Məhkəmə qərarları › İş №2(103)-5918/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5918/2021

18.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5918/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 5, mənzil 16 üzərində olmaqla ona məxsus ünvan 1 ilə ortaq divarın tamamilə zəbt olunaraq üzərində inşa edilmiş özbaşına tikilinin, həmçinin onun mənzilinə baxan 2 pəncərənin, eləcə də həmin tikilinin ona məxsus mənzilin üzərində tikilən hissəsinin cavabdehin hesabına sökülməsi, cavabdehin mənzilini havalandırmaq üçün quraşdırılmış kondisionerin, eləcə də cavabdehin istifadəsində olan sputnik ötürücü vasitəsilə ilə qidalanan antena lövhəsinin cavabdehin hesabına sökülməsi, eləcə də ona məxsus evin dam örtüyünə vurulmuş ziyanın kompensasiyası üçün 500 manat məbləğində pulun və ümumi istifadə üçün nəzərdə tutulan sahəni onun mənafeləri əleyhinə kiçiltdiyi üçün Cavabdeh onun xeyrinə 10 000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin üzərində aparılmış qanunsuz artırmanın İddiaçı şəxsi vəsaiti hesabına sökülərək gediş-gəliş yolunun daralmış hissəsinin genişləndirilməsi, onun öz şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi həyətdə inşa etdirmiş olduğu yardımçı sahənin sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi və istirahətlərinə maneə olan hərəkətlərin ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-29/2021) hər iki iddia təmin olunmamışdır. Hazırda İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət əsasında ona, qardaşına və bacısına məxsusdur. Həmin paylar isə naturada müəyyən olunmadan hər bir şəxsə 1/3 paylarla müəyyən olunmuşdur. Qonşuluqda yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 5, mənzil 16 isə Cavabdeh məxsusdur. Həmin qonşu ilə onların mənzilləri eyni evdə yerləşən ayır-ayrı mənzillərdir. Bu evin özü 1890-cı ildə inşa edilmişdir. Elə bu səbəblərdən də qonşu ilə onları ayıran divar ortaq divardır. Belə ki, onların mənzillərinin bir tərəf divarı həm də qonşunun divarıdır. Mübahisə də elə məhz həmin divarla bağlıdır. Onun mənzildə olmamağından (müalicə ilə əlaqədar Türkiyə Cümhuriyyətində olmuşdur) istifadə edən qonşu 2018-ci ilin əvvəllərində aralarında olan ortaq divardan sui-istifadə etməklə həmin divarın üstündən yalnız özü üçün nəzərdə tutulan 2-ci mərtəbə tikdirmişdir. Belə olan halda o da özünə məxsus mənzilin 2-ci hissəsini tikmək istədikdə ortaq divardan heç cür istifadə edə bilmir. Ortaq divarı dayaq kimi götürməklə digər divarları ona birləşdirə bilmir. Qonşu nəinki ortaq divarı zəbt etmişdir, o, həmçinin ona məxsus mənzilin üst hissəsinə belə öz tikdiyi ikinci mərtəbəni çıxarmışdır. Lakin, cavabdehin qonşuluq hüquqlarını pozması yalnız bununla bitmir. Belə ki, onlar ortaq divarda 2-ci mərtəbəni inşa etməklə istiqaməti onun mənzili tərəfə olan 2 pəncərə qoymuşdur ki, o da özünə məxsus mənzilin 2-ci mərtəbəsini inşa etdirdiyi təqdirdə onun inşa etdiyi pəncərələr onun evinə baxacaq və 2 mənzilin arasında bir-birinin otaqlarına baxan 2 pəncərə olacaqdır. Əsas məsələ isə ondan ibarətdir ki, nəinki qonşunun inşa etdirdiyi və ona məxsus mənzilə baxan 2 pəncərə, onun inşa etdirdiyi 2-ci mərtəbə tamamilə özbaşına tikilidir. Cavabdehin mənzili əvvəl erməni əsilli şəxslərə məxsus olmuşdur. Həmin şəxslər həyətdə olan bir hissəni qaraj kimi istifadə etmişdir. Sonradan Qarabağ müharibəsi ilə əlaqədar olaraq ermənilər Bakını tərk etdikdə həmin sahə məhəllədə yaşayanlar tərəfindən ümumi olaraq istifadə olunmuş, məhəllə adamları orada asudə vaxtlarını keçirmişlər. Ermənilərin onların məhəlləsindən köçmələrindən bir müddət keçdikdən sonra qeyd olunan sahə cavabdeh və onun ailə üzvləri tərəfindən zəbt olunaraq sənədləşdirilmiş və ev kimi istifadə olunmuşdur. Hazırda isə həmin sahə cavabdehlər tərəfindən başqa şəxslərə pul müqabilində satılmışdır. Hazırda həmin evin üzərində də 16 rəqəmi yazılmışdır. Həmin sahə əvvəllər qaraj kimi istifadə olunsa da, indi həmin tikili yaşayış sahəsi kimi istifadə olunduğundan ümumi istifadədə olan sahələri də cavabdeh tərəfindən vaxtilə yaşayış ehtiyacları üçün zəbt edilərək öz istifadələrinə qatılmışdır. Belə ki, yaşayış sahəsi kimi istifadə olunan tikilinin qarşısı daş plitələrlə örtülərək şəxsi ehtiyac üçün istifadə olunmaqdadır. Bu isə ümumi istifadə üçün nəzərdə tutulan ərazinin həcmini azaltmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı özü mənzilinə qanunsuz artırma etməklə gediş-gəliş yolunun daralmasına səbəb olan və ümumi həyətdə hamının istifadəsi üçün nəzərdə tutulan ayaqyolu və hamamı sökərək, həyətin düz ortasında qanunsuz olaraq öz şəxsi istifadəsi üçün istirahətlərini və həyətdə oturmaqlarını qeyrimümkün edən ayaqyolu və hamam inşa etdirməklə onun və digər qonşuların hüquqlarını pozmaqla haqlı narazılıqlarına səbəb olmuşdur. Bundan əlavə ilkin iddia ərizəsində göstərilən sputnik ötürücü vasitəsilə qidalanan antenna lövhəsi ona deyil, Elşadın özünə məxsus olan antenadır. O, ailəsi ilə birlikdə 1989-cu ildən mübahisəli mənzildə yaşayır. Mənzilə sahiblik etdiyi vaxtdan bu günə kimi heç bir yenidən qurma işləri aparmamışdır. Sadəcə 2015-ci ilin əvvəllərində yağış və qar sularının evin köhnəlmiş divarından içəri batmasının qarşısını almaq məqsədilə mənzilin çöl hissəsindən su keçirməyən materialdan sədd çəkmişdir. İddiaçı özü məktəbi bitirdikdən dərhal sonra təxminən 20 il müddətinə ölkə ərazisindən çıxmış, təxminən 5-6 il bundan əvvəl geriyə qayıtmışdır. Qayıtdığı gündən də müxtəlif bəhanələrlə qonşularla yola getmir, əsassız səs-küy yaratmaqla hamının istirahətini pozur. Ona məlum olmayan səbəblərdən İddiaçı müxtəlif bəhanələr gətirməklə vaxtaşırı onlarla mübahisə yaratmağa çalışmış, nəhayət keçən ilin sonlarında bunun böyük müstəviyə keçməsinə nail olmuşdur. İlk və qarşılıqlı iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir əsaslandırma aparmamış, yalnız qətnaməyə faktları və maddələri yazmışdır. Məhkəmə qətnaməsində iddianın əsasını nə təşkil etməsi və həmin əsasın rədd edilməsi üçün hansı dəlillərin olduğu açıq aydın ifadə olunmamışdır. Məhkəmə qətnaməsinin dəlilini ekspert rəyi və baxış protokolu təşkil edir. O, ortaq divardan istifadə edə bilmir. İlkin iddianın əsasını ilkin iddia üzrə cavabdehin tikdirdiyi özbaşına tikilinin tərəflərə məxsus mənzilləri ayıran ortaq divarın üzərində tikilməsidir ki, bunun da nəticəsində 2-ci mərtəbəni tikdirmək imkanı yalnız ilk iddia üzrə cavabdehdə qalır. İddiaçı belə olan halda mənzilinin 2-ci mərtəbəsini tikmək imkanını itirir. Məhkəmə isə əsaslandırmağa çalışır ki, ilkin iddia üzrə cavabdehin tikdiyi mübahisəli tikili onun mənzili üçün heç bir təhlükə yaratmır. Hazırki vəziyyətdə cavabdehin tikdiyi özbaşına tikili ilkin iddia üzrə iddiaçının evinə düşən işığın qarşısını ala bilməz. İlkin iddianın əsasını bu təşkil etməmişdir. İlkin iddianın əsasını gələcəkdə ilkin iddiaçının öz mənzilinin damında 2-ci mərtəbəni inşa etdiyi halda onun hüququnun pozulub-pozulmayacağı təşkil edir. Ekspertlərin hazırki vəziyyət üçün belə rəy vermələri və məhkəmənin də həmin cavabları qətnaməni əsaslandırmaq üçün istifadə etməsi absurddur. Ekspert rəyinə əsasən tikililərin tikinti normalarını pozub-pozmamasını müəyyən etmək üçün instrumental müayinə aparılmalıdır. Məhkəmə isə qeyd olunan hala diqqət yetirməyərək təkrar və ya kompleks ekspertiza keçirməli olduğu halda bunu etməmişdir. Qətnamənin qismən ləğv edilməklə ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, hazırkı qətnamə cavabdeh tərəfindən qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirilməmişdir. Qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni ilk iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni ilk iddiaya aid hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 5-də yaşamaqla qonşudurlar. İddiaçı 17 saylı mənzilin, cavabdeh isə 16 saylı mənzilin mülkiyyətçisidir. Tərəflər bir-birinə qarş özbaşına tikilinin sökülməsi və s. tələbinə dair iddia qaldırmışlar. Konkret olaraq İddiaçı tələbi cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 5, mənzil 16 üzərində olmaqla ona məxsus ünvan 1 ilə ortaq divarın tamamilə zəbt olunaraq üzərində inşa edilmiş özbaşına tikilinin, həmçinin onun mənzilinə baxan 2 pəncərənin, eləcə də həmin tikilinin ona məxsus mənzilin üzərində tikilən hissəsinin cavabdehin hesabına sökülməsi, cavabdehin mənzilini havalandırmaq üçün quraşdırılmış kondisionerin, eləcə də cavabdehin istifadəsində olan sputnik ötürücü vasitəsilə ilə qidalanan antena lövhəsinin cavabdehin hesabına sökülməsi, eləcə də ona məxsus evin dam örtüyünə vurulmuş ziyanın kompensasiyası üçün 500 manat məbləğində pulun və ümumi istifadə üçün nəzərdə tutulan sahəni onun mənafeləri əleyhinə kiçiltdiyi üçün Cavabdeh onun xeyrinə 10 000 manat məbləğində pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını əsassız sayaraq rədd etmiş və mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, müvafiq ekspert rəyi və məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli sahəyə yerində baxış keçirilməsi ilə ilkin iddia tələbində qeyd edilən və ehtimal edilən əsaslar öz faktiki təsdiqini tapmamışdır. Buna görə də ilkin iddia əsaslı hesab edilə bilməz. Məhkəmə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 170, 180-ci və s. maddələrilə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayətində məhkəmənin heç bir əsaslandırma aparmadan qətnamə çıxardığını göstərmişdir. Məhkəmə qətnaməsində iddianın əsasını nə təşkil etməsi və həmin əsasın rədd edilməsi üçün hansı dəlillərin olduğu açıq-aydın ifadə olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi öz qənaətini əsaslandırarkən mötəbər sübut kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2021-ci il tarixli 10/268 saylı Ekspert Rəyinə istinad etmişdir. Həmin rəydə ekspert qarşısında qoyulan 1-ci sualla bağlı göstərilmişdir ki, Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 5 nömrəli evin 17 saylı mənzilin divarına bitişik Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 5 nömrəli evin 16 saylı mənzilin üzərində əlavə tikililər inşa edildiyi və həmin tikililərin 17 saylı mənzil üçün hal-hazırda heç bir təhlükə yaratmadığı müəyyən edilmiş, lakin həmin tikililərin tikinti normalarını pozubpozmamasını müəyyən etmək üçün instrumental müayinə aparılmalıdır. Ekspert Rəyində 2-ci sualla bağlı bildirilmişdir ki, 16 saylı mənzildə 17 saylı mənzilə tərəf mövcud olan 2 ədəd mübahisəli pəncərələrin digər qonşunun hüquqlarını pozmadığı, işıqlandırmanın qabağını almadığı, hərəkəti məhdudlaşdırmadığı (pəncərələr 17-ci mənzilin damına baxır, orada hərəkət yoxdur), antisanitariya vəziyyəti yaratmadığı və havanın qabağını almadığı müəyyən edilmişdir. Ekspert Rəyində 3-cü sualla bağlı bildirilmişdir ki, Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 5 nömrəli evin 17 saylı mənzilinin 1 saylı tikilisinin ön fasad divarının 1,3 metr küçə tərəfə çəkildiyi və tikinti sahəsinin artırıldığı, həmin tikilinin 16 saylı mənzil üçün təhlükə yaratmadığı, lakin gediş-gəliş yolunu daraltdığı müəyyən edilmişdir. Əlavə olaraq Rəydə qeyd olunur ki, artırılmış sahə ilə üzbəüz sanitar qovşağı inşa edilmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı ekspert rəyinin mötəbərliyini şübhə altına alan və təkrar ekspertiza keçirilməsini zəruri edən hallar müəyyən etmədi. İş materiallarından həmçinin müəyyən olunur ki, işə baxan məhkəmə tərəfindən 11 mart 2021-ci il tarixdə saat 17:00-da tərəflərin iştirakı ilə mübahisəli sahəyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, 16 saylı mənzildə 17 saylı mənzilə tərəf mövcud olan 2 ədəd mübahisəli pəncərə digər qonşunun hüquqlarını pozmur, işıqlandırmanın qabağını almır və pəncərə 17-ci mənzilin damına baxır, orada isə hərəkət yoxdur, qonşuluq hüququna maneə də yoxdur. Antisanitariya vəziyyəti yaratmadığı və havanın qabağını almadığı müəyyən edilmişdir. 17 saylı mənzilin 1 saylı tikilisinin ön fasad divarının 1,3 metr küçə tərəfə çəkildiyi və tikinti sahəsinin artırıldığı, həmin tikilinin 16 saylı mənzil üçün təhlükə yaratmadığı, lakin gediş-gəliş yolunu daraltsa da 16 saylı mənzilə sərbəst daxil olma, çıxma və yük daşıma imkanı itirilməmişdir. 16 saylı mənzilə mülkiyyət hüququndan istifadəyə maneə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (ilk iddianın rədd edilməsi hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Rəşad Həsənov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar