Məhkəmə qərarları › İş №2(103)-5928/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5928/2024

01.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5928/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2213/2024 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanı üzrə (abonent kodu **********00000) hesablanmış 2.073,60 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli akta görə, ünvan 1 ünvanı üzrə (abunə kodu **********00000) abonent təbii qazdan sayğacdankənar qeyri-qanuni olaraq istifadə edir (iş v. 8). Bu akta əsasən hesabat aparılıb, itirilmiş qazın həcmi 17.280 kub.m müəyyən olunub və dəymiş ziyanın bərpasına sair xx.xx.2023-cü il tarixli tələbnamə tərtib olunub (iş v. 7). Abonentin saldosundan görünür ki, 17.280 kub.m qaz itkisinə görə abonentə 2.073,60 manat borc hesablanıb (iş v. 9). Lakin abonentin qazdan sayğacdankənar istifadə etdiyi müəyyən olunmur. Belə ki, iddiaçı həmin ünvanda qazdan sayğacdankənar istifadə edilmədiyini bildirir. Mülki işdə abonentin qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübutlar (videoyazı və s.) yoxdur. Fotoşəkillər təqdim edilsə də, iddiaçnın nümayəndəsi bu fotoların iddiaçının yaşadığı evə aid olmadığını bildirdi. Həmin fotoların iddiaçının yaşadğı evə aid olduğunu başqa qaydada müəyyən etmək mümkün olmadı. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, 2.073,60 manat borc silinməlidir. Birinci instansiya məhkəməsi borcun silinməsini onunla əsaslandırıb ki, məhkəmə iclasında araşdırılmış hallardan iddiaçının (istehlakçının) ünvanına quraşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Lakin hazırkı işdə silinməsi tələb olunan borc sayğacda qüsurun yaranmasına görə deyil, qazdan sayğacdankənar istifadəyə görə hesablanıb. Odur ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2213/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. ünvan 1 ünvanı üzrə (abonent kodu **********00000) hesablanmış 2.073,60 (iki min yetmiş üç tam yüzdə altmış) manat borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar