Məhkəmə qərarları › İş №2(103)-5913/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5913/2022

23.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5913/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və Bakı şəhəri 19 saylı dövlət notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1675/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və Bakı şəhəri 19 saylı dövlət notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1675/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinin tələblərinə əsasən iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Qeyd olunan qərardaddan iddiaçı şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3650/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinə xx.xx.2016-ci il tarixdə 19 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia verilmişdir. Lakin məhkəmə hazırki qərardadla İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz ƏmlakınDövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi və Bakı şəhəri 19 saylı dövlət notariat kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina etmişdir. Məhkəmə qərardadından belə anlaşılır ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mühüm şərt mövcud olmadan notariat hərəkətləri aparıldığından notariusun hərəkətlərinin qanunsuzluğu mübahisələndirilməlidir. İddiaçı da məhz bunu mübahisələndirərək məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində məhz notariat hərəkətlərinin qanuniliyi mübahisələndirilərək vərəsəlik haqqında şəhadətnamənin ləğvi tələb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1675/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1133.1, 1151.1, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 11, 42, 59, 60-ci maddələrinə əsaslanmış mövqeyinə görə, iddiaçı 22 iyun 2016-cı il tarixdə 19 saylı notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini tələb edir. 22 iyun 2016-cı il tarixdə 19 saylı notariat kontoru tərəfindən Cavabdeh1 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 47, mənzil 15 xx.xx.2013-cü il tarixdə alğısatqı müqaviləsi üzrə İddiaçı satıldığından və xx.xx.2013-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına keçdiyindən mirasa daxil olmamışdır. “Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mühüm şərt mövcud olmadan notariat hərəkətləri aparıldığından notariusun hərəkətlərinin qanunsuzluğu mübahisələndirilməlidir Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, məhkəmənin mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə tətbiq etdiyi maddi hüquq normaları işin hallarına uyğun olmamaqla yanaşı, vahid məhkəmə təcrübəsindən irəli gələn məsələlərə də uyğun olmamışdır. Belə ki, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin Qərara əsasən, konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki işin hallarından isə görünür ki, iddiaçı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia ərizəsinə mahiyyəti üzrə notariat hərəkətlərindən şikayət kimi hüquqi qiymət verməsi ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, Plenumun qərarına əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinə “notariat hərəkətlərindən şikayət” kimi hüquqi qiymət verməkdə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1675/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələyə yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar