Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5936/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3543/2024 saylı, 16 avqust 2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, X2, Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3543/2024 saylı, 16 avqust 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış; iddiaçılara qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə qənaətində göstərir ki, ərizədə iddiaçı və cavabdehlərin bir çoxunun qeydiyyatda olduğu ünvan və faktiki yaşayış yeri qeyd edilməmiş, oların şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (FİN və sair) qeyd edilməmişdir. Həmçinin iddia icraatı qaydasında baxılan işlər üzrə tərəf qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər çıxış etdiyi halda, hazırkı iddia ərizəsində xüsusi icraat qaydasında baxılan işlər üzrə tərəf olan maraqlı şəxslər qeyd edilmişdir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəldilən və təmin olunması məhkəmədən xahiş edilən tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçılar tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsində tələb konkret göstərilməməklə qeyri-müəyyən qərarın qəbul edilməsi xahiş edilmişdir. Həmin qərardaddan İddiaçı1 şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3543/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. İddiaçı1 tərəfindən bilavasitə hazırkı işə aid olmayan sənədlər elektron kabinetə yüklənmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı isə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanı aradan qaldıraraq yenidən iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək əvəzinə qərardaddan şikayət verərək nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.1-149.2.5-ci maddələrinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmçinin, Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddia ərizəsində cavabdeh kimi göstərilən şəxslərə qarşı yönələn tələbin nədən ibarət olduğu dəqiq göstərilməmişdir. Ona görə də mübahisələndirilən qərardad mahiyyət etibarı ilə düzgün olduğundan onun ləğv edilməsi üçün məhkəmə tərkibi əsas görmür. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-3543/2024 saylı, 16 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3543/2024 saylı, 16 avqust 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5936/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5936/2024
14.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver