Məhkəmə qərarları › İş №2(103)-5966/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5966/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5966/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Üçüncü şəxs “xxxx (Azərbaycan)” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-145/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı Məmməd oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məmməd oğlunun – cavabdeh “xxxx” MMC-yə (üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qeyd edilən və “xxxxASC cəlb edilən) qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X7 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və “xxxx” MMC-nin hərracın nəticələrinə dair 14.06.2017-ci il tarixli Y-333 saylı protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, “xxxx (Azərbaycan)” ASC dən kredit almaqla ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X7 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evini girov qoymuşdur. O, ödənişləri vaxtında yerinə yetirmədiyi üçün Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4296/15 nömrəli, 12.11.2015-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Bildirmək istəyir ki, ona məxsus əmlak 450.000 manat qiymətləndirilməklə “İpoteka haqqında” Qanunun tələblərinə əsasən satılması üçün hərraca çıxarılmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 63/8YQ saylı 20.09.2016-ci ilin sifariş məktubu ilə əmlakı hərraca çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 02 dekabr 2016-cı il tarixli 5369 saylı bildirişdən görünür ki, ilkin salış qiyməti 450.000 manat olmaqla 21.12.2016-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X7 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinin açıq hərracda satılmasına dair bildiriş göndərilmişdir. Həmin hərrac barədə də onun məlumatı olmamışdır. Birinci hərrac baş tutmadığından “xxxx” MMC 25.01.2017-ci il tarixdə təkrar hərracın keçirilməsinə dair 23.12.2016-cı il tarixli 5760 saylı bildiriş göndərmiş, həmin bildiriş də ona çatmamışdır. Onun ümumiyyətlə bu hərracların necə və nə vaxt keçirilməsinə dair məlumatı olmamışdır. Ümumiyyətlə isə o, həmin evdə yaşamır, məktubların hamısı həmin evə göndərilmiş və onun tərəfindən heç biri alınmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-145/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı Məmməd oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx (Azərbaycan)" ASC dən kredit almaqla ona məxsus Bakı şəhəri. Xəzər rayonu. Şüvəlan qəsəbəsi. X7 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evini girov qoymuşdur. O. ödənişləri vaxtında yerinə yetirmədiyi üçün Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )- 4296/15 nömrəli. 12.1 1.2015-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Bildirmək istəyir ki. ona məxsus əmlak 450.000 manat qiyməlləndirilməklə “İpoteka haqqında” Qanunun tələblərinə əsasən satılması üçün hərraca çıxarılmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 63/8YQ saylı 20.09.2016-ci ilin sifariş məktubu ilə əmlakı hərraca çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 02 dekabr 2016-cı il tarixli 5369 saylı bildirişdən görünür ki. ilkin salış qiyməti 450.000 manat olmaqla 21.12.2016-ci il tarixdə Bakı şəhəri. Xəzər rayonu. Şüvəlan qəsəbəsi. X7 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinin açıq hərracda satılmasına dair bildiriş göndərilmişdir. Həmin hərrac barədə də onun məlumatı olmamışdır. Birinci hərrac baş tutmadığından “xxxx" MMC 25.01.2017-ci il tarixdə təkrar hərracın keçirilməsinə dair 23.12.2016-cı il tarixli 5760 saylı bildiriş göndərmiş, həmin bildiriş də ona çatmamışdır. Onun ümumiyyətlə bu hərracların necə və nə vaxt keçirilməsinə dair məlumatı olmamışdır. Ümumiyyətlə isə o. həmin evdə yaşamır, məktubların hamısı həmin evə göndərilmiş və onun tərəfindən heç biri alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “xxxx (Azərbaycan)” ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-145/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.09.2018ci il tarixli, 2(009)-1399/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Məmməd oğlu cavabdehlər “xxxx" MMC-yə və “xxxx (Azərbaycan)” ASC-yə qarşı «hərracın etibarsız hesab edilməsi, verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X7 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi, xxxxnin hərracın nəticələrinə dair 14.06.2017- ci il tarixli Y-333 saylı protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “xxxx” ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi və onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi “iddiaçının hərracın təyin olunması və keçirilməsindən kifayət qədər məlumatının olması, həmçinin iş materialları ilə hərracın qanunun tələblərinə riayət edilməklə keçirildiyi, Bakı Apellyasiya Məhkəməsinin 06.12.2016-cı il tarixli qətnaməsinə uyğun olaraq 335.000 manat ilkin satış qiyməti ilə 12 aprel 2017-ci il tarixdə hərraca çıxarıldığı, ilkin hərracın baş tutmaması səbəbindən ilkin satış qiymətinin 15% azaldılaraq 17 may 2017-ci il tarixdə təkrar hərraca çıxarıldığı və təkrar hərracın da baş tutması səbəbindən "xxxx” (Azərbaycan) ASC-nin ipoteka saxlayan olaraq hüququndan istifadə edərək, 1 ay müddəti ötürmədən 14 iyun 2017-ci il tarixdə təkrar hərracdakı qiymətdən, yəni 335.000 manatdan 25% az 213.563 manat qiymətinə ipoteka predmetini qəbul etdiyi, həmçinin ipoteka predmeti olmuş Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X7 küçəsi 9 «A» saylı fərdi yaşayış evinin satılması məqsədilə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrini əks etdirən 14.06.2017-ci il tarixli Y- 333 nömrəli protokolun etibarsız sayılması üçün hər hansı bir əsas yoxdur” – qənaətinə gələrək qeyd edilən qətnaməsi ilə İddiaçı Məmməd oğlunun - cavabdehlər «xxxx" MMC-yə və “xxxx (Azərbaycan)” ASC-yə qarşı «hərracın etibarsız hesab edilməsi, verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-202/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli, 2(009)-1399/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.07.2019-cu il tarixli 2(102)-5211/2019 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-202/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı Məmməd oğlunun hazırki iddia tələbi ilə “xxxx” MMC tərəfindən tərtib edilmiş Y-333 nömrəli, 14 iyun 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müavilənin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı Məmməd oğlu və cavabdeh “xxxx” MMC) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli, 2(009)- 1399/2018 saylı qətnaməsi İddiaçı Məmməd oğlu ilə üçüncü şəxs “xxxx” (Azərbaycan) ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X7 döngəsi küçəsi 9A saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Y-333 nömrəli, 14 iyun 2016-cı il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qətnamə ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələyə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Məhkəmə üçüncü şəxs “xxxx (Azərbaycan)” ASC-in nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir, məhkəmə mübahisəsi üzrə tərəflərin iddiaçı və cavabdeh olduğunu, “xxxx (Azərbaycan)” ASC-in isə hazırki işə cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyini nəzərə alaraq, “xxxx (Azərbaycan)” ASC tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirməyi məqsədə müvafiq hesab etmir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilənlər hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-145/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Məmməd oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-145/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar