Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-593/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul yələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2582/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2022-ci il tarixli, R0034872 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsinin şərtlərinə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh bu müqavilənin şərtlərinə uyğun olaraq, şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 2.309 manat dəyərində olan əmtəəni (əşyanı) PS5 825GB nisyə alqı-satqı şərtləri əsasında verir, alıcı aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 2.309 manat məbləğində pulu müqaviləyə əlavə edilən “Ödəniş cədvəli”nə əsasən satıcıya hissə-hissə ödəməyi öhdəsinə götürür.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R0034872 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı MMC alıcı Cavabdeh 12 ay müddətinə, 2.309 manat dəyərində olan PS5 825GB markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 2.309 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 510 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi xx.xx.2023-cü il tarixində isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu tərəfindən yenə də öhdəliyin icrasına dair heç bir addım atılmamışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb oluna bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən İddiaçı tərəfindən ona xx.xx.2023-cü il tarixə 180 manat məbləğində cərimə hesablanmışdır. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1.799 manat məbləğində əsas borc, 180 manat məbləğində cərimə və 39,79 manat məbləğində dövlət rüsumu, cəmi 2.018,79 manat məbləğində pulun tutulması barədə qətnamənin çıxarılması xahiş edilmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2582/2023 nömrəli tarixli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia qismən təmin edilmiş, Cavabdeh 1.799 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 1.899 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 39.79 manat dövlət rüsumunun 38 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, qalan 1.79 manat hissəsinin isə İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
6. Məhkəmə iddia tələbinin “əsas borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, əsas borca münasibətdə iddia tələbi əsaslı olduğundan və bu barədə müvafiq sübutlar (müqavilə, təhvil-təslim aktı, xəbərdarlıq, maliyyə arayışı və s.) məhkəməyə təqdim edildiyindən, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir.
7. Məhkəmə iddia tələbinin “cərimə borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 180 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 manat məbləğinədək azaldılmalıdır.
8. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 39,79 manat dövlət rüsumunun 38 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 1,79 manat hissəsi isə iddiaçıya aid edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 462.1, 465.2, 467, 600.1, 600.2, 600.4, 600.5, 601.1, 601.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsini və iddiann rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən çəkişmə prinsipini pozmuşdur. İddiaçı məhkəməyə müraciət edəndə müqavilə təqdim edərək bildirmişdir ki, guya cavabdeh xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq onlardan hər hansısa bir əşyanı almışdır. Amma cavabdeh həmin iddiaçı təşkilatın hər hansı bir ofisində olmamışdır və onlardan nəsə almamışdır. Məhkəmə iddiaçı təşkilatın iddia ərizəsini ona göndərsə idi və ya ona xəbərdar etmiş olsaydı, ən azından qarşılıqlı iddia ərizəsi ilə müraciət edərdi və onun əsasında ekspertiza təyin etdirməklə imzanın onun olmamasının mübahisələndirmiş olardı. Amma məhkəmə ona xəbərdar etməməklə onun müdafiə hüququnu pozmuşdur. O, iddiaçı təşkilatdan hec nə almamışdır və bunun sübut edilməsi üçün məhkəmədən muqavilədə olan guya ona aid olan imzanı ekspertiza təyin edilməklə müəyyən edilməsini məhkəmədən xahiş edir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-7129/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh müqavilədə götürən malı almamışdır. İddiaçı tərəf bunu yaxşı bilir malı kimə təqdim etmiş və ödənişi də kim edir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, əvvələr cavabdeh iddiaçıdan müəyyən mallar alıb və ödənişlərini edib. Heç bir problem olmayıb. İddiaçının iddia ərizsində göstərdiyi malı cavabdehin keçmiş müdiri götürmüş, müqavilənin bağlanmasını və ödənişi müdir iddiaçının əməkdaşları ilə özü həll etmişlər. Cavabdeh həmin müqavilə üzrə hər hansı ödəniş etməmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, müqavilə üzrə məhkəməyə müraciət olunduqdan sonra iki dəfə ödəniş edilmişdir. Cavabdeh müqavilədə olan imzanın ona məxsus olmaması, ödəniş etməməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Saxtakarlığın müəyyən edilməsi ilə bağlı xüsusi qərardad çıxarılmalıdır. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
18. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə iddia qismən təmin edildiyindən, cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
23. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öhdəliyini tam icra etməmişdir.
24. Apellyasiya araşdırması zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/2031 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli R0034872 nömrəli Əşyanın nisyə alqı-satqı müqaviləsində “2. Alıcı” hissəsində “İmza:” qrafasındakı imza, xx.xx.2022-ci il tarixli R ******* nömrəli Malların təhvil-təslim aktının “Təhvil aldı:” hissəsində “İmza:” qrafasındakı imza və xx.xx.2022-ci il tarixli R0034872 nömrəli ödəniş cədvəlinin “Borc Alan” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
25. Belə olan halda, məhkəmə kollegiyası rəyi verən ekspertin xəttşünaslıq sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi sənədlərdə olan imzaların cavabdehə məxsus olmadığı, bununla da tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmadığına dair apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
26. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə üzrə ödəniş qəbzində də cavabdehin imzası əks olunmamışdır. Belə olan halda ödənişin cavabdeh tərəfindən həyata keçirilməsi də öz təsdiqini tapmır.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2582/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən nisyə alqı-satqı müqaviləsini bir tərəfdən MMC-nin qanuni təmsilçisi – direktoru imzalamış və MMC-nin möhürü ilə təsdiq etmişdir. Belə olan halda müqavilədə olan qarşı tərəfin imzasının kimə məxsusluğu barədə iddiaçının məlumatlı olmaması inandırıcı deyil. Bu səbəbdən məhkəmə kollegiyası xüsusi qərardadın çıxarılmasına zərurət görmür.
29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2582/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. İddiaçı MMC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 manat məbləğində vəsait tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 21 manat məbləğində vəsait İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: