Məhkəmə qərarları › İş №2(103)-5940/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5940/2023

22.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5940/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndələri X3 (atası), Vəkil1 (vəkil) və cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh "xxxx" MTK ilə iddiaçının atası X7 arasında xx.xx.2005-ci il tarixində “yaşayış binasının tikintisində birgə iştirakçılıq” barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh təşkilat Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirqasımov küçəsi 972-ci məhəllədə inşa edilən çoxmərtəbəli binanın 80 saylı mənzilini iddiaçının atasına satmışdır. İddiaçının atası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2019-cu il tarixində həmin mənzilə dair öz adına Çıxarış almış, xx.xx.2020-ci il tarixində isə həmin mənzili iddiaçıya bağışlamışdır. Bağışlama müqaviləsi əsasında iddiaçının adına Çıxarış verilmişdir. Mənzilin təmirinin demək olar ki, əksər hissəsi başa çatmışdır. Bütün bu təmir işləri ilə daim iddiaçının atası məşğul olmuş və MTK-nın əvvəlki komendantı və direktoru ilə olan maliyyə işlərini də o həll etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzildən istifadə və sahibliyə, təmir işlərinin aparılmasına və kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin qadağan edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi 972-ci məhəllədə inşa edilən çoxmərtəbəli binanın 80 saylı mənzilinə (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 54, M6, mənzil 4) cavabdeh "xxxx" MTK tərəfındən istifadə və sahiblik hüquqlarına yaradılan maneənin həmçinin həmin mənzildə aparılan təmir işlərinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi, kommunal sayğaclar, su, qaz və elektrik sayğaclarından istifadəyə yaradılan maneələrin cavabdehə qadağan edilməsi, mənzilindən istifadə etməyinə yaradılan maneələrə görə keçirdiyi mənəvi sarsıntıların əvəzi olaraq cavabdehdən 10000 manat məbləğində kompensasiyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbləri onunla əsaslandırılmışdır ki, son 6 aydır ki, MTK-nın təzə komendantı və direktoru atasını və iddiaçını nəinki həmin mənzilə, heç binanın həyətinə belə buraxmır. Təmir işlərinin son yekunlaşma işlərinin başa çatdırılmasına maneələr törədirlər. Əsas kimi isə onu göstərirlər ki, guya mənzili təmir edən zaman liftdən istifadə etmişlər və buna görə də borc yaranmışdır. Halbuki, mənzilin təmiri zamanı binanın hansı avadanlıqlarından istifadə etmişlərsə hamısının pulunu əvvəlcədən ödəmişlər. Liftlə yüklərin daşınması isə tamamilə yalandır. Bütün daşıma işlərini mənzili təmir edən şəxslər özləri fəhlərələr vasitəsi ilə etmişdilər. MTK-nın təzə rəhbərliyi və komendant onlardan əvvəlcə 2500 manat pul tələb etsələr də, sonradan 500 manat pul tələb etməyə başladılar. Yeni komendantın qanunsuz əməlləri nəticəsində son 6 ayır ki, o və atası mənzilə daxil ola bilmirlər. MTK-nın yeni rəhbərliyi həmçinin mənzilin elektrik xəttini də kəsərək mənzilə elektirik verilməsinə mane olur. MTK ilə bağlanan xx.xx.2005-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin 8-ci yarımbəndinə əsasən “İcraçı” mərtəbələrdə elektrik lövhələri və sayğacların quraşdırılmasını öz öhdəsinə götürmüşdür. Lakin MTK tərəfindən qanunsuz olaraq bütün blokun elektrik sayğacları zirzəmidə quraşdırılmış və həmin otağa giriş bina sakinlərinə qadağan edilmişdir. Bu yolla MTK rəhbərliyi istədiyi şəxsin mənzilinə gedən elektrik verilişini istədiyi vaxt qanunsuz olaraq söndürür. Mənzilində yarımçıq qalan təmir işlərini görmək üçün elektrikə ehtiyac olsa da, istifadə edə bilmirlər. Mənzilə girməyi belə imkan verməyən bu şəxslərin qanunsuz əməlləri nəticəsində uzun müddədir ki, mülkiyyətdən məhrum olmuşlar. Atasının və onun qanunsuz olaraq mənzilə, binanın həyətinə buraxılmamağı ona olduqca pis təsir etmiş və mənəvi sarsıntılar keçirməyinə səbəb olmuşdur. Hər dəfə mənzilinə getmək istəyəndə bu şəxslərin onunla, atası ilə mübahisə etmələri, hədə qorxu gələrək binanın həyətinə belə buraxmamaq onların istər qonşuların yanında istərsə də, digər şəxslərin yanında təhqir olunmaq kimi qiymətləndirir. Bu cür münasibətdən sonra hər kəsdə elə təssəvvür yaranır ki, guya bilərəkdən MTK-ya olan borcu ödəmirlər. Halbuki, onların MTK-ya heç bir borcları yoxdur. Əksinə, həmin MTK-nın atasına borcu vardır. Atası həmin MTK-dan iki mənzil almış, pulunu da tam ödəmişdir. Sonradan mənzillərin biri geri qaytarılsa da, bu günə kimi mənzilin dəyəri bizə geri ödənilməmişdir. Bununla bağlı əlavə iddialar qaldırılacaq. Göründüyü kimi MTK qanunun ona verdiyi istifadə, sahiblik və sərəncam hüquqlarından istifadə etməyə maneələr törədir, öz mülkiyyətinə buraxılmamağı konstitusyon hüquqlarının pozulmasına səbəb olur. Heç bir hüquqi əsası olmadan özünü qoçu kimi aparan MTK rəhbərliyi və özünü komendant kimi təqdim edən şəxslərin qanunsuz əməllərinin qarşısının alınmasına zərurət vardır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 588/2022 saylı qiyabi qətnaməsinə əsasən iddanın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi 972-ci məhəllədə inşa edilən çoxmərtəbəli binanın 80 saylı mənzilindən (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 54, M6, mənzil 4) istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə, həmin mənzildə aparılan təmir işlərinə, kommunal sayğaclar, su, qaz və elektrik sayğaclarından istifadəyə maneələrin yaradılması cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi, mənzilindən istifadə etməyinə yaradılan maneələrə görə keçirdiyi mənəvi sarsıntıların əvəzi olaraq cavabdeh "xxxx" MTK-dan 10000 manat məbləğində kompensasiyanın alınaraq İddiaçı verilməsi qət olunmuşdur.

5. Cavabdeh "xxxx" MTK ərizə ilə məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin 2(005)-588/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-588/2022 saylı qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-588/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzildən və kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-588/2022 saylı mülki iş üzrə icraat təzələnmişdir.

6. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş "xxxx" MTK-nın əsl cavabdeh olan Cavabdeh1 MMC ilə əvəz olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, Cavabdeh2 da cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli (hakim M.Əfəndizadə, iş № 2(005)-56/2023) qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, maneələrin Cavabdeh1 MMC tərəfindən törədilməsi barədə iddiaçı tərəfindən konkret və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 21, 152.1, 152.3, 152.5, 157.4-cü, Mülki Prosesual Məcəllənin 4.1, 9.1, 9.3, 14.2, 77.1, 217.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının iddiasını sübut edəcək sübutları məhkəməyə təqdim etməməyinə dair gəldiyi nəticə işin hallarına uyğun deyildir. Cavabdehin mülki hüquq pozuntusu və mənəvi zərər barədə iddiası tam sübut olunsa da, məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Mülki iş materiallarında olan sənədlər iddianı tam sübut edir. Məhkəmə özünün dəfələrlə 20-ci Polis Bölməsində araşdırma materialını tələb etməsinə baxmayaraq bu sənədlərin məhkəməyə təqdim edilməməsinə, Nəsimi rayon İcra Şöbəsinin icra məmurunun məhkəməyə dəvət edilməsinə dair tələbin təmin edilməməsinə münasibət bildirməmişdir. Məhkəmənin düzgün nəticəyə gəlməsi üçün göstərilən sənədlər mütləq əldə edilməli idi.

12. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı ərizə ilə müraciət edərək apellyasiya şikayətinin qətnamənin yalnız mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsindən olduğunu, yəni qətnaməni apellyasiya qaydasında yalnız həmin hissədə mübahisələndirdiyini bildirmiş və bu nəzərə alınmaqla mənzildən istifadəyə yaradılan maneələrə görə keçirilən mənəvi sarsıntıların əvəzi olaraq cavabdehdən onun xeyrinə 10 000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz vermişlər. Etirazda iddianı təsdiq edən heç bir fakt və əsas olmadığı nəzərə alınaraq apellyasiya şikayətinin rədd edilməsi xahiş olunmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndələri Vəkil1, R.Əkbərov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

15. Cavabdehlərin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

16. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

17. Maddə 29, hissə İ və İİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

27. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1, Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən yalnız mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı da yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. Hazırkı iş üzrə iddiaçı cavabdehlər tərəfindən mülkiyyətində olan mənzildən sahiblik və istifadə hüquqlarının məhdudlaşdırıldığını, məhrumiyyətlərə məruz qaldığını bildirərək uğradığı mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.

38. Cavabdehlər isə bu hadisədə təqsirinin olmadığını əsas gətirərək iddiaya etiraz edir.

39. Birinci instansiya məhkəməsi isə iddiaçının hüquqlarının cavabdehlər tərəfindən pozulmasının sübuta yetirilmədiyinə istinad edərək iddianı, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi tələbini rədd etmişdir. Məhkəmə işin müəyyən edilən hallarına əsaslanaraq qeyd etmişdir ki, ilkin iddia ərizəsində cavabdeh qismində "xxxx" göstərilərək, maneələrin MTK-nın direktoru və komendantı tərəfindən yaradıldığı bildirilmişdir. MTT(005)-28/2022 saylı müvəqqəti təminat tədbiri barədə qərardadın icrası ilə əlaqədar icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, qərardad "xxxx" MTK-nın komendantı X6 tərəfindən icra edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Cavabdeh1 MMC 15 noyabr 2021-ci il tarixə qeydiyyatdan keçmişdir və təsisçisi Cavabdeh2dur. İddia ərizəsi isə 09 dekabr 2021-ci il tarixdə məhkəməyə təqdim edilərək, iddiaçı tərəfindən son altı ay ərzində onun mənzildən istifadə və sahiblik hüquqlarının məhdudlaşdırıldığı bildirilmişdir.

40. Belə olan təqdirdə, məhkəmə hesab etmişdir ki, maneələrin Cavabdeh1 MMC tərəfindən törədilməsi barədə iddiaçı tərəfindən konkret və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər Cavabdeh2 tərəfindən iddiaçının elektrik sayğacından istifadəsinə maneələrin yaradılması AR DİN-nin Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis X1 ünvanlanmış 13 noyabr 2021-ci il tarixli məktubu ilə müəyyən edilir. Lakin cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın vurulması, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyət etməyə imkan verən sübutlar məhkəməyə təqdim edilməmişdir.

41. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.

42. Kollegiya ilk növbədə diqqətə çatdırır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

43. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

44. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.

45. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

46. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

47. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

48. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi iki hissədən ibarət olmuşdur: - mənzildən istifadə və sahibliyə, təmir işlərinin aparılmasına və kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin qadağan edilməsi; - mənəvi zərərin ödənilməsi.

49. Tələb bütünlüklə rədd edilmiş və bu zaman əsas kimi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsinə istinad olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona zərər, o cümlədən mənəvi zərər yetirilməsini sübut edə bilməmişdir. İddiaçı tələbin birinci hissəsinin rədd olunması ilə razılaşaraq qətnaməni həmin hissədə apellyasiya qaydasında mübahisələndirməmişdir. O, qətnaməni yalnız mənəvi zərər hissəsində mübahisələndirmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, tələbin birinci hissəsi üzrə mənzildən istifadə və sahibliyə, təmir işlərinin aparılmasına və kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin cavabdehlər tərəfindən törədilmədiyi artıq işin müəyyən edilmiş halı kimi qəbul olunduğundan, tələbin ikinci hissəsi üzrə, yəni mənəvi zərərlə bağlı hissədə iddia tələbi əsaslı sayılıb təmin edilə bilməz.

51. Qeyd edilənlərə əsasən Kollegiya mübahisələndirilən hissədə iddianın rədd olunması barədə birinci insyansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

52. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar