Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5945/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının qanuni nümayəndəsi (qəyyumu) Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi (qəyyumu) Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 dövlət notariusu X1, 2 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 və Bakı şəhəri 48 saylı Notarit Ofisinin xüsusi notariusu X4 qarşı “etibarnamənin, bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin və reyestr çıxarışlarının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 1-ci yaşayış massivindəki 27“a” nömrəli fərdi yaşayış evi ilə bağlıdır. Reyestr çıxarışında evin ümumi sahəsi 264 kv.m, evə aid olan torpaq sahəsinin ölçüsü isə 0,06 ha göstərilib (bundan sonra – ev). İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı əvvəl evin paylı mülkiyyətçilərindən biri olub, onun payı 2/5 hissə təşkil edib. xx.xx.2022-ci ildə iddiaçı (hədiyyə verən) 2/5 hissəyə dair öz bacısı Cavabdeh2 (hədiyyə alan) ilə bağışlama müqaviləsi bağlayıb (cild 1, iş v. 60). Həmin müqaviləni iddiaçının adından etibarnamə əsasında əri Nümayəndə imzalayıb, belə ki, xx.xx.2021-ci ildə iddiaçı ərinin adına etibarnamə verib (cild 1, iş v. 162). Bağışlama müqaviləsinin bağlanmasında 1 ay 9 gün sonra - xx.xx.2022-ci ildə qəbul olunmuş məhkəmə qətnaməsi ilə iddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilib (cild 1, iş v. 30) və xx.xx.2022-ci il tarixli sərəncamla əri Nümayəndə onun üzrində qəyyumu təyin edilib (cild 1, iş v. 33). İddia ərizəsində qeyd olunan məlumata görə, evin paylı mülkiyyətçilərindən biri Dilqəm Salehov (iddiaçının atası) olub, o da öz payını Cavabdeh2 (öz qızına) bağışlayıb. xx.xx.2022-ci ildə son nəticədə ev tam olaraq Cavabdeh2 mülkiyyəti kimi qeydə alınıb (cild, iş v. 42). Bundan 1 gün sonra xx.xx.2022-ci ildə Cavabdeh2 (satıcı) müqavilə əsasında evi Cavabdeh3 (alıcı) satıb (cild 1, iş v. 40). Ev alıcının mülkiyyəti kimi qeydə alınıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçı tərəfindən əri Nümayəndə verilmiş etibarnamə, həmin etibarnamənin əsasında iddiaçının ərinin iddiaçının adından iddiaçının bacısı Cavabdeh2 ilə bağladığı bağışlama müqaviləsi, iddiaçının atası Dilqəm Salehov ilə iddaçının bacısı Cavabdeh2 bağladığı bağışlama müqaviləsi, iddiaçının bacısı Cavabdeh2 ilə hazırkı mülkiyyətçi Güçinə Yetirmişlinin bağladığı alqı-satqı müqaviləsi, habelə həmin müqavilələrin əsasında veilmiş reyestr çıxarışları etibarsız hesab olunsun. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi (qəyyumu) Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddia ərizəsində 1 etibarnamə və 3 müqavilə mübahisələndirilib. Ona görə də məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: Etibarnamə və 1-ci müqavilə barədə: İddiçının verdiyi etibarnamənin və həmin etibarnamənin əsasında iddiçının adından bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılması barədə tələb əsassızdır. Həmin tələbi onunla əsaslandırılıb ki, iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Lakin müəyyən olunur ki, iddiaçı etibarnamə verərkən, habelə həmin etibarnamənin əsasında iddiaçının adından bağışlama müqaviləsi bağlanarkən o, fəaliyyət qabiliyyətli olub. İddiaçının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə etibarnamənin verilməsindən 1 il 1 ay 17 gün sonra, bağışlama müqaviləsinin bağlanmasından isə 1 ay 9 gün sonra qəbul olunub. Bundan başqa, iddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən sonra, onun üzərində əri qəyyum təyin olunub. Mübahisələndirilən etibarnaməni isə iddiaçı öz ərinə (gələcək qəyyumuna) verib, habelə mübahisələndirilən bağışlama müqaviləsini iddiaçının adından öz əri (gələcək qəyyumu) bağlayıb. Odur, şərti olaraq hesab olunsa ki, etibarnamənin verilməsi və bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçı öz hərəkətlərinin mənasını başa düşməyib və ya onlara rəhbərlik edə bilməyib, bu hal həmin əqdlərin etibarsız sayılmasına əsas ola bilməz, çünki iddiaçının maraqları öz əri (gələcək qəyyumu) tərəfindən faktiki olaraq təmin olunub. Nəzərə alınmalıdır ki, həmin etibarnaməni iddiaçıdan alan və ondan istifadə edən yeganə şəxs iddiaçının əridir. Etibarnamənin və bağışlamanın etibarsız sayılması barədə hazırkı iddianı da iddiaçının adından onun əri (qəyyumu) irəli sürüb, yəni iddiaçının əri faktiki olaraq özü öz hərəkətini mübahisələndirib. Eyni etibarnamənin əsasında iddiaçının əri iddiaçının adına olan başqa əmlaka (Beyləqan rayonundakı torpaq sahəsinə) dair kənar şəxslə 3 müqavilə bağlayıb: 1) daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə (cild 2, iş v. 98); 2) daşınmaz əmlakın alqısatqısı barədə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə (cild 2, iş v. 117); 3) torpağın icarə hüquqlarının alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə (cild 2, iş v. 130). Əgər etibarnamənin verilməsi zamanı iddiaçı öz hərəkətlərinin mənasını başa düşməmişdirsə və ya onlara rəhbərlik edə bilməməmişdirsə, məntiqlə, iddiaçının əri qəyyum kimi həmin müqavilələri də mübahisələndirilməli idi, lakin mübahisələndirməyib. Bu isə onu təsdiq edir ki, iddiaçının əri hazırkı iddianı iddiaçının (fəaliyyət qabiliyyəti olmayan şəxsin) maraqlarının qorunması üçün verməyib. Bundan başqa, iddia tələbi həm də onun əsaslandırılıb ki, iddiaçının əri iddiaçının adından bağışlama müqaviləsi bağlayarkən müqavilənin mənasını anlamayıb. Lakin bu barədə sübut yoxdur, müqavilə notariat qaydasında təsdiq olunub, notarius müqavilənin məzmununun tərəflərin həqiqi iradəsinə uyğunluğunu yoxlayıb. İddiaçının əri keçmiş polis əməkdaşıdır, odur ki, imzaladığı sənədin mənasını anlamaması inandırıcı deyil. Ona görə də məhkəmə Mülki Məcəllənin 342 və 346-cı maddələrinin göstərişlərinə əsalanaraq hesab edir ki, etibarnamənin və 1-ci müqavilənin etibarsız sayılması üçün əsas yoxdur. 2-ci müqavilə barədə: İddia ərizəsində qeyd olunan məlumata görə, evin paylı mülkiyyətçilərindən biri Dilqəm Salehov (iddiaçının atası) olub, o, öz payını Cavabdeh2 (öz qızına) bağışlayıb. İddia ərizəsində bu müqavilə ona görə mübahisələndirilib ki, müqavilə bağlanan zaman digər payçı və evdə qeydiyyatda olan iddiaçının razılığı alınmayıb. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci, paylı mülkiyyətin mülkiyyətçisinin daşınmaz əmlakdakı (evdəki) payını özgəninkiləşdirə bilməsi üçün evdə qeydiyyatda olan şəxsin və ya paylı mülkiyyətin digər mülkiyyətçisinin razılığını alınması Mülki Məcəllədə nəzərdə tutulmayıb. İkinci, pay satılan zaman paylı mülkiyyətin digər mülkiyyətçisi satın almaqda üstünlük hüququna malikdir (Mülki Məcəllə, maddə 218). Dilqəm Salehov isə payını satmayıb, bağışlayıb. Üçüncü, Dilqəm Salehov hazırkı iddiada cavabdeh kimi göstərilməyib. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllə, maddə 337.2). İddiaçı mübahisələndirdiyi müqavilənin tərəfi olmadığına görə, müqavilənin hər iki tərəfinə iradə ifadəsi bidirməlidir. Ona görə də 2-ci müqavilənin etibarsız sayılması barədə tələb əsassızdır. 3-cü müqavilə barədə: xx.xx.2022-ci ildə ev tam olaraq Cavabdeh2 mülkiyyəti kimi qeydə alınıb, bundan 1 gün sonra - xx.xx.2022-ci ildə Cavabdeh2 (satıcı) evə dair digər Cavabdeh3 (alıcı) ilə alqı-satqı müqaviləsi bağlayıb. Etibarnamə, 1-ci və 2-ci müqavilələr etibarsız sayılmadan bu müqavilə – 3-cü müqavilə etibarsız sayıla bilməz. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 3-cü müqavilə bağlanarkən Mülki Məcəllədə müəyənləşdirilmiş şərtlər pozulmayıb. Ona görə də 3-cü müqavilənin etibarsız sayılması barədə tələb əsassızdır. Beləliklə, məhkəmə iddianı təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5945/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5945/2023
20.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver