Məhkəmə qərarları › İş №2(103)-5915/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5915/2024

28.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5915/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Cavabdeh2 ASC, Cavabdeh3 MTK və Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı1 nümayəndəsi X6, İddiaçı4 nümayəndəsi X7, İddiaçı3 nümayəndəsi Nümayəndə, İddiaçı2 Nəsrulla oğlu, İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı2 Nəsrulla oğlunun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Cavabdeh2 ASC, Cavabdeh3 MTK və Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2005-ci tarixdə verilmiş istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 05/330 saylı Ayrıc Aktından görünür ki, Cavabdeh2 ASC-yə yaşayış binalarının tikintisi və layihələndirilməsi üçun Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə qeyri-yaşayış sahəsinin yerində ayrılmış torpaq sahəsinin sərhəd xətləri və koordinatları müəyyən edilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 27 aprel 2005-ci il tarixli 107 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ASC-yə Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə, qeyri-yaşayış sahəsinin tutdığu 0,3 torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə həmin cəmiyyətə icazə verilmişdir.

3. Sifarişçi Cavabdeh2 ASC ilə icraçı "xxxx" MTK arasında xx.xx.2005-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 27 aprel 2005-ci il tarixli 107 nömrəli Sərəncamı ilə Cavabdeh2 ASC-yə özünəməxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə razılıq verilməsi qeyd edilməklə həmin müqavilə ilə Cavabdeh2 ASC özünəməxsus Bakı şəhəri Xətai prospekti 787-ci məhəllədə olan 0.3 hektar sahədə yaşayış binasının tikintisinin "xxxx" MTK-ya həvalə edilməsi haqqında bağlanmışdır.

4. Cavabdeh2 ASC ilə Cavabdeh3 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış podrat müqaviləsinin surətindən görünür ki, həmin müqavilə tərəflərin Bakı şəhəri İ.H-nin başçısının xx.xx.2005-ci il tarixli 107 saylı sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu Xətai pr. 42- (787-ci məhəllə) 3000 kv.metr torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürməsi, yaşayış binasının tikintisini Cavabdeh2 ASC-nin sifarişi əsasında Cavabdeh3 MTK-nın həyata keçirməsi haqqında bağlanmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 ASC arasında xx.xx.2011-ci il tarixdə bağlanmış "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi” № 3170 müqavilədən görünür ki, həmin müqavilə xx.xx.2009-cu il tarixli 504 saylı X2 Reyestrinə əsasən alıcının adına qeydiyyata alınmış Bakı şəhəri Nəsimi rayonu, Ş.İ.Xətai prospekti 42 ünvanda qeyri-yaşayış binasının istifadəsində olan 9757.3 kv.m torpaq sahəsinin 257593 manata satması, alıcının isə həmin torpaq sahəsinin tam dəyərinin ödənilməklə satın alması haqqında bağlanmışdır.

6. xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda sahəsi 0.97573 ha olan xüsusi mülkiyyət olaraq Cavabdeh2 ASC-yə məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Cavabdeh2 ASC-yə, Cavabdeh3 MTK-ya və Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, eləcə də cavabdehlər "xxxx" ASC və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanda yerləşən kooperativ bina sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40A ünvanda yerləşən kooperativ binada yaşayırlar ki, binanın mənzillərini “Bəm-Bəyaz" MTK-dan fərdi müqavilələr əsasında əldə etmişlər. Həmin kooperativ rəhbərliyi ilə aralarında mənzil-məişət məsələləri, o cümlədən liftdən istifadə, binanın yerləşdiyi həyət ərazisinə şəxsi maşınlarla giriş-çıxış və onların saxlanması, habelə kommunal xidmətlərlə bağlı mübahisələr baş vermişdir ki, həmin mübahisələr üzrə məhkəmə çəkişmələri olmuşdur. Həmin çəkişmələrin nəticəsi olaraq sakinlərin həyət ərazisinə şəxsi maşınlarla giriş-çıxışına və onların həyətdə saxlanmasına, eləcə də liftdən istifadəyə məhdudiyyət aradan qaldırılsa da, bundan sonra yeni bir üsula əl atılmış, maşınların həyətdə saxlanmasına yalnız ödənişli əsaslarla icazə verilmişdir. Habelə, sakinlərin binanın həyətində istirahət və gəzintisi "xxxx" ASC-nin, eləcə də "xxxx" MTK-nın binada və binanın həyətində hegemonluq və özbaşınalıq edən əməkdaşları tərəfindən bütünlüklə məhdudlaşdırılmışdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2SC-yə və qeyrilərinə qarşı alğı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi və sairə tələbinə dair iddiası təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılardan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, müxbir hesab AZ41NABZ********************) ödənilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2011-ci il tarixli 3170 №-li müqavilənin etibarlılığını şübhə altına alan hal müşahidə edilmir. Əksinə tərəflərin bağladıqları əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə ifadəsi və onun bildirilməsi vahidliyinin mövcudluğu, iradə ifadəsinin zədələnmədiyi, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması müəyyən edilir. Bundan əlavə işin araşdırılmış hallarından aydın olur ki, xx.xx.2011-ci il tarixli 3170 №-li müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıların etibarsız hesab edilməsi tələb olunan müqavilənin nəticələri onların hər hansı hüquqlarına toxunmur. Belə ki, həmin müqavilənin predmetinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqları olmadığı üçün onların sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Məhkəmə iddia tələbinin "xxxx" ASC və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanda yerləşən kooperativ bina sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyət kimi tam olaraq Cavabdeh2 ASC-yə məxsusdur. Cavabdeh2 ASC özünəməxsus Bakı şəhəri Xətai prospekti 787-ci məhəllədə olan 0.3 hektar sahədə yaşayış binasının tikintisini podrat müqaviləsinə əsasən "xxxx" (Bəm Bəyaz) MTK-ya həvalə etməklə tikintisi reallaşdırılmış binanın mənzilləri sonuncu tərəfindən satılmışdır. Lakin, torpaq sahəsi Cavabdeh2 ASC-nin xüsusi mülkiyyətində qalmaqdadır. Cavabdeh2 ASC mülkiyətçi kimi ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Odur ki, iddiada göstərilən halların heç bir hüquqi əsası olmamaqla təmin edilməməlidir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1, 227.2, 331.1, 337.1, 405.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3 apellyasiya şikayətləri verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-156/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər.

13. Apellyasiya şikayətlərində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə,yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra - mənzil münasibətləri iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə,yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.Mənzil Məcəlləsinin 112.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Mənzil Məcəlləsinin (Vİ fəsil) 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillər arası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Göründüyü kimi, məhkəmə iş üzrə iddiaçıların yuxarıda göstərilən normalardan irəli gələn subyektiv hüquqlarına və qanuni mənafelərinə qətiyyən əhəmiyyət verməmiş, formal və subyektiv mülahizələrə əsaslanaraq tamamilə qanuni və əsaslı olan iddia tələbini təmin etməmiş, iş üzrə qətnamə sadalanan normaların tələbləri pozulmaqla çıxarılmış, mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlar (ən başlıcası isə mülkiyyət hüququ) binanın mənzil mülkiyyətçilərinə məxsus olduğu halda həmin hüququ pozmuşdur ki, belə olan halda iş üzrə məhkəmə qətnaməsi apellyasiya icraatı qaydasında ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, binanın su anbarının yerləşdiyi torpaq sahəsini də satıblar. "xxxx" ASC qanunsuzluq edir. Qonşu maşını saxlayanda Cavabdeh3 MTK-nın sədri heç bir səlahiyyəti olmadan qonşunun işıqlarını söndürdüb. Polis bölməsinə şikayət edilib. Aidiyyəti qurumun əməkdaşları gəlib. MTK-nın sədri Ə.İsmayılov bildirib ki, həmin şəxs maşını saxladığı yerdən götürsün, sonra işıqlar yandırılacaq. Bu özbaşınalıqdır. Rayon məhkəməsində bu hadisələrə münasibət bildirməsi üçün vəsatət vermişdilər. Bina üçün ayrılmış sahəni ASC sonradan qanunsuz şəkildə satmışdır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Aldığı mənzildə rahat yaşayış mümkün deyil. Vəsatət təmin edilməlidir. Bina tikiləndən sonra özəlləşdirilə və satıla bilməzdi. Binanın həyəti ümumi sakinlərə aiddir. Binanın su anbarının yerləşdiyi torpaq sahəsini satıblar. 2012-ci ildə alğısatqı olunub.Torpaq Məcəlləsinin, Mülki Məcəllənin normaları pozulub. Maşını həyətdə saxlamağa icazə verilmir. Maşını saxlayan kimi mühafizəçi yaxınlaşır. Həyətdə icazə verilmir ki, rahat gəzsinlər. MTK-nın sədri Ə.İsmayılova məxsusdur. Torpaq sahəsi qanunsuz alğı-satqı edilib. 2015-ci ildə çıxarış almaq üçün Əmlak Komitəsinə müraciət etmişdi, çıxarış verilməsindən imtina edildi. Əmlak Komitəsinin Cavabdeh3 MTK üçün ayırdığı sahəni ASC özəlləşdirib, satıb. 30 sot torpaq sahəsi sərəncamla ayrılıb, o da mübahisələndirilməyib.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı4 nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, MTK-nın sədri Ə.İsmayılov işıqlarını söndürüb ki, maşını həyətdə onun yerində saxlamış. Polis bölməsinə müraciət edilib. O zaman da bildirib ki, maşını götürəndən sonra işıqlar yandırılacaq. Bütün bunlar qanunsuzdur.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı3 nümayəndəsi Mə1ətov Ruslan İsa oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, mütəxəssis rəyinə əsasən "xxxx" ASC-yə məxsus 5419,5 kv.m. torpaq sahəsində 0,3 ha hissə ayrılıb və ayrılmış 0,03 ha olan sahədə bina inşa edilib. Lakin, 24 sot torpaq sahəsi qalıb. Torpaq Məcəlləsinin 60,86.2-ci maddələrini pozublar. Qeyri-yaşayış yeri sökülmədən bina tikilib.30 sot torpaq sahəsi bina tikintisi üçün ayrılmışdı. ASC 24 sotu özəlləşdirə bilərdi. Binanın su anbarının yerləşdiyi torpaq sahəsi satıla bilməzdi.43 sot torpaq sahəsi qanunsuz özəlləşdirilib.

18. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Nəsrulla oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdiyini bildirir.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı1, İddiaçı4 və İddiaçı2 Nəsrulla oğlunun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçılar uzun müddətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40A ünvanda yerləşən kooperativ binada yaşayırlar. "xxxx" ASC binanın sakinlərinə zülmlər edir, onların işıqlarını kəsir, həyətlərdə maşınlarını rahat saxlamağa icazə vermir. Blok çıxışında xətt çəkilib, iddiaçılar rahat hərəkət edə bilmir. İddiaçılar binadan əziyyətlə mənzil alıblar, ödəniş ediblər. İddiaçıların Konstitusiyada təsbit edilmiş hüquqları pozulub, Mənzil Məcəlləsinin 35-ci maddəsindəki norma pozulub. Mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlar xüsusilə mülkiyyət hüququ binanın mənzil mülkiyyətçilərinə məxsus olduğu halda həmin hüququ pozulmuşdur. Məhkəmə mübahisəni düzgün həll etməmiş, iddiaçıların müstəsna hüquqlarını pozmuşdur. Cavabdeh2 ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2011-ci il tarixli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsi” bağlanmışdır.Həmin müqavilə əsassızdır. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər etibarsızdır.Hazırkı işdə “hakimiyyət” subyekti Əmlak Məsələləri Dövlət Komitəsidir. Bağlanılan müqavilə etibarsızdır.Məhkəmə iddiaçıların subyektiv hüquqa malik olmadıqları nəticəsinə gəlmişdir.İddiaçıların həyətdə durmaqlarına icazə vermirlər. İddiaçıların kontitusion hüquqları pozulub. İddiaçılar hüquqlarını rahat həyata keçirə bilmirlər. Ekspert mövcud vəziyyətə əsasən rəy verib. Binanın yerləşdiyi torpaq sahəsi özəlləşib. 2009-cu ildən iddiaçılar ora köçüblər, daha sonra da müqavilə bağlanılıb. Binanın həyətində gəzən kimi mühafizəçi yaxınlaşır, icazə verilmir. Mülki Məcəllə, Torpaq Məcəlləsi, Mənzil Məcəlləsinin normaları pozulub. Torpaq Məcəlləsinin 35-ci maddəsindəki norma pozulub. Hazırkı işdə “hakimiyyət” subyekti Əmlak Məsələləri Dövlət Komitəsidir. Əmlak Komitəsi hüququndan sui-istifadə edib. Bağlanılan müqavilə etibarsızdır. İddia tələbi bir-biri ilə əlaqəlidir. Müqavilə etibarsız hesab edilsə sərhəd ölçüləri müəyyən ediləcək. Beləliklə, iddiaçıların haradan istifadə edə biləcəkləri dəqiqləşəcək. Buna görə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsin xahiş etmişdilər.

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, rayon məhkəməsində 1 ildən çox araşdırma getmişdir. Apellyasiya şikayətində qeyd olunan məsələlərə rayon məhkəməsində qiymət verilib.İddiaçılar müxtəlif dövlət orqanlarına şikayətlər veriblər. Qərəzli mövqe göstərirlər. Onlar həyətdən istifadə edirlər, maşınlarını saxlayırlar, həyətdə gəzirlər. Rayon məhkəməsinin qətnaməsi əsaslıdır.Hazırkı işdə Mülki Məcəllənin 339.1-ci maddəsində göstərilən hal da yoxdur. Alğı-satqı müqaviləsi zamanı qanunvericiliyin heç bir tələbi də pozulmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatət rayon məhkəməsində verilib, təmin edilməmişdir. Vəsatət əsassızdır. İddiaçılar qərəzli mövqe göstərirlər. Digər mülki işlə bağlı qüvvəyə minmiş qətnamə var, icra mərhələsindədir, şikayət verə bilərlər. Ekspertiza rayon məhkəməsində keçirilib hətta iclasda mütəxəssis də dinlənildi. Həyətin bir hissəsi ASC-yə məxsusdur. Bu barədə qüvvəyə minmiş qətnamə var. Həyətin bir tərəfi ASC-nin, digər tərəfi də sakinlərə məxsusdur. Nədənsə bu məsələ ancaq iddiaçılar da problem yaradır.Şəkilləri təqdim ediblər, maşınlarını saxlayırlar, heç bir məhdudiyyət yoxdur.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirir ki, rayon məhkəməsinin qətnaməsi əsaslıdır. Binanın 3 bloku var. Özəlləşdirmənin qadağan olduğu yerlər konkret olaraq qanunda göstərilib. Mübahisələndirilən sahə dövlət mülkiyyətində olub, alğı-satqısı da qanunidir. Əgər zəbt olunma halı olarsa monitorinq keçirilib müvafiq tədbirlər görülərdi.

Tətbiq edilən hüquq normaları:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3 apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İddia tələbi 2 hissədən ibarətdir:

1. Cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi;

2. Cavabdehlər "xxxx" ASC və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanda yerləşən kooperativ bina sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi.

30. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 107 saylı Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 01-04/69 saylı razılıq məktubu, "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli 24 saylı müraciəti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2005-ci il tarixli, 04/1370 saylı məktubu nəzərə alınaraq, Nəsimi rayonu Xətai prospekti, 787-ci məhəllədə, qeyri-yaşayış sahəsinin tutduğu 0,3 ha torpaq sahəsində yaşayış binasının layihələndirilməsi və tikintisi üçün "xxxx" ASC-yə icazə verilmişdir.

31. "xxxx" ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqısatqısı müqaviləsi"nə əsasən Bakı şəhəri, Xətai prospekti 40A ünvanda yerləşən 0,97573 ha (yəni 9757,3 kv.m) torpaq sahəsi (həmin sahəyə kooperativ binanın yerləşdiyi 0,3 ha torpaq sahəsi də daxildir) "xxxx" ASC-nin mülkiyyətində verilmişdir.

32. "xxxx" ASC ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2007-ci il tarixli podrat müqaviləsi əsasında həmin 0,3 ha-dan ibarət ərazinin hüdudları daxilində yaşadıqları çoxmənzilli yaşayış binası inşa edilmişdir.

33. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1014 nömrəli ekspert rəyində qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Əraz İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-21-3-30/2- 2783/2024 saylı mütəxəssis rəyinə əsasən, 15 iyul 1997-cü il tarixli texniki pasport əsasında “Xarici Turizm”Avtomobil kombinatına (hüquq varisi Cavabdeh2 ASC) məxsus, ümumi sahəsi 0,97573 ha olan torpaq sahəsinin hüdudları daxilində yerləşmiş 5419,5 kv.m qeyri-yaşayış sahəsinin söküldüyü, faktiki vəziyyətində ərazinin ümumi torpaq sahəsinin 1,06573 ha təşkil etdiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Əraz İdarəsinin16 yanvar 2024-cü il tarixli, 3-21-3-30/2-2783/2024 saylı mütəxəssis rəyinə əsasən, “Xarici Turizm” Avtomobil Komibinatının hüquqi varisi Cavabdeh2 ASC-yə məxsus 5419,5 kv.m torpaq sahəsinin çoxmənzilli yaşayış binasının tikintisi üçün ayrılmış 0,3 ha hissəsinin döngə nöqtələri (koordinanatları) yerində müəyyən edilmiş və çoxmənzilli çoxmərtəbəli binanın ayrılmış 0,03 ha olan sahədə inşa edildiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Əraz İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-21-3-30/2-2783/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli 2011-ci il tarixli çıxarış əsasında Bakı şəhəri, Xətai prospekti 40A ünvanda Cavabdeh2 ASC-nin mülkiyyətində verilmiş 0,97573 ha torpaq sahəsinin döngə nöqtələri (koordinatları) yerində müəyyən edilmişdir. Ərazinin ümumi torpaq sahəsinin faktiki olaraq 1,06573 ha olduğu, 0,09 ha sahənin artıq olduğu müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Əraz İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-21-3-30/2-2783/2024 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, prospekti 40A ünvanda yerləşən çoxmənzilli bina üçün ayrılmış 3000 kv.m (0.3 ha) torpaq sahəsində inşa edilmiş binanın tikintialtı sahəsi 2050,0 kv.m, boş qalan torpaq sahəsi isə 950,kv.m təşkil etdiyi müəyyən edilmişdir.

34. İşə birinci instansiya məhkəməsində baxılması zamanı 13 iyun 2024-cü il tarixli iclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi X8 13 iyun 2024-cü il tarixli məhkəmə iclasındakı izahatında bildirir ki, mübahisəli sahəyə yerində baxış keçiriblər, faktiki sahəni ölçüblər. Özəlləşmiş sahə 9757 kv.m olmuşdur. Bina tikintisi üçün nəzərdə tutulan sahə 3000 kv.m olmuşdur. Yerində naturada ölçü işləri apararkən məlum oldu ki, həmin sahədən 910 kv.m kənarlaşma var. Həmin 900 kv.m-in 600 kv.m-i dəmiryol tərəfdən, 310 kv.m- i əsas yol tərəfdəndir. Artıq sahə hal-hazırda Cavabdeh2 ASC-nin mülkiyyətində qalan sahəyə birləşik sahədir. Bina üçün ayrılmış 3000 kv.m ilə əlaqəsi yoxdur. Yerində baxış keçirilərkən onlara sənədlər təqdim olunur. Yerində bildirmək üçün əvvəlcədən komputerdə faktiki sahəni tutuşdurmaq lazımdır. Faktiki sahəni tutuşdurmaq üçün onlar yerində ölçü işləri aparmalı idilər. Yerində olub, faktiki sahəni ölçüb. 30 sot təyin edə bilir. Bilir ki, hardan bölünür. Çünki əvvəlcədən mülkiyyətində olan torpaq sahəsi bölünmüşdür. Onun sənədi artıq ayrılmışdır.

35. Alğı-satqı müqaviləsinin etibarsızlığı tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarında qeyd edilir ki, “..Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

36. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsi qanunun tələbinə uyğun olaraq bağlanmışdır. Həmin müqavilənin bağlanması nəticəsində iddiaçıların hər hansı hüququnun pozulması halı müəyyən olunmur.

37. İddiaçıların - cavabdehlər "xxxx" ASC və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanda yerləşən kooperativ bina sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi tələbinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissədə təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.

38. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi və lift-kart sisteminin quraşdırılması "xxxx" MTK-ya qadağan edilməsi qət edilmişdir.

39. Hazırda iddiaçıların iddia tələbi odur ki, binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə və şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilsin.

40. Qeyd olunmalıdır ki,"xxxx" ASC ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2007-ci il tarixli podrat müqaviləsi əsasında həmin 0,3 ha-dan ibarət ərazinin hüdudları daxilində çoxmənzilli yaşayış binası inşa edilmişdir.

41. Bundan əlavə, birinci instansiya məhkəməsində mütəxəssis də ifadəsində qeyd etmişdir ki, özəlləşmiş sahə 9757 kv.m olmuşdur. Bina tikintisi üçün nəzərdə tutulan sahə 3000 kv.m olmuşdur. Yerində naturada ölçü işləri apararkən məlum oldu ki, həmin sahədən 910 kv.m kənarlaşma var. Həmin 900 kv.m-in 600 kv.m-i dəmiryol tərəfdən, 310 kv.m- i əsas yol tərəfdəndir. Artıq sahə hal-hazırda Cavabdeh2 ASC-nin mülkiyyətində qalan sahəyə birləşik sahədir. Bina üçün ayrılmış 3000 kv.m ilə əlaqəsi yoxdur.

42. İşdə olan fotoşəkillərdən də müəyyən olunur ki, binanın sakinləri binanın həyətində avtomobillərini saxlayırlar. Kollegiya qeyd edir ki, cavabdehlər tərəfindən binanın həyətində avtomobil saxlanmasına görə ödəniş tələb edilməsinə dair iddiaçılar sübut təqdim etməmişdirlər.

43. Göründüyü kimi, bina üçün ayrılmış 0,3 ha torpaq sahəsindən istifadəyə, avtomobillərin ödənişsiz saxlanmasına heç bir məhdudiyyət qoyulmur. Bina üçün ayrılmış torpaq sahəsinə bitişik sahə isə Cavabdeh2 ASC-nin mülkiyyətində olan sahədir. İddiaçıların həmin torpaq sahəsinə heç bir hüququ yoxdur.

44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3 apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar