Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5924/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)-3037/2021 nömrəli qətnaməsindən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X1rşı əsassız hesablanan 216 manat cərimənin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15.10.2020-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Döngə 9- da yerləşən və faktiki olaraq mənə məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmiş və 25.01.2021-ci il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmişdir. Tərtib edilmiş aktda sayğacın plastmas borusunun deşilməsi göstərilmişdir və müdaxilə edilməsi bildirilmişdir. Tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz itkisi hesablanmış və 2160 kub/metr qaz itkisi hesablanmış, 216 (iki yüz on altı) manat cərimə edilməsi bildirilmişdir. Lakin iddiaçının qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatı olmamış, aktın surəti ona göndərilməmişdir. Bu tamamilə əsassızdır, belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmiş, iddiaçının iştirakı təmin edilməmiş və qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır, yəni qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. İddiaçı hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir və ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir. Baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac küçədə, hasarın divarında yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Bununla da iddiaçının bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Hal-hazırda kart verilmədiyindən qazdan istifadə edə bilmirlər. Qeyd olunmalıdır ki, qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Sayğaca vaxtında baxış keçirilməməsi birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş halların da aradan qaldırılması birbaşa cavabdehin borcudur. Qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməmişdir və buna hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız cərimə məbləği silinməlidir. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)- 3037/2021-007 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün kalibrləmə laboratoriyasına göndərilmişdir. Yoxlamanın rəyinə əsasən sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi və təbbi qaz itkisinin baş verməsi müəyyən edilmişdir. Ona görə də itirilmiş qazın məbləği 216.00 manat məbləğində hesablanaraq dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mötəbər hallara qiymət verilməməsi, qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 15.10.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində qaz sayğacı yenisi ilə əvəz edilmiş, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir və abonentə təhvil verilmişdir. Akt İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının yoxlanılması barədə 23.01.2021-ci il tarixli MSK-29/1710-04590/1 saylı aktın surətindən müəyyən olunur ki, Azəriqaz İB-nin SOCAR **********30991710X04590 saylı 11.12.2020-ci il tarixli telefonoqramına əsasən 11.01.2021-ci il tarixdə əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş 1202AQ**********8 saylı sayğaca baxış zamanı sayğacın klapanı işlək yivli birləşmələrin korroziyaya uğraması, sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 29.01.2021-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsinə baxış keçirilən zaman akt № MSK-29/1710-04590/1 saylı rəyinə əsasən 1202AQ**********8 saylı sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azəriqaz İB-nin 29.01.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dait tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 29.01.2021-ci il tarixli ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 2160 kub/metr itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırılmış qaz sayğacının yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 216 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 216 manat ziyan hesablamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, işə baxmış birinci instansiya məhkəməsi iddia ərizəsini əsaslı hesab edib təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə sübutlarla müəyyən edilir ki, iddiaçının abonenti olduğu ünvanda quraşdırılmış sayğac əvəzlənmə səbəbindən sökülərək yeni qaz sayğacı quraşdırılarkən tərtib edilmiş aktda sayğaca müdaxilə edilməsi və ya onun hər hansı yoxlanışa göndəriləcəyi barədə qeyd edilməsə də, 3 ay sonra həmin sayğaca müdaxilə edildiyinə dair akt tərtib edilmiş və həmin akta əsasən iddiaçıya itirilmiş qazın bərpası üzrə borc hesablanmışdır. Cavabdeh sayğacın yığılması, daşınması, saxlanılması işlərinin hansı qaydada aparılması barədə sübut təqdim etməmişdir. Halbuki, mübahisəli aktda sadalanan qüsurların sayğacın yığılması, daşınması, saxlanılması zamanı yaranması istisna deyildir. Məhkəmə kollegiyası, sayğac sökülərək yenisi quraşdırılarkən, çıxarmanın səbəbinin sayğaca müdaxilə edilməsi və ya onun hər hansı yoxlanışa göndəriləcəyinin olmadığını nəzərə alaraq, onun tərəfindən sayğaca müdaxilə edilmədiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkçən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(001)-3037/2021- 007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5924/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5924/2021
29.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver