Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5910/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1515/2023 nömrəli 23 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı xx.xx.2022-ci ildə vəfat edən 1936-cı il təvəllüdlü X6 övladlığa götürülmüş oğludur. İddiaçının bioloji anası mərhumun bacısı X4r. Cavabdeh2 mərhumun qardaşı qızıdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28.41 kv/m olan 2 otaqlı mənzil tam mülkiyyət hüququ ilə X8 məxsus olmuş və xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 15000 manata Cavabdeh2 satılmışdır. İddiaçı 1991-ci ildən Rusiya Federasiyasında daimi olaraq yaşayır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilən çıxarışa görə ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanına dair X3 ilə cavabdeh arasında 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-1063 reyestr nömrəsi ilə qeydə alınmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, özü xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Ermənistan Respublikasından qaçqın düşdükləri vaxtdan - xx.xx.1989-cu il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Qəsəbəsi, ev 1B, 39 saylı mənzili alaraq qeydiyyata düşməklə köçüb orada atası və anası ilə birgə yaşamışdır. X15 Mahmudoviç xx.xx.1991-ci il tarixdə rəhmətə getmişdir. Atası rəhmətə getdikdən sonra Bakı şəhərində yaxşı iş tapa bilmədiyindən Rusiya Federasiyasına pul qazanmaq üçün yollanmış, orada işləyərək anasının maddi və mənəvi dəstəyini özü qarşılamışdır. Anası yaşlandığından ona baxıcı lazım olduğu üçün qohum olan Cavabdeh2 anasına baxmasını və vaxtlı-vaxtında maddi cəhətdən tələbatlarını ödəmək üçün pul göndərəcəyini və həmin puldan istədiyi zaman xərcləyə bilməsini söyləmişdir. Şövkətlə razılığa gəlmiş və Şövkət Rusiya Federasiyasından Azərbaycana anasına qulluq etməsi üçün gəlmişdir. Anası yaşlı olduğu üçün artıq yaddaşı getmişdi və demək olar ki, öz hərəkətlərinin tam olaraq mənasını başa düşə bilmirdi. Hətta ara-sıra qonşuların qapısını döyərək öz evi sanırdı. Qonşular isə bu barədə ona məlumat verirdilər. Bu səbəbdən ona qulluq edə biləcək qohumu olan Şövkətlə anasına baxması üçün razılaşmışdır. X3 xx.xx.2022-ci il tarixdə qəflətən vəfat etmişdir. Anasının 86 yaşlı ahıl qoca olduğundan yaddaşı gedib gəldiyini bilirdi, lakin hər hansısa ölümünə səbəb olacaq bir xəstəliyi yox idi. Anasının hansı səbəbdən rəhmətə getməsini Cavabdeh2 soruşduqda hər dəfə söhbətdən qaçmağa çalışmışdır. Belə ki, anasının bütün yas xərcələrini verdikdən sonra məlum olmuşdur ki, guya anası qeydiyyatda olduğu və orada uzun müddət yaşadığı evi Şövkətə satmışdır. Şövkətlə bu məsələləri aydınlaşdırmaq üçün dəfələrlə söhbət etmək istəsə də, heç vaxt danışığa gəlməmişdir. Hətta son zamanlar anasının ölüm səbəbinin Şövkət tərəfindən edilməsi barədə onda şübhələr yaranmışdır. İndi isə məlum olmuşdur ki, anasının yaşlı olmasından və yaddaş pozğunluğundan sui-istifadə edən Cavabdeh2 qeydiyyatda olduğu evi anasından 15000 manat məbləğinə alqı-satqı yolu ilə mülkiyyətinə keçirmişdir (5 saylı Bakı “Asan” Xidmət mərkəzinidə Ədliyyə Nazirliyinin notariat ofisində xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1063 № iş). Qeyd olunanları nəzərə alaraq hesab edir ki, X6 2015-ci ildən yaddaş pozuntularının müşahidə olunması, onun öz hərəkətlərinin mənasını tam başa düşmək iqtidarında olmaması, gözlərinin və qulağının zəifləməsindən istifadə edərək Cavabdeh2 ünvan 5 ünvanına dair Notariat ofisində ölümündən 5 ay əvvəl alqı-satqı yolu ilə rəsmiləşmiş 4Ə1063 reyestr nömrəsi ilə qeydə alınmış müqavilə etibarsız hesab edilməlidir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 iyun 2023-cü il tarixli 2(001)-1515/2023 nömrəli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin edilməmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, alqı-satqı müqaviləsi Asan Xidmətdə yerləşən notariat ofisində bağlanmışdır və bu zaman hər hansı ani yaddaş pozğunluğunun iradə ifadəsinin həqiqiliyini istisna etməsindən söhbət gedə bilməz. Çünki hamıya bəllidir ki, daşınmaz əmlakın notarial qaydada alqı-satqı proseduruna bir neçə saat sərf edilir (növbə, arayışlar, banka ödənilən rüsumlar, pulun köçürülməsi, notariusun hüquqi izahları və.s) və arada ani yaddaş pozuntusu olan şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi barədə dəlillər inandırıcı deyildir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı tərəfdən dindirilən şahidlər də mərhumun qısa müddətli ani yaddaş pozuntusu olduğunu bildirmiş və bu hərəkətlərin uzun müddət kəsiyində davam etdiyini göstərməmişlər. Bundan başqa iddiaçı tərəf hər iki tərəfin qəbul etdiyi və alqı-satqı müqaviləsinin bağlandığı gün mərhumun onun evindən notariusa getmiş olduğu Nailə Şərif qızının şahid qismində məhkəmədə iştirakını təmin edə bilməmişlər. Halbuki, iddiaçı tərəfdən dindirilən şahidlər Nailə Şərif qızının bu barədə kifayət qədər məlumatının olduğunu, cavabdeh tərəf də həmin şəxsin şahid qismində dindirilməsinə etiraz etmədiklərini və əksinə işin obyektiv həlli üçün əhəmiyyət kəsb edəcəklərini bildirmişdir.
6. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilən və məhkəmə iclasında tədqiq edilən videogörüntüdə mərhum X6 öz hərəkətlərinin mənasını başa düşdüyü və ya onlara rəhbərlik edə bildiyi açıq aşkar görünür. Hansı ki, həmin videoda görünən şəxsin mərhum X11 olması mübahisə doğurmur və mərhum həmin videoda X2 (videoda görünməsə də ona dediyi məlumdur) üçüncü şəxslərin soruşduğu halda ona bibisinin cehiz verdiyini deməyi tapşırır. Eyni zamanda videoda X1 Şövkət Şahbəndiyar qızına ona yaxşı qulluq etdiyini və sanki həmin cehizin onun haqqı olduğuna işarə edən ifadələr işlədir, bununla yanaşı vəsiyyət tapşırığı məzmunlu tapşırıq verir, arzularını şer kimi ifadə edir. Tədqiq edilən video görüntü həmçinin o qənaətə gəlməyə əsas verir ki, satıcının müqavilə bağlanan zaman iradə ifadəsinin qüsurlu olduğu sübut edilmiş olsaydı belə, əqd sonradan da bəyənilmişdir.
7. İddiaçı tərəfin video çəkilişin məqsədli şəkildə aparılmasına əsaslanaraq, əqdin etibarsız hesab edilməsinə dair cəhdlərini məhkəmə uğursuz hesab edir. Belə ki, cavabdehin gələcəkdə baş verə biləcək mübahisələrin qarşısını almaq məqsədilə gördüyü tədbir heç də onun vicdansızlığına və əqdin aldatma yolu bağlanmasına dəlalət etmir. Bundan əlavə iddiaçı tərəfin dəvət etdiyi şahid hətta mərhum X6 gələcəkdəki dəfn xərcləri ilə bağlı da video çəkdiyini bildirmişdir.
8. Bundan əlavə iddiaçı tərəf cavabdehin X10 aldatdığını və evin qiymətinin 15000 manat olmadığını mübahisələndirmişdir. Bununla bağlı isə məhkəmə qeyd etmişdir ki, müqavilənin aldatma yolu bağlanması ilə bağlı hər hansı sübut təqdim edilmədiyi kimi, istinad edilən hallar da öz təsdiqini tapmamışdır. Belə ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Alqısatqının qiyməti isə müqavilə azadlığı prinsipi baxımından əqdin etibarlılığını şübhə altına almır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının evin qiyməti ilə bağlı mübahisəsi və pulun aqibəti ilə bağlı etirazları əqdin etibarsız hesab edilməsindən sui-istifadədir. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Yəni iddiaçı tərəfin evin real qiymətindən xeyli ucuza satılması ilə bağlı etirazının dəlilləri və müqavilənin yalan əqd hesab edilməsi ilə bağlı cəhdləri də uğursuzdur. Yuxarıda qeyd edildiyi kimi mərhum X6 cavabdeh barəsində işlətdikləri ifadələr əmlakın bağışlanma formasında (cehiz kimi) və ya ucuz qiymətə verildiyinə işarə etsə belə, əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsini istisna etmir və nəticədə tərəflərin arzu etdikləri hüquqi nəticəyə təsir etməmişdir. Bunu mübahisələndirmək isə yuxarıda qeyd edildiyi kimi hüquqdan sui-istifadədir. Bundan əlavə iddiaçı tərəfin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, qeydiyyatda olan şəxslərin razılığının alınmaması əqdin etibarsızlığı üçün əsas deyildir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.6, 346.1, 346.3, 646.1, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Plenum Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh2 anasını aldatmış və bu işləri əvvəlcədən planlı şəkildə düzüb qoşmuşdur. Belə ki, anasının evin satılmasından məlumatı olmamışdır. Olmuş olsaydı bu barədə ən azından yaxınlarına məlumat verərdi. Bundan başqa evin satılmasında göstərilən 15000 manat təşkil etmişdir. Həmin pulu isə onun hissə-hissə anasına göndərdiyi pul olmuşdur. O pulu evdən götürərək notariusa getmişlər və iş materialllarından da göründüyü kimi əvvəlcədən notariat orqanı ilə razılaşdırılmış şəkildə alqı-satqı müqaviləsinə imza çəkdirmişlər. Planlı şəkildə əvvəlcədən düşünülmüş formada edilmiş hərəkətlə başqa bir əqdi pərdələmək üçün alqı-satqı müqaviləsi bağlanılmışdır. Çünki bağışlama müqaviləsi bağlansaydı konstitusiya məhkəməsinin qərarına əsasən bağışlanmış əmlak 2 il ərzində bağışlayan ölmüşsə vərəsə ona çatacaq payını tələb etmək hüququna malik olardı. Bu hissədən də açıq aydın görsənir ki, digər əqdi pərdələmək üçün bağışlama müqaviləsini, alqı-satqı kimi rəsmiləşdirmişlər. Alqı-satqı müqaqviləsində isə məbləğ olaraq real dəyər 70000 manat olduğu halda 15000 manat göstərilmişdir. Bu isə evin dəyərindən böyük bir məbləğdə və miqdarda fərqli məbləğ edir.
13. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə verilərək, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi və mübahisələndirilən müqavilənin Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq həmin müqaviləni tərəflər bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni bağışlama müqaviləsinin qaydaları tətbiq edilməklə, anası ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğundan əhəmiyyətsiz hesab edilməsi xahiş edilmişdir. Əlavədə göstərilmişdir ki, faktlar sübut edir ki, əslində Aşa Rəşidovanın öz sağlığı dövründə cavabdehə mübahisəli mənzili satmaq deyil, məhz bağışlamaq niyyəti olmuşdur. Lakin buna baxmayaraq cavabdeh məqsədli şəkildə müqavilənin bağışlama deyil, məhz alqı-satqı müqaviləsi kimi qeydə alınmasına nail olmuşdur ki, hazırda o, həmin mənzildən hər hansısa pay hüququnu tələb etməkdən məhrum olsun.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini və əlavəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
16. Cavabdeh2 nümayəndəsi-vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).
19. Maddə 337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4).
20. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
21. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
22. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
23. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
24. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
25. Maddə 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İddiaçı iddia tələbində alqı-satqı müqaviləsinin həm aldatma yolu ilə bağlandığını, həm də müqavilə bağlayarkən satıcının öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyini iddia edərək, alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmişdir. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə təqdim edərək, mübahisələndirilən müqavilənin Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq həmin müqaviləni tərəflər bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni bağışlama müqaviləsinin qaydaları tətbiq edilməklə, anası ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğundan əhəmiyyətsiz hesab edilməsini xahiş etmişdir.
35. Yəni, iddiaçı hazırki iddiasının faktiki əsasları kimi ona istinad etmişdir ki, cavabdeh əqd bağlandığı zaman məhrum Aşa Rəşidovanın öz hərəkətlərinin mənasını başa düşməməsindən və onlara rəhbərlik edə bilməməsindən istifadə edərək onu aldatmışdır. Ona görə də həmin əqd Mülki Məcəlləsinin 339 və 346-cı maddələrinin tələblərinə əsasən etibasız sayılmalıdr.
36. Bundan fərqli olaraq, apelyasiya şikayətində qismən, şikayətə verilmiş əlavədə isə tam olaraq iddia tələbinin faktiki və hüquqi əsasları dəyişdirilərək bildirilmişdir ki, əslində cavabdehlə mərhum Aşa Rəşidova arasında bağışlama əqdi bağlanmış, lakin gələcəkdə iddiaçını məcburi paydan məhrum etmək məqsədilə həmin əqd alqı-satqı müqaviləsi ilə pərdələnmişdir. Ona görə də mübahisələndirilən əqd Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən etibarsız hesab olunmalıdır.
37. Kollegiya qeyd edir ki, MPM-in 372.3-cü maddəsinə əsasən apellyasiya qaydasında işə baxıldıqda tərəflər yalnız iddianın hüquqi əsasını dəyişdirə bilərlər.
38. İddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi yeni iddianın verilməsi kimi qiymətləndirilir. Belə iddia isə birinci instansiya məhkəməsinin baxışının predmeti olmadığı üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin olmasını əsas gətirərək işi yeni iddia üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir.
39. İddiaçı apellyasiya şikayətinə əlavə ilə iddianın faktiki əsasını dəyişdirməyə çalışsa da, hazırki mərhələdə bu imkanı yoxdur. Ona görə də qətnamənin qanuniliyi və əsaslılığı irəli sürülmüş ilkin faktiki əsaslar üzrə yoxlanılır.
40. Mərhum iddiaçının anası, cavabdehin isə bibisi olmuşdur. İddiaçı Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh mərhumun qayğısına qalmış, ona qulluq etmişdir.
41. Mərhum özünə məxsus evi alqı-satqı müqaviləsinə əsasən 15000 manata cavabdehə satmışdır.
42. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, Azərbaycana gəldikdən sonra Rəşiddən fərqli olaraq hər zaman bibisinə öz diqqət və qayğısını göstərmişdir. Alqısatqı müqaviləsinin bağlanmasında hər hansı qanunsuz əməllərə yol verməmişdir. O, hər zaman bibisini öz valideyni kimi, bibisi isə onu öz övladı kimi görmüşdür. Buna görə də tərəfindən mənzilin alınmasında bibisinin müəyyən qədər güzəştlər etməsi tamamilə qanuni və haqlı məsələdir.
43. Təqdim edilmiş videogörüntüdə mərhum X11 cavabdehə ünvanlayaraq danışır və üçüncü şəxslər soruşduğu halda ona bibisinin cehiz verdiyini deməyi tapşırır. Eyni zamanda videoda X1 Şövkət Şahbəndiyar qızına ona yaxşı qulluq etdiyini və sanki həmin cehizin onun haqqı olduğuna işarə edən ifadələr işlədir, bununla yanaşı vəsiyyət tapşırığı məzmunlu tapşırıq verir, arzularını şer kimi ifadə edir.
44. Kollegiya hesab edir ki, mənzilin cehiz verilməsi ilə bağlı mərhum Aşa Rəşidovanın bildirdikləri birmənalı olaraq həmin mənzilin sonuncu tərəfindən cavabdehə bağışlmanması anlamına gəlmir, çünki aşkar şəkildə görünür ki, mərhum Aşa Rəşidova həmin ifadəni cavabdehi gələcəkdə (özünün ölümündən sonra) mənzillə bağlı digər qohumların mümkün iddialarından qorumaq məqsədilə işlədir.
45. Videogörüntüdən aşkar şəkildə o da müəyyən olunur ki, mərhum Aşa Rəşidova həmin vaxt tam olaraq anlaqlı olmuş, öz hərəkətlərinin mənasını dərk etmişdir. Yəni, bununla bağlı iddiaçının dəlilləri təsdiq olunmur.
46. Evin dəyəri ilə bağlı müəyyən edilmiş hallar bu nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona baxdığı üçün mərhum tərəfindən məbləğdə güzəştlər edilməsi ağlabatan və inandırıcıdır. Birinci instansiya məhkəməsində şahid ifadələrindən məlum olmuşdur ki, mərhum öləndə mənzildə 7000 manatdan çox pul olmuşdur. İstisna olunmur ki, həmin vəsait məhz cavabdehin mənzilin dəyəri kimi mərhuma ödədiyi pulun qalığı olmuşdur.
47. Kollegiya hesab edir ki, iddiaçının tələbini əsaslandığı hallar sübut edilməmiş, müqavilənin etibarsızlığı üçün istinad etdiyi hallar öz təsdiqini tapmamışdır.
48. Odur ki, məhkəmə iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas verməmişdir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1515/2023 nömrəli iş üzrə 23 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.