Məhkəmə qərarları › İş №2(103)-5947/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5947/2023

20.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5947/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(004)-2955/2023 saylı qərardadından ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə dair mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, arvadı X2 miras qalmış, Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 276 nömrəli Sərəncamına əsasən X3 ayrılmış Səngəçal qəsəbəsində 600 kv.m. torpaq sahəsinin ərizəçi İddiaçı tərəfindən (mirasın) qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadının ölümündən sonra ərizəçi ondan miras qalmış torpaq sahəsinə sahiblik etməyə və sahəni idarə etməyə başlamış, bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Hazırda o torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasını (dövlət qeydiyyatına alınmasını) istəyir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(004)-2955/2023 saylı qərardadı ilə ərizəçi İddiaçı Bakı şəhəri 42 saylı notariat ofisini, Cavabdeh2, Cavabdeh3 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasını və ya şikayət təmin olunmadığı təqdirdə şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların dairəsi MPM-nin 307-ci maddəsində təsbit olunmuşdur. Həmin maddədə sadalanan hüquqi əhəmiyyəti olan faktlar sırasında mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin (307.2.9.) müəyyən olunması ilə yanaşı, həm də ayrıca olaraq (307.2.6.) mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması da təsbit edilmişdir. MPM-in 309-cu maddəsi ərizənin verilməsini-onun ərazi aidiyyətini müəyyən edir. Həmin maddəyə əsasən ümumi qayda olaraq hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir (maddə 309.1). Bununla belə, həmin normada mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilməsinə dair göstəriş istisna hal kimi nəzərdə tutulmuşdur (maddə 309.2.). Lakin işə baxmış Rayon Məhkəməsi prosessual hüquq normasının tələbini pozmuşmuşdur. MPM-in 307.2.6-cı maddəsində təsbit olunmuş mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması ilə Məcəllənin 309.2.9-cu maddəsində təsbit olunmuş mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən olunması tamamilə ayrı-ayrımünasibətlərdən doğan və həm də fərqli faktiki əsasları olan halları nəzərdə tutur.Qanunda daşınmaz əmlakla bağlımübahisələrin müstəsna aidiyyət kimi həmin əmlakın yerləşdiyi yerə görə verilməsini tənzimləyən xüsusi norma nəzərdə tutulmuşdur. Lakin nəzərə almaq lazımdır ki, mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında baxılan işlərə görə də aiddiyyət qaydası müəyyən olunmuşdur və həmin qaydaya görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə ərizəçinin olduğu yerdə baxılır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən olunması barədə işlərə əmlakın olduğu yerə baxılması zəruri deyil. Çünki mirasın qəbul edilməsi faktının müəyyən olunması üçün əmlakın olduğu yerə getməyə və həmin yerdə əmlakı tədqiq etməyə ehtiyyac yoxdur. Şahid ifadələri, əmlakın əkilib-becərilməsi nə kimi sübutlar təqdim etməklə də əmlaka faktiki sahiblik edildiyini sübut etmək mümkündür. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(004)-2955/2023 saylı qərardadından ərizəçinin vəkili və nümayəndəsi tərəfindən verilmiş şikayət həmin məhkəmənin 24 avqust 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(004)-2955/2023 saylı qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə ərizə və ona əlavə edilmiş sənədlərin Qaradağ Rayon Məhkəməsinə göndərilməsi barədə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.2, 39.1 və 39.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların dairəsi MPM-in 307-ci maddəsində təsbit olunmuşdur. Həmin maddədə sadalanan hüquqi əhəmiyyəti olan faktlar sırasında mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin (307.2.9.) müəyyən olunması ilə yanaşı, həm də ayrıca olaraq (307.2.6.) mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması da təsbit edilmişdir. MPM-in 309-cu maddəsi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər üzrə ərizənin verilməsinin ərazi aidiyyətini müəyyən edir. Qeyd olunan maddəyə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrin ümumi qayda olaraq ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. (maddə 309.1). Bununla belə, həmin normada mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilməsinə dair göstəriş istisna hal kimi nəzərdə tutulmuşdur (maddə 309.2.). Daha dəqiq ifadə olunarsa MPM-in 309.1 və 309.2-ci maddələrinə əsasən həmin Məcəllənin 307-ci maddəsində sadalanan xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktlardan mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə, digər hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr isə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırkı iş üzrə ərizəçinin tələbi isə torpaq sahəsindən ibarət olan miras əmlakla bağlı mirasın qəbul edilməsi faktının təsdiq edilməsindən ibarət olduğundan kollegiya hesab edir ki, ərizəyə MPM-in 309.1-ci maddəsinə uyğun olaraq ümumi qaydada ərizəçinin yaşadığı yerin məhkəməsində baxılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(004)-2955/2023 saylı qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(004)- 2955/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməlsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar