Məhkəmə qərarları › İş №2(103)-5961/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5961/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5961/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(009)- 2207/2020 saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMCyə və Bakı şəhəri Cavabdeh2nə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh2 müvafiq sifarişi əsasında hüquqi varisi olduğu atası X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən iki mərtəbəli yeddi otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin satışı ilə əlaqədar cavabdeh “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi və nəticə etibarı ilə “xxxx” ASC ilə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək həmin evin yenidən hərrac yolu ilə satışının təşkil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(009)-2207/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər «xxxx» MMC-yə və Cavabdeh2nə qarşı Cavabdeh2 müvafiq sifarişi əsasında hüquqi varisi olduğu atası X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, yeddi otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin satışı ilə əlaqədar cavabdeh “xxxx” MMC tərəfindən keçirilmiş hərrac nəticələri haqqında yekun protokolunun etibarsız hesab edilərək ləğv edilməsi və nəticə etibarı ilə “xxxx” ASC ilə bağlanmış alqısatqı müqaviləsi ləğv edilərək həmin evin yenidən hərrac yolu ilə satışının təşkil edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli qərardadı ilə İddiaçı Səbail Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(009)-2207/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti bir aylıq prosessual müddət ötürülməklə verildiyindən və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət şikayətə əlavə edilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermis və Bakı Apellyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(103)-3448/2021 saylı qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi İddiaçı Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(009)-2207/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin üzrlü səbəbdən buraxılmış hesab edilməsini və həmin müddətin bərpa edilərək apellyasiya şikayətini aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2020-ci il tarixli, 2(009)-2207/2020 saylı qərardadına əsasən Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(009)-2207/2020 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi əsassız olduğu üçün təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini və prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə məhkəmə iclas zalında onun nümayəndəsinə verilmiş, lakin qətnamə ona nümayəndəsi tərəfindən gec çatdırılmışdır. Hesab edir ki, qeyd olunan qətnamə nümayəndəsinə məhkəmə iclas zalında verilməklə yanaşı ona da rəsmi olaraq təqdim edilməli idi. Belə ki, həmin nümayəndə onun vəkili olmuş və onunla aralarında olan müqavilə yalnız həmin məhkəmədə ona hüquqi yardımın göstərilməsi ilə bağlı olmuşdur. Buna görə də, qeyd olunan qərardaddan şikayət etsə də, onun şikayəti təmin edilməmişdir. Bundan sonra o, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi haqqında həmin məhkəməyə müraciət etmiş və məhkəmə iclasında onun vəkili və nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə iclasında onun vəkili qətnaməni aldığını, lakin iş yükününü çox olması ilə əlaqədar ona verilməsini unutduğundan apellyasiya şikayətinin verilmə müddətinin buraxıldığını bildirərək həmin müddətin buraxılmasını üzürlü hesab edilməsini, qeyd olunan məhkəmə qətnaməsinin iddiaçıya gec təqdim olunmasının nəzərə alınmasını məhkəmədən xahiş etsə də, qeyri obyektiv mövqe nümayiş etdirilərək 27.04.2021-ci tarixli, 2(009)-2207/2020 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. İddiaçı tərəf olaraq məhkəmənin hazırkı mövqeyi ona iddia tələbi üzrə hüquqlarının təmin edilməsində qeyri-obyektiv olmasını düşünməyə əsas verir. Hər bir halda onun məhkəmə qətnaməsindən şikayət etmək hüququ vardır və həmin hüququna məhkəmə hörmətlə yanaşmalıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(009)- 2207/2020 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, İddiaçı məhkəmə iclasında nümayəndəsi və vəkili vasitəsi ilə təmsil olunmuş və bu səbəbdən qətnamənin surəti rəsmi qaydada iddiaçının səlahiyyətli nümayəndəsinə təqdim edilmişdir. İddiaçı qətnamənin nümayəndəsi tərəfindən ona gec təqdim edilməsini göstərsə də, bununla bağlı da hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, qətnamənin surəti rəsmi qaydada iddiaçının etibarnamə əsasında nümayəndəsinə və vəkilinə təqdim olunduğu üçün, həmin qətnamə eyni zamanda iddiaçıya təqdim edilmiş hesab edilir və bu səbəbdən qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı qətnamənin rəsmi verildiyi vaxtdan (10.11.2020-ci il) başlanılmışdır. Lakin iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti iki aydan çox müddət keçdikdən sonra verildiyindən və buraxılmış prosessesual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutlar təqdim olunmadığından, eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən qətnamənin iddiaçıya gec təqdim edilməsi, iş yükünün çoxluğu ilə əlaqədar şikayətin vaxtında verilə bilməməsi üzrlü hal hesab olunmadığı üçün, buraxılmış prosessual müddətin bərpa edilməsi dair ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(009)-2207/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar