Məhkəmə qərarları › İş №2(103)-591/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-591/2022

11.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-591/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Əziz Şahtaxtinskinin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(010)-116/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İdarənin istismarında olan Dübəndi-Böyükşor Dş-700 mm-lik magistral neft kəmərinin 24.5-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan X2-700 mm-lik magistral neft kəmərinin 24.5-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Suraxanı rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərləinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti-quraşdırma işləri, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(010)- 116/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı SOCAR-ın İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin gözlənilən hüququ dövlət tərəfindən tanınmamışdır. Bu hüquq cavabdehin istifadəsində olan torpaq ərazisinin müəyyən hissəsi neft kəmərinin mühafizə zonasına düşdüyündən insan həyatının təhlukəsizliyi gözlənilən mülkiyyət hüququndan daha üstün hüquq olduğundan cavabdehin mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanunauyğundur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, mübahisəli ev İcra hakimiyyətinin sərəncamına və aidiyyəti orqanların icazəsinə əsasən tikilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh, eləcə də üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlаvə edilmiş SOCAR-ın Təhlükəsizlik İdarəsinin 35 saylı komandası üzrə tərtib edilmiş 31.01.2020-ci il tarixli aktın surətindən görünür ki, 31.01.2020-ci il tarixdə, saat 22:40-da Dübəndi-Böyükşor neft kəmərinin 24,5 km-də, kəmərdən 40 metr aralıda həyətyanı sahədə, köhnə inşa edilmiş ev tikintisinin qarşısında eni 2 m, uzunu 6 m natamam çardaq tikintisinin tamamlanması aşkarlanmış, qeyd olunan çardaq tikintisinin sahibinə yazılı xəbərdarlıq verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27.05.2021-ci il tarixli, 10/1262 nömrəli ekspert rəyində qeyd edilir ki, tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilən zaman ölçü işləri aparılarkən Dübəndi-Böyükşor Dş-700 mm-lik magistral neft kəmərindən cavabdehin hasarına 22.0 metr, çardaq (kölgəlik) tikilisinə qədər 40.0 metr, evə qədər isə 42.60 metr olduğu müəyyən olunduğunu nəzərə aldıqda cavabdehin istifadəsində olan hasarın, çardaq (kölgəlik) tikilisinin və fərdi yaşayış evinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18.12.2002-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində isə 03.01.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə nəzarət şöbəsinin məsləhətçisi S.Hümbətovun tərtib etdiyi mütəxəssis rəyində qeyd edilir ki, mübahisəli ərazi SOCAR-ın İddiaçı istismarındadır. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Maraqlı şəxs2 Başçısının 22.08.2000-ci il tarixli, 171 nömrəli sərəncamının surətindən görünür ki, X1nda yaşayan, özünə məxsus evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan, hər ailəyə 0,10 hektar hesabı ilə 20 ailəyə vermək üçün qəsəbə daxilindən, evlərarası olan sahələrdən, kənd təsərrüfatına yararsız yerlərdən X1na 2,0 hektar həyətyanı torpaq fondunun ayrılması, həmin torpaqların növbəlik əsasında, torpaq qanunvericiliyi əsas götürülməklə X1nun əmri ilə paylanmasına icazə verilməsi qərara alınmışdır. Abşeron rayonu X1 üzrə 09.12.2000-ci il tarixli, 16 nömrəli əmrindən çıxarışdan görünür ki, Maraqlı şəxs2 Başçısının 22.08.2000-ci il tarixli, 171 nömrəli sərəncamı, X1 həmkarlar komitəsinin 08.12.2000-ci il tarixli, 21 nömrəli protokoluna əsasən Sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi yaşayış evi tikmək üçün ərizə ilə müraciət edən Maraqlı şəxs1 0,02 ha torpaq sahəsi ayrılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin təqdim etdiyi SOCAR-ın İddiaçı arayışından görünür ki, X2-700 yeraltı magistral neft kəməri 1976-cı ildə istismara buraxılmışdır. Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və İddiaçı Abşeron İstehsalat Bölümü tərəfindən istismar olunur. Neft kəməri 1976-cı ildən bu günə kimi İddiaçı balansındadır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək müəyyən etmişdir ki, iş materiallarında olan Maraqlı şəxs2 22.08.2000-ci il tarixli sərəncamına əsasən cavabdehin atası Maraqlı şəxs1 fərdi yaşayış evi tikmək üçün 0,02 ha torpaq sahəsi ayrılmışdır, cavabdehin həmin sənədə istinad etməklə mübahisəli torpaq sahəsində etdiyi sahiblik qanuni sahiblikdir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Mülki Məcəllənin qeyd olunan maddənin dispozitiv şərtlərindən məlum olur ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 27.05.2021-ci il tarixli, 10/1262 nömrəli ekspert rəyində göstərilmişdir ki, tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilən zaman ölçü işləri aparılarkən Dübəndi-Böyükşor Dş-700 mm-lik magistral neft kəmərindən cavabdehin hasarına 22.0 metr, çardaq (kölgəlik) tikilisinə qədər 40.0 metr, evə qədər isə 42.60 metr olduğu müəyyən olunduğunu nəzərə aldıqda cavabdehin istifadəsində olan hasarın, çardaq (kölgəlik) tikilisinin və fərdi yaşayış evinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18.12.2002-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində isə 03.01.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Göründüyü kimi ekspert rəyi ilə təsdiq olunur ki, mübahisəli tikili magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdehin istifadəsində olan tikili buna lazımi icazələr almadan tikilmiş yaşayış evidir və Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti sayılır. Həmin ev isə magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istismarında olan Dübəndi-Böyükşor Dş- 700 mm-lik magistral neft kəmərinin 24,5-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən qanunsuz tikili inşa edilmiş olduğu iş materialları ilə öz əksini tapmışdır. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları baş verə bildiyindən burada hər an yanğın-partlayış və digər fövqəladə halların yaranması ehtimalı ola bilər. Hazırkı iş üzrə mübahisəli tikilinin inşası üçün torpaq sahəsinin ayrılması qanunauyğun olmamışdır. Çünki magistral neft kəmərinin keçməsi nəzərə alınmamışdır. Həmçinin torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması qəbul edilsə belə, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün qanunauyğun şəkildə lazımi icazələr (müvafiq icra hakimiyyətinin sərəncamı, razılıq məktubu və s.) alınmamışdır. Beləliklə müəyyən olunur ki, hazırkı işdə iddia tələblərinin qanuni əsasını təşkil edən maddələrin bütün dispozitiv şərtləri mövcuddur və iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddianı irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(010)- 116/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunsun. İddiaçı “SOCAR”ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor Dş-700 mm-lik magistral neft kəmərinin 24.5-ci km-də, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehin hesabına sökülərək həmin ərazidən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar