.607,52 ABŞ dolları məbləğində pulun İddiaçı tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi və sair qət edilmişdir. İş materiallarından görünür ki, qeyd edilən həmin qətnamə qüvvəyə mindiyi üçün icra vərəqəsi icra edilməsi üçün cavabdeh İcra Şöbəsinə göndərilmiş, İcra Şöbəsinin sifarişinə əsasən cavabdeh MMC avtomobilin satılması ilə bağlı hərrac təşkil etmişdir. “Hərracın keçirilməsi barədə” 26.10.2020-ci il tarixli, 01 saylı bildirişdən görünür ki, 2(064)-2210/2017 saylı mülki iş üzrə tərəflərə (o cümlədən hazırki iş üzrə iddiaçıya) hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. “Hərracın keçirilməsi barədə” 19.11.2020-ci il tarixli, 02 saylı bildirişdən görünür ki, 2(064)-2210/2017 saylı mülki iş üzrə tərəflərə (o cümlədən hazırki iş üzrə iddiaçıya) hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. “Birja Yenilikləri” qəzetinin 24.10.2020, 18-25.11.2020, 01-07.12.2020-ci il tarixli buraxılışlarından görünür ki, mübahisəli avtomobilinin "xxxx" MMC tərəfindən hərraca çıxarılacağına dair müvafiq elanlar qəzetlərin həmin saylarına yerləşdirilmişdir. “Hərracın yekunları barədə” 14.12.2020-ci il tarixli, 55/02-4 №-li protokoldan görünür ki, həmin avtomobili ilkin satış qiyməti 23.000 manat, təkrar hərracdakı satış qiyməti 19.550 manat, 25% aşağı olan qiyməti 14.662,5 manat ilə MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçı, hərracın təşkilatçısı olan cavabdeh MMC-nin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır. Çünki iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə bildirişlərin surətindən görünür ki, hərracın vaxtı və yeri barədə bildirişlər cavabdeh Hərrac Şirkəti tərəfindən həm iddiaçının qeydiyyatda olduğu ünvana – ünvan 1kı şəhəri, Tbilisi pr, ev 49, mənzil 22-yə göndərilmişdir. İddiaçı bildirir ki, o artıq həmin (ikinci) ünvanda yaşamır, 2015-ci ildə həmin ünvanda yerləşən mənzilini satmışdır. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 146-cı maddəsinin mənasına görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından müəyyən edilmir və iddiaçı tərəfindən iddia edilmir ki, o, 2(064)- 2210/2017 saylı mülki işə baxmış Fizuli Rayon Məhkəməsinə və ya həmin iş üzrə qəbul edilmiş qətnamə əsasında verilmiş icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən İcra Şöbəsinə məlumat vermişdir. Bu halın əksini təsdiq edən sübutlar isə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, qeyd edilən icra sənədi üzrə hərracın keçirilməsi ilə bağlı məlumatda müvafiq elanlar verilmişdir. Belə olan halda hesab edilməlidir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır. İddiaçının digər dəlili ondan ibarətdir ki, qiyməti 30.000 – 35.000 manat olan avtomobil çox aşağı qiymətə, yəni 14.662,5 manata hərraca çıxarılmışdır. Bununla bağlı olaraq Məhkəmə qeyd edir ki, iddiaçı, ona məxsus olmuş ipoteka predmeti olan avtomobilin qiymətinin 30.000 – 35.000 manat civarında olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (məsələn: müstəqil qiymətləndiricinin müvafiq rəyini) məhkəmələrə təqdim etməmişdir. MPM-nin yuxarıda qeyd edilən tələbinə görə isə, sübuta söykənməyən dəlil əsaslı hesab edilə bilməz. Bundan başqa artıq qeyd edildiyi kimi, həmin avtomobil ilkin satış qiyməti 23.000 manat olmaqla hərraca çıxarılmış, təkrar hərracdakı satış qiyməti 19.550 manat, sonuncu hərraca isə 25% aşağı olan qiymət ilə, yəni 14.662,5 manat qiyməti ilə hərraca çıxarılmışdır ki, bu kimi qayda qanunverici tərəfindən müəyyən edilmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının müzakirə edilən bu dəlili də, əsaslı hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, ipoteka predmeti olan mübahisəli avtomobilin açıq satılması ilə bağlı keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş və keçirlmişdir. Hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2021ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5905/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5905/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver