Məhkəmə qərarları › İş №2(103)-5956/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5956/2025

24.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5956/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6168/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 4104 manat mələğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiada göstərilib ki, Binəqədi rayonu, Binəqədi şossesi ünvanında yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmişdir. Həmin ünvanda mexaniki tipli sayğac quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı cərimə yazılıb. Bunların heç birindən xəbəri olmayıb. Qaz idarəsində həmin aktı və şəkili tələb etmiş, aktı almış, lakin şəkilləri ala bilməmişdir. Təklif edib ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin amma onlar razı olmayıb, dedilər ki, get məhkəməyə müraciət et. Ona məlum olub ki, 4104 manat cərimə yazıblar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6168/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən İddiaçı **********00077 saylı abonent koduna hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borcun silinməsi; Cavabdehndən 61 (altmış bir) manat 04 (dörd) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********00077 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o, həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə” əsası ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin - iddiaçının **********00077 saylı abonent hesabına “Qalıq və aktlar qrafasında” 12/2022-ci il üçün 2747.52 manat borc, 01/2023-cü il üçün 362.88 manat borc, 02/2023-cü il üçün 267.84 manat borc, 03/2023-cü il üçün 362.88 manat borc, 04/2023-cü il üçün 362.88 manat, ümumilikdə 4104 manat borc yazılmış, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir, iddiaçı həmin borcun silinməsini tələb edir. Bununla belə, Aktlar əsasında yazılmış borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. AKT-lar əsasında ümumilikdə 4104 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda iddiaçı əsassız olaraq hesablanmış 4104 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00077) itirilmiş qazın bərpası məqsədilə yazılmış 4104 manat məbləğində borc silinməlidir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd olunmasını xahiş edib. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzl ər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-522/2025 saylı, 05 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-3851/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qətnaməsi vurulan zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək vurulmuş zərərin əvəzi qismində 1934 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırda tələb edilən borcun silinməsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Həmin işdə hazırkı iddianın faktiki əsasını təşkil xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar” əsasında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış borcun tutulmasının qanuniliyi yoxlanılmış və iddiaçının iddiası qismən təmin olunmuşdur. Ona görə də həmin tələb yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6168/2025 saylı, 29 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5 və 405.0.2ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6168/2025 saylı, 29 avqust 2025-ci il tarixli ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar