Məhkəmə qərarları › İş №2(103)-5961/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5961/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5961/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-97/2025 nömrəli qiyabi qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, ev № 3-də yerləşən 16 №-li mənzilin (bundan sonra – mənzil) təmirinə çəkilən xərclə bağlıdır. 2.Mənzilə dair cavabdeh (satıcı)"xxxx" ASC ilə iddiaçı (alıcı) İddiaçı arasında xx.xx.2010-cu il tarixli 12074 nömrəli alqı-satqı müqaviləsi bağlanıb və mənzili xx.xx.2010-cu il tarixdə alıcıya təhvil verib. Daha sonra satıcı alıcıya qarşı iddia ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin ləğv edilməsini, mənzilin boşaldılmasını və geri təhvil verilməsini tələb edib. İddia onunla əsaslandırılıb ki, alıcı mənzilin qiymətinin ödənilməsi barədə öhdəliyini icra etməyib. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilib, alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və satıcıya geri təhvil verilməsi qət olunub. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Qətnamə 2023-cü ildə icra olunub, mənzil iddiaçıdan (alıcıdan) alınaraq cavabdehə (satıcıya) təhvil verilib. Bundan sonra cavabdeh mənzili başqa şəxsə - X1. 3.Reyestr çıxarışından görünür ki, mənzil üzərində X2 mülkiyyət hüququ xx.xx.2024cü il tarixdə dövlət reyestrində qeydə alınıb. Reyestr çıxarışında mənzilin ünvanı Xıradalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompeksi, ev № 1, mənzil № 116 kimi göstərilib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsi xx.xx.2023-cü il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, mənzilin təmirinə iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi kimi 35.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 5.Tələb onunla əsaslandırılıb ki, mənzil iddiaçıya 2010-cu ildə təmrsiz vəziyyətdə təhvil verilib, 2023-cü ilə kimi mənzil iddaçının sahibliyində olub, mənzil iddiaçının sahibliyində olduğu müddətdə iddiaçı mənzilin təmirinə 35.000 manat xərc çəkib, daha sonra mənzil iddiaçıdan geri alınıb, iddiaçının təmirə çəkdiyi xərcin əvəzi isə ona ödənilməyib. 6.Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, 35.000 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 195 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 8.Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdeh mənzili 2023-cü ildə iddiaçıdan geri alaraq başqasına satıb, mənzil başqasına satılarkən təmirsiz vəziyyətdə olub, hazırda mənzil başqa şəxsin sahibliyindədir. Birinci instansiya məhkəməsi iddiaçının mənzilin pulunu ödəmədən uzun müddət mənzildə yaşadığını, mənzil təmir olunmuş olsayıdı belə, keçən müddət (13 il) ərzində köhnəldiyini nəzərə almayıb. 9.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 10.Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və üçüncü şəxs X4 (mənzilin hazırkı mülkiyyətçisi) məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Mənzil 2010-cu ildə cavabdeh tərəfindən iddiaçıya təmirsiz vəziyyətdə təhvil verilib, 2023-cü ildə iddiaçıdan geri alınarkən təmirli vəziyyətdə olub. İddiaçı bunu təsdiq edən fotoşəkillər təqdim edib (iş v. 78-80). Cavabdeh bunun əksini təsdiq edən sübut təqdim etməyib. Mənzilin təmirinə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin olunub, lakin cavabdeh tədqiqat obyektini (mənzili) ekspertə təqdim etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmayıb. Ekspertin məhkəməyə verdiyi yazılı məlumatdan görünür ki, ekspert xx.xx.2025-ci il tarixdə iddiaçı ilə birlikdə mənzilin yerləşdiyi ünvana gedib, lakin cavabdeh mənzilə baxış keçirilməsinə şərait yaratmayıb, mənzili baxış üçün təqdim etməyib, nəticədə isə ekspertiza tədqiqatının aparılması mümkün olmayıb (iş v. 117). Cavabdehin bu davranışı eksertizanın keçirilməsinə maneə olma kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, mənzilin təmirinə iddiaçı tərəfindən çəkilmiş xərcin məbləğinin 35.000 manat təşkil etməsi müəyyən olunmuş sayılmalıdır. 12.Bundan başqa, cavabdehin nümayəndəsi iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində keçirilmiş məhkəmə iclaslarına gəlməyib. Bu səbəbdən birinci instansiya məhkəməsi işə qiyabi icraat qaydasında baxıb. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi ilk məhkəmə iclasına gəlməyib, onun iştirakının təmin edilməsi üçün işə baxılması bir dəfə təxirə salınıb, lakin cavabdehin nümayəndəsi növbəti məhkəmə iclasına da gəlməyib. Göründüyü kimi, cavabdeh ekspertizanın keçirilməsinə mane olmaqla kifayətlənmir, nümayədəsini izahat vermək üçün məhkəmə iclaslarına göndərmir, bununla həm də məhkəmənin suallarına cavab verməkdən yayınır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının izahatında bildirdiyi məlumatlara istinad olunmaqla mənzilin təmirinə iddiaçı tərəfindən çəkilmiş xərcin məbləğinin 35.000 manat təşkil etməsi müəyyən olunmuş hesab edilməlidir. 13.İddiaçı təmirsiz vəziyyətdə əldə etdiyi mənzili təmirli vəziyyətdə cavabdehə qaytarıdığına görə, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına 35.000 manat həddində varlanmış hesab olunur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 35.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. 14.Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, iddiaçı mənzilin pulunu ödəmədən uzun müddət mənzildə yaşayıb. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cavabdeh indiyə kimi bu əsasla iddiaçıya qarşı hər hansı tələb irəli süməyib. 15.Cavabdeh apellyasiya şikayətində daha sonra qeyd edib ki, mənzil təmir olunmuş olsayıdı belə, keçən müddət (13 il) ərzində təmir köhnəlmiş sayılır. Bununla bağlı məhkəmə qeyd edir ki, keçən müddət ərzində təmir işlərinin aparılması üçün zəruri olan inşaat materiallarının qiymətində də bahalaşma olub. Mənzilin təmirinə iddiaçı tərəfindən çəkilmiş xərcin məbləğinin, o cümlədən aşınma nəticəsində təmirin hazırkı dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi zəruri idi, lakin cavabdeh ekspertizanın keçirilməsinə mane olduğuna görə, bu, mümkün olmayıb. 16.Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-97/2025 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar