Məhkəmə qərarları › İş №2(103)-5908/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5908/2023

09.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5908/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-976/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. SOCAR Təhlükəsizlik İdarəsi tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci il tarixində 13-14 saylı qarovulun postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi) Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 119.9-cu km-də, 1-ci sırada kəmərə paralel, kəmərdən 20 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış içərisində yaşayış olan evin həyətyanı sahəsində 10 metr uzunluğunda və 5 metr enində dəmir konstruksiyadan ibarət çardaq quraşdırılması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan quraşdırma işlərinin qanunazidd olduğu həmin şəxsə izah edilərək sökülməsi tələb edilmiş, lakin sonuncu xəbərdarlığa məhəl qoymayaraq, sökməkdən imtina etmiş və işi tamamlayacağını bildirmişdir. Qeyd olunanlarla əlaqədar həmin şəxsə görülən işlərlə və sonradan tikinti aparılmamasına dair xəbərdalıq verilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan sözügedən evin həyətyanı sahəsində 10 metr uzunluğunda və 5 metr enində dəmir konstruksiyadan ibarət çardaq quraşdırılmasının üzərinə dam vurularaq, tamamlanması aşkar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanına, eləcə də Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarına, Mülki Məcəllənin 180.4cü maddəsinə, Cinayət Məcəlləsinin 222-2-ci maddəsinə istinad edərək tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istisamarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 119.9- cu kmdə, 39 T 0400370; ******* saylı koordinat üzrə, 1-ci sırada kəmərə paralel, kəmərdən təqribən 20 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisi faktları aşkar edilmişdir. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-976/2023 saylı, 10 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mmlik yerüstü neft kəmərinin 119.9-cu km-də, 1-ci sırada kəmərə paralel, kəmərdən təqribən 27-28 metr aralı məsafədə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi, hasar və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, mübahisə predmeti olan tikilinin həqiqətən Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 119.9-cu km-də, 39 T 0400370; ******* saylı koordinat üzrə, 1 ci sırada kəmərə paralel kəmərdən təqribən 27-28 metr aralı məsafədə(hasar və çardaq 27 metr, fərd yaşayış evi 28.3 metr) kəmərin mühafizə zonası daxilində yerləşməsi, müvafiq ekspertiza rəyi ilə öz təsdiqini tapır. Cavabdehin nə torpaq sahəsinə dair, nədə torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədi yoxdur. Cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin hesabat cədvəli hər hansı hüquq müəyyənedici sənəd hesab edilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlmişdir ki, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 119.9-cu km-də, 1 ci sırada kəmərə paralel kəmərdən təqribən 27-28 metr aralı məsafədə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında, yəni kəmərin mühafizə zonasında tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla cavabdeh tərəfindən özbaşına aparıldığından, bu tikili (fərdi yaşayış evi, hasar və çardaq tikilisi) neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından iddia ərizəsi əsaslıdır və buna görə iddia cavabdeh tərəfindən inşa edilən qanunsuz bütün tikililər cavabdehin hesabına sökülərək, ərazidən çıxarılmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmamasının xahiş edərək şikayətində göstərib ki, qətnamə ilə razı deyil. Çünki, iddiaçının özünün də etiraf etdiyi kimi o, orda uzun illərdir yaşayır və evi 30 ildən çoxdur ki, orda mövcuddur. Həmçinin bələdiyyə tərəfindən ona köhnə sənədlər də verilmişdir, lakin həmin sənədləri tapa bilmir. Məhkəmədə bunları qeyd etsə də, məhkəmə Arxiv İdarəsinə sorğu verməmiş, həmçinin Bələdiyyəni işə cəlb etməmişdir. Bundan əlavə, həmin ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinə məxsus olması heç bir sübutla təsdiqlənmir. Həmin ərazidə minlərlə fərdi yaşayış evi mövcuddur, niyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı həmin evləri də sökdürmür? Məhkəmə üçün bu məqamlar maraqlı olmamışdır. Halbuki, onun evinin sökülməsinə əsas evin qabağında biraz talvar tikməyi olub, bunu da İdarənin razılığı ilə edib. Həmin ərazi ola bilər iddiaçı İdarənin ərazisi olsun, ancaq onun evi həmin əraziyə aid deyil. Ekspert gəlib nə vaxtsa aydınlıq gətirmədən guya əlində metrə ilə ölçü aparıb gedib və onun evinin iddiaçı İdarənin ərazisinə düşüdüyünü qeyd edir. Halbuki, o, ekspertləri orda görməmiş və onların nə ilə onu etdiyini də anlaya bilmir. Həmçinin həmin boru vasitəsilə heç nə nəql edilmir. Məhkəməyə bu barədə məlumat versə də, məhkəmə həmin borunun iddiaçıya məxsus olmasını və həmin boru vasitəsilə hansı işlər görülməsini aydınlaşdırmamışdır. Çünki “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 1.2-ci bəndində borunun kimə məxsus olması və boru vasitəsilə hansı məhsulların ötürülməsi səbəbindən onun neft kəmərlərinə aid olub-olmaması aydınlaşır. Həmin boru yuxarıda qeyd edilən qaydalara əsasən plan sxemə və yerinə quraşdırılması araşdırılmamışdır. Ümumiyyətlə, məhkəmələr bu tip işlərə baxarkən yalnız iddiaçının iddiasını və borunun yerinə və düzgün quraşdırıldığına əsaslanaraq iddianı təmin edir. Halbuki, həmin borunun yuxarıda qeyd edilən qaydaların 1.9-1.11 bəndlərinə əsasən quraşdırıldığı və istismar edildiyi ilk növbədə araşdırılası məqamdı.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında iddiaçı Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərtib edilən aktı özü qəbul edib. Həmin ərizidən keçən kəmər xətti işləkdir.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

10. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı.

20. Cavabdehin qeyd olunan özbaşına tikilidə 30 il yaşaması həqiqi olsa belə iddianın əsassızlığına dəlalət etmir. Özbaşına tikilinin həyətində talvar tikməsi də şikayətin əsaslı olmasına təsdiq etmir. Hansısa şəxsin yüksək təhlükə mənbəyi olan neft kəmərinin mühafizə zonasında yaxud sənaye təyinatlı torpaqda özbaşına tikili inşa etməsi və həmin ərazidə başqa evlərin olması da iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, mübahisəli özbaşına tikili magistiral neft kəmərinin mühafizə zonasında, yəni təhlükəli zonada, fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmayan torpaq sahəsində tikilmişdir. Bu fakt iş üzrə keçirilmiş ekspertiza nəticəsində alınmış rəylə də öz təsdiqini tapır. Bu cür vəziyyətdə istənilən vaxt həmin ərazidə arzuolunmaz hadisənin baş vermə ehtimalı yüksək sayılır.

21. İddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatından da bəlli oldu ki, qeyd olunan ərazidə çoxsaylı evlər olsa da, hansı ki, cavabdeh də bunu təsdiq edir, hər bir özbaşına tikili ilə bağlı sənədlərin hazırlanaraq eyni anda iddia qaldırılması fiziki cəhətdən mümkünsüz sayılır. Cavabdeh qeyd etdiyi tikilini həqiqətən də iddiaçı İdarənn razılığı ilə tikibsə hazırki işin nəticəsindən asılı olaraq məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur.

22. Apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Çünki, mübahisəli tikilinin neft kəmərinin mühafizə zonasında inşa edilməsi və torpaq sahəsinin neft sənayesinə aid torpaqlar kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün olan yekun nəticəyə gəlinmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır,düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-976/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-976/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar