Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5911/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra – MTK), Cavabdeh2, Rzayeva (Babayeva) Ləman Elsever qızı və Cavabdeh4 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pul tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 18 mart 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili (nümayəndəsi) X2 iştirakları ilə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MTK ilə Cavabdeh3 arasında bağlanmış, ona məxsus olan ünvan 1 ünvanda yerləşən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsinin 90.000 manata Cavabdeh3 satılması barədə 12.11.2013-cü il tarixli “kooperativ binada sahənin tikintisi haqqında” müqavilənin tam və ona məxsus olan ünvan 1 ünvanda yerləşən sahəsi 24 kv.m olan qarajın (avtomobil dayanacağının) Cavabdeh3 15.000 ABŞ dollarına, həmin vaxtın məzənnəsi ilə 11.700 manata satılması barədə 20.02.2014-cü il tarixli “kooperativ binada sahənin tikintisi haqqında” müqavilənin ona məxsus qaraja aid hissədə etibarsız hesab edilməsi, Cavabdeh2 və Ləman (Babayevadan) Rzayevadan müştərək qaydada 83.800 manat pulun, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 29.100 manat pulun, ona vurduğu mənəvi ziyana görə MTK-dan 10.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10.06.2009-cu il tarixli müqaviləyə əsasən sahəsi 24 kv.m olan qarajı, 1 kv.m 450 manata olmaqla 10.800 manata və 07.01.2011-ci il tarixli müqaviləyə əsasən sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsini, 1 kv.m 1.200 manata olmaqla 120.000 manata MTK-dan almışdır. İddiaçı aldığı əmlakların dəyəri tam olaraq MTK-ya ödənilmişdir. Cavabdeh4 2011-ci ildən 2017-ci ilin aprel ayınadək MTK-nın (iddia ərizəsində qeyd edilən ünvanda) inşa etdiyi çoxmərtəbəli yaşayış binasının komendantı işləyərkən, iddiaçı ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə özgə əmlakını ələ keçirmə məqsədilə MTK ilə iddiaçı arasında bağlanmış 10.06.2009-cu və 07.01.2011-ci il tarixli müqavilələrə əsasən ona məxsus olan qeyri-yaşayış sahəsini 12.11.2013-cü il tarixli müqaviləyə əsasən 90.000 manata, qarajı isə 20.02.2014-cü il tarixli müqaviləyə əsasən 15.000 ABŞ dollarına qanunsuz olaraq hazırkı mülki iş üzrə cavabdehlərə satmışdır. Cavabdeh4 iddiaçıya məxsus olan qeyriyaşayış sahələrini Cavabdeh3 vasitəsilə Cavabdeh2 satması barədə iddiaçıya bildirməmiş və həmin qeyri-yaşayış sahələrinin satılmasına görə əldə edilmiş puldan iddiaçıya verməmişdir. 2017-ci ildə bina dövlət ehtiyacları üçün söküldüyünə görə binadakı yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri qabaqcadan məlumatlandırılmış, dövlət tərəfindən qeyri-yaşayış sahəsinin sahiblərinə hər kv.metrə görə 1.700 manat, avtomobil dayanacağının (qarajın) hər kv.metrinə görə isə 1.500 manat kompensasiya təklif edilmişdir. MTK-nın rəhbərliyi, o cümlədən Cavabdeh4 tərəfindən iddiaçıya qəsdən məlumat verilməmişdir. Binanın sökülməsi barədə başqalarından eşitdikdən sonra iddiaçı kompensasiya ödənilməsinə köməklik göstərməsi barədə Cavabdeh4 müraciət etmiş, sonuncu iddiaçıya kömək edəcəyini vəd etsə də, müxtəlif yalan vədlər verərək qeyd olunan qeyri-yaşayış sahəsi və qaraja görə kompensasiya almasına mane olmuş, həmin əmlakların əslində başqasına satdığını iddiaçıdan gizlətmişdir. İddiaçıya məxsus əmlak başqa şəxsə satıldığı iddiaçıya məlum olan kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yazılı şikayət etmişdir. Bundan sonra fakta görə cinayət işi başlanmış, Cavabdeh4 iddiaçıya qarşı dələduzluq cinayəti törətdiyi, iddiaçıya məxsus olan qeyriyaşayış sahəsini və qarajı qanunsuz olaraq başqasına satdığı üçün cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Cavabdeh2 Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti ilə Ləman Babayeva arasında bağlanmış 23.05.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsini 176.800 manata, qarajı isə 36.000 manata satmaqla, iddiaçıya maddi zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2018-ci il tarixli hökmü (İş № 1(101)-263/2018) ilə Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçının iddiası təmin edilmiş, Cavabdeh4 iddiaçıya məxsus olan əmlakların qanunsuz satılmasından əldə etdiyi 101.700 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçıya məxsus olan əmlakların satışından əldə edilmiş 212.800 manat vəsaitdən hökmlə tutulmuş 101.700 manat çıxılmaqla, qalan 111.100 manat vəsait iddiaçıya qaytarılmalıdır. İddiaçının əmlakları almaq üçün ödədiyi 130.800 manatdan, hökmlə tutulan 101.700 manat çıxılmaqla, qalan 29.100 manat vəsait iddiaçıya ödənilməlidir. Çünki Cavabdeh2 əmlakların alınması zamanı ümumi 101.700 manat ödəmişdir. 111.100 manatdan qalan 83.800 manat isə Cavabdeh2 və Ləman Babayevadan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyri-yaşayış sahəsinə dair MTK ilə Ləman Babayeva arasında bağlanmış 12.11.2013-cü il tarixli müqavilə və qaraja dair 20.02.2014-cü il tarixli müqavilə etibarsız hesab edilməlidir. Həmçinin, iddiaçıya vurduğu mənəvi ziyana görə MTK-dan 10.000 manat pulun alınaraq iddiaçıya verilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Babayeva) iddia tələbinə etiraz edərək, etirazı onunla əsaslandırmışlar ki, Cavabdeh3 12.11.2013-cü il tarixli müqaviləyə əsasən mübahisəli qeyri-yaşayış sahəsini 88.400 manata və 20.02.2014-cü il tarixli müqaviləyə əsasən isə qarajı 36.000 manata MTK-dan almışdır. Cavabdeh3 aldığı qeyri-yaşayış sahəsinin və qarajın pay dəyərini tam olaraq MTK-ya ödəmişdir, onun MTK-ya borcu yoxdur. Daha sonra, Yasamal Rayon İcra Hakimiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 23.05.2017-ci il tarixli müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin söküntü ərazisinə düşməsinə görə dövlət proqramı çərçivəsində Yasamal RİH-dən 176.800 manat kompensasiya verilmiş və o, qeyri-yaşayış sahəsindən RİH-nin xeyrinə imtina etmişdir. Həmçinin, Yasamal RİH ilə Cavabdeh3 arasında bağlanmış 23.05.2017-ci il tarixli müqaviləyə əsasən qarajın söküntü ərazisinə düşməsinə görə dövlət proqramı çərçivəsində Yasamal RİH-dən 36.000 manat kompensasiya almış və qarajdan RİH-nin xeyrinə imtina etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.03.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının 10.09.2009-cu il tarixli və 07.01.2011-ci il tarixli müqavilələrə əsasən ümumilikdə 130.800 manat ödəməklə MTK-dan əldə etdiyi qeyri-yaşayış sahəsinin və qarajın Cavabdeh4 tərəfindən cinayət yolu ilə özgəninkiləşdirildiyinə görə vurulmuş maddi zərərin əvəzi kimi hökmlə Cavabdeh4 iddiaçının xeyrinə tutulmuş 101.700 manat çıxılmaqla, qalan 29.100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 29.130 manat pulun Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsi qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul edərək tam əsaslı olan iddia tələbinin bir qismini təmin etməmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, mübahisəli əmlaklar cinayət yolu ilə özgəninkiləşdirilmişdir. Buna görə də digər cavabdehlərin vicdanlı alıcı olması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 111.100 manatdan qalan 83.800 manat pul tutulmalıdır. Çünki cavabdehlər həmin əmlaklardan Yasamal RİH-nin xeyrinə imtina etmiş, əvəzində onlara kompensasiya verilmişdir. Həmin kompensasiya isə iddiaçıya çatmalıdır. Cavabdeh3 və Cavabdeh2 birgə vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. Cavabdeh4 və cavabdeh MTK-nın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələbinin bir qismi, yəni Cavabdeh4 cəmi 29.130 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə tələb təmin edilsə də, Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin iddiaçı tərəfindən mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış 10.06.2009-cu il tarixli müqavilədən görünür ki, iddiaçı yuxarıda qeyd edilən və sahəsi 24 kv.m olan qarajı, 1 kv.metri 450 manata olmaqla 10.800 manata MTK-dan satın almışdır. MTK-nın verdiyi 12.08.2009-cu il tarixli, X-1/14 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı qarajın dəyərini tam olaraq MTK-ya ödəmişdir və onun borcu qalmamışdır. MTK ilə iddiaçı arasında bağlanmış 07.01.2011-ci il tarixli müqavilədən görünür ki, iddiaçı yuxarıda qeyd edilən və sahəsi 103 kv.m olan qeyri-yaşayış sahəsini, 1 kv.metri 1.200 manata olmaqla 120.000 manata MTK-dan satın almışdır. MTK verdiyi 07.01.2011-ci il tarixli, X-0/02 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin dəyərinin 50%-ni MTK-ya ödəmişdir. MTK verdiyi 03.08.2015-ci il tarixli, X-01/17 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin dəyərini tam olaraq MTK-ya ödəmişdir və onun borcu qalmamışdır. MTK ilə Ləman (Rzayeva) Babayeva arasında bağlanmış 12.11.2013-cü il tarixli müqavilədən görünür ki, L.Babayeva mübahisəli qeyri-yaşayış sahəsini 1 kv.metri 850 manata olmaqla 88.400 manata MTK-dan satın almışdır. MTK verdiyi 02.02.2015-ci il tarixli, X-01/03 nömrəli maliyyə arayışından görünür ki, Ləman Babayeva qeyri-yaşayış sahəsinin pay dəyərini tam olaraq Cavabdeh1 MTK-ya ödəmişdir və onun borcu qalmamışdır. MTK ilə Ləman Babayeva arasında bağlanmış 20.02.2014-cü il tarixli müqavilədən görünür ki, L.Babayeva mübahisəli qarajı 1 kv.metri 670 manata olmaqla 36.000 manata MTK-dan satın almışdır. MTK-nın verdiyi 20.02.2014-cü il tarixli, X-02/22 nömrəli maliyyə arayışından görünür ki, L.Babayeva qarajın dəyərini tam olaraq MTK-ya ödəmişdir və onun borcu qalmamışdır. Yasamal RİH ilə Ləman Babayeva arasında Bakı Şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış 23.05.2017-ci il tarixli, 3M-345 reyestr nömrəli müqavilədən görünür ki, L.Babayeva mübahisəli qeyri-yaşayış sahəsinə görə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar RİH-dən 176.800 manat kompensasiya aldığı üçün qeyri-yaşayış sahəsindən RİH-nin xeyrinə imtina etmişdir. Yasamal RİH ilə Ləman Babayeva arasında 19-cu Notariat Kontorunda bağlanmış 23.05.2017-ci il tarixli, 3M-346 reyestr nömrəli müqavilədən görünür ki, L.Babayeva mübahisəli qaraja görə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar RİH-dən 36.000 manat kompensasiya aldığı üçün qarajdan RİH-nin xeyrinə imtina etmişdir. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh4 2011-ci ildən 2017-ci ilin aprel ayınadək MTK-nın ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının komendantı işləyərkən, MTK-nın sədri, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X4 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə özgə əmlakını ələ keçirmə məqsədilə MTK ilə hazırki iş üzrə İddiaçı arasında bağlanmış 10.06.2009-cu il və 07.01.2011-ci il tarixli müqavilələrə əsasən İddiaçı məxsus olan mübahiəsli qeyri-yaşayış sahəsini 12.11.2013-cü il tarixli müqaviləyə əsasən 90.000 manata, mübahisəli qarajı isə 20.02.2014-cü il tarixli müqaviləyə əsasən 15.000 ABŞ dollarına (11.700 manat) hazırki iş üzrə cavabdeh Ləman Babayevaya satmaqla, əldə edilmiş 101.700 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirərək İddiaçı maddi zərər vurmuşdur. İddiaçı ona məxsus həmin əmlakın başqa şəxsə satıldığını öyrəndikdən sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. Bundan sonra fakta görə cinayət işi başlanmış, Cavabdeh4 iddiaçıya qarşı dələduzluq cinayəti törətdiyi, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsini və qarajı qanunsuz olaraq başqasına satdığı üçün cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2018-ci il tarixli hökmündən (İş № 1(101)- 263/2018) görünür ki, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, CM-nin 178.3.2-ci maddəsi ilə 02 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını tam, əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə ona qəti olaraq 03 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 04.10.2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə eyni zamanda zərərçəkmiş şəxs (iddiaçı) İddiaçı və X1 mülki iddiası tam, X3 mülki iddiası isə qismən təmin edilmiş, Cavabdeh4 101.700 manat zərərçəkmiş şəxs İddiaçı xeyrinə, 280.500 manat zərərçəkmiş şəxs Y.Hüseynovun xeyrinə, 192.340 manat isə zərərçəkmiş şəxs D.Həsənovun xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 29.05.2019-cu il tarixli qərarı (İş № 1(103)-477/2019) ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2018-ci il tarixli hökmü apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 21.01.2020-ci il tarixli qərarından (İş № 1(102)-28/2020) görünür ki, zərərçəkmiş İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh4 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29.05.2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi bu hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi qərarında vurğulamışdır ki, məhkum Cavabdeh4 zərərçəkmiş şəxs İddiaçı qarşı dələduzluq etməklə ona 101.700 manat zərər vurması barədə işə baxmış məhkəmələrin gəldikləri nəticə əsaslıdır və heç bir şübhə doğurmur. Lakin İddiaçı qarşı dələduzluq epizodu üzrə Cavabdeh4 211.000 manat zərər vurmaqla dələduzluq etməsi, yəni konkret olaraq məhkuma 109.300 manat əlavə ittiham verilərək təqsirli bilinməsi anlaşılan deyil və heç bir sübuta söykənmir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 12.08.2020-ci il tarixli qərarı (İş № 1(103)-518/2020) ilə zərərçəkmiş şəxs İddiaçı məhkum Cavabdeh4 apellyasiya şikayətləri qismən təmin edilmiş, Cavabdeh4 CM-nin 178.3.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Cavabdeh4 CM-nin 178.3.2-ci maddəsi ilə 2 il 6 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası 07 ilə endirilsin və onun üzərində qəti olaraq 2 il 6 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökmdən CM- nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaların toplanması barədə müddəa xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qəbul etdiyi 12.08.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, törədilmiş cinayət əməli nəticəsində İddiaçı vurulmuş ziyanın miqdarı, Cavabdeh4 əmlakları satmasından əldə etdiyi gəlir olan pul məbləği ilə yox (həmin pul məbləğini ona Cavabdeh2 ödəmişdir), İddiaçı qeyd olunan əmlaklara dair hüquqlarının yaranması üçün MTK-ya ödədiyi pay haqqının miqdarı ilə müəyyən edilməlidir və həmin pul məbləğinin miqdarı yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi 130.800 manat təşkil edir. Məhkəmə bildirir ki, apellyasiya şikayəti vermiş iddiaçının dəlillərindən biri 12.11.2013-cü il və 20.02.2014-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədədir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, mübahisəli əmlaklar müvafiq olaraq 10.06.2009-cu il və 07.01.2011-ci il tarixli müqavilələrə əsasın iddiaçıya satılmış, o, müqavilələr ilə üzrə düşən öhdəliklərini tam icra etmiş, əmlakların dəyərini tam ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh MTK həmin əmlakları müvafiq olaraq qanunsuz və əsassız 12.11.2013-cü il tarixli və 20.02.2014-cü il tarixli müqavilələrə əsasən cavabdeh L.Babayevaya satmışdır. Bundan sonra, L.Babayevaya 176.800 manat qeyri-yaşayış sahəsinə görə, 36.000 manat qaraja görə Yasamal RİH tərəfindən kompensasiya ödənilmiş və o, həmin əmlaklardan RİH-nin xeyrinə imtina etmişdir. Məhkəmə bildirir ki, mübahisəli əmlaklara dair bağlanmış müqavilələrin etibarsızlığı barədə tələb əsassızdır. Belə ki, mübahisəli əmlakların əvvəl L.Babayevaya satılması, daha sonra sonuncu tərəfindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar kompensasiya əvəzində RİH-nin xeyrinə imtina edilməsi işin müəyyən olunmuş mübahisəsiz halıdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Qeyd edilən qərara əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16.08.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.02.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.09.2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə sonuncu müqavilələr üzrə cavabdehlər vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, müqavilələrin etibarsızlığı barədə tələbin təmin edilməsi qeyri-mümkün hesab edilməlidir. Bundan başqa, iddiaçının iddia tələbindən də görünür ki, o, əmlakların dəyərini də tələb edir. İddiaçının həm müqavilələrin etibarsızlığını, həm də əmlaklarının əlindən çıxmasına görə onların dəyərini tələb etməsi anlaşılan deyil. Məhkəmə hesab edir ki, əmlakların əldən çıxmasına görə pulun ödənilməsinin tələb edilməsi iddiaçının pozulmuş hüququnun əvəzinin alternativ qaydada bərpası deməkdir. Məhkəmə pozulmuş hüququn bərpası üçün hər iki tələbin irəli sürülməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Baxmayaraq ki, əmlakların cavabdehə satılması cinayət əməlidir, hər bir halda iddiaçının pozulmuş hüququnun bərpası iki alternativ tələbdən birinin təmin edilməsi yolu ilə həyata keçirilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, işə baxan Rayon Məhkəməsi 29.130 manat pulun cavabdeh A. Həsənovdan tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2018-ci il tarixli hökmü ilə zərərçəkmiş hazırki iş üzrə İddiaçı mülki iddiası təmin edilməklə, ona vurulmuş 130.800 manat zərərin 101.700 manat hissəsi Cavabdeh4 zərərçəkmiş şəxs İddiaçı xeyrinə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçı mübahisəli əmlakları almaq üçün 130.800 manat pul ödəmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 12.08.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin və qarajın törədilmiş cinayət əməli nəticəsində əlindən çıxmasına görə, vurulmuş maddi zərərin ümumi məbləği 130.800 manat təşkil edir. MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya vurulmuş 130.800 manat zərərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.12.2018-ci il tarixli hökmü ilə tututulmuş 101.700 manat hissəsi çıxılmaqla, qalan 29.100 manatı zərərvuran Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ona vurulmuş ziyanı mənzillərə görə tərəfindən ödədiyi məbləğlə yox, həmin əmlakların sonradan satışı zamanı müəyyən olunmuş məbləğlə hesablayır. Bu məqsədlə də iddiaçı hesab edir ki, hazırda ona ödənilməmiş qalan məbləğ 111.100 manatdır. 111.100 manatdan qalan 83.800 manat isə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməlidir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qəbul etdiyi 12.08.2020-ci il tarixli qərarından görünür ki, törədilmiş cinayət əməli nəticəsində İddiaçı vurulmuş ziyanın miqdarı, Cavabdeh4 əmlakları satmasından əldə etdiyi gəlir olan pul məbləği ilə yox (həmin pul məbləğini ona Cavabdeh2 ödəmişdir), İddiaçı qeyd olunan əmlaklara dair hüquqlarının yaranması üçün MTK-ya ödədiyi pay haqqının miqdarı ilə müəyyən edilməlidir və həmin pul məbləğinin miqdarı yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi 130.800 manat təşkil edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi və apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Apellyasiya şikayətinin sonuncu dəlili iddiaçıya vurulmuş mənəvi ziyanla bağlıdır. Məhkəmə, iddianı maddi və mənəvi zərərin tələb edilməsi hissəsində də əsassız hesab edərək qeyd edir ki, iddiaçı ona mənəvi zərər dəydiyini, yaşadığı mənəvi ziyana görə ona pul formasında təzminat ödənilməsini tələb etsə də, mənəvi zərərin dəyməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 18 mart 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5911/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5911/2021
23.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver