Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5938/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1156/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları:
1. İddiaçı ASC-in Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı notarial qaydada təsdiq edilmiş 27 noyabr 2019-cu il tarixli AN-İ N0606458 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi,”Yelo Bank” ASC-in mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 78.37 kv.m olan fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-ə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1156/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia təmin edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X.Hüseynov hazırkı mübahisə ilə bağlı qarşı tərəflə razılıq əldə olunduğunu, borcun ödənildiyini bildirdi, lakin onların səlahiyyətli nümayəndələri ölkədə olmadığından, iddiadan imtina barədə müvafiq ərizənin verilməsi üçün bir həftə vaxt verilməsini xahiş etdi.
5. Bundan sonra iddiaçı məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, bankla arasında mübahisənin həll edildiyini, tələb olunan borc məbləğinin razılıq əsasında tam ödənildiyini bildirmiş, bu səbəbdən İddiaçı ASC-in Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi» tələbinə dair iddiasından imtina etdiklərini bildirmiş, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi Nümayəndə1 elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mübahisənin həll edildiyini bildirmiş, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi:
7. Məhkəmə kollegiyası iddiadan imtinaya dair ərizəni müzakirə edərək hesab edir ki, iddiaçının iddiasından imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
9. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
10. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər.
11. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
12. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.
13. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
14. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
15. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Nəticə:
16. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.
17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
18. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı ASC-in Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1156/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev