Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5969/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5969/2022 (Açar sözlər: sığorta haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-919/2022 saylı 01 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunun ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, İddiaçı idarə etdiyi mülkiyyətində olan “Wolkswagen Tuareg” markalı ** CA *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 Sayyaf oğlunun idarə etdiyi ** RB *** dövlət qeydiyyatlı “Renault Megane” markalı avtomobil sol yan hissəsindən vurmuşdur. İddiaçı avtomobilinə zərər vuran avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC və Cavabdeh2 Seyyaf oğluna qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4,630 manat maddi zərərin, 150 manat qüsur aktına görə ödənilən pulun və 1000 manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunun ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş, idarə etdiyi mülkiyyətində olan "Wolkswagen Tuareg" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh2 idarə etdiyi ** RB *** dövlət qeydiyyatlı "Renault Megane" markalı avtomobil sol yan hissəsindən vurmuşdur. Bu yol nəqliyyat hadisəsi üzrə Cavabdeh2 Nizami Rayon DYPŞ tərəfindən inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbehvermə haqında Qərar tərtib edilərək məsuliyyətə cəlb edilmişdir. Sonra o, avtomobilinə vurulan zərərlə bağlı zərər vuran avtomobilin icbari sığortaolunduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəvət edilmiş və burada ona avtomobilinə dəymiş zərərin 2100 manat həddində qiymətləndirildiyi bildirilmişdir. İddiaçı onlara avtomobilinə dəymiş zərərin bu məbləğdən daha çox olduğunu, pensiyaçı və müharibə veteranı kimi avtomobilinin tam təmiri üçün əlavə ödəmə imkanlarının olmadığını bildirmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən avtomobilinə dəymiş zərərin təkrar qiymətləndirilməsi aparılacağı bildirilmişdir. Təkrar qiymətləndirmədən sonra isə, dəymiş zərər cəmi 100 manat artırılaraq 2200 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı bu məbləğlə razılaşmayaraq avtomobilinə dəymiş zərərin daha çox olduğunu desə də, "xxxx" ASC 2200 manat məbləğdən artıq heç bir vəsait ödəməyəcəklərni bildirmişdir. Bütün bunlardan sonra o, Azərbaycan Automobiles QSC-yə ("Wolkswagen" Servis) müraciət edərək avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi üzrə Qüsur aktı almışdır. Həmin Qüsur aktı ilə avtomobilinə dəymiş zərər 7041.40 AZN məbləğində qiymətləndirilmişdir. Eyni zamanda "xxxx" ASC-nin avtomobilinə dəymiş zərərin obyektiv və ədalətli qiymətləndirməməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sığorta fealiyyətinə nəzarət idarəsinə yazılı müraciət etmişdir. Buradan isə "xxxx" ASC-yə avtomobilə dəymiş zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməli olduğu bildirilmişdir. Bundan sonra "Bakı Ekspertiza Mərkəzi” MMC tərəfindən avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi üzrə onun hesabına ekspertiza keçirilmiş və dəymiş zərər 4630 AZN məbləğində qiymətləndirilmişdir. Lakin “Günay Sığorta" ASC dəymiş zərərin 4630 AZN məbləğində müəyyən edilməsi ilə də razılaşmamış və özünün müəyyən etdiyi 2200 manat məbləğdən artıq vəsait ödəməyəcəyini bildirmişdir. Həmçinin, "xxxx" ASC-nin bu cür qanunsuz davranışları, süründürməçiliyi və onu get-gələ salması iddiaçıya əlavə iztirablar yaşadaraq mənəvi zərər vurmuşdur. Həmçinin, indiyədək avtomobilini zərər yetirilmiş formada sürməyə məcbur olmuşdur.
4. xx.xx.2022-ci il tarixli 9/3458-8/1232 No-li məhkəmə ekspertizasının rəyindən görünür ki, "Volkswagen" markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 4,530 manat müəyyən edilmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyul 2022-ci il tarixli 2(009)-919/2022 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilməsi, İddiaçı məxsus Volkswagen markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci kimi 4,530 manat pul vəsaiti Cavabdeh1 ASC-dən alınıb İddiaçı ödənilməsi, iddiaya məhkəmədə baxılması üçün ödənilməli olan dövlət rüsumunun 40 manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınıb dövlət büdcəsinə köçürülməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh1 ASC-dən tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 883, 884.5-ci, «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 6.1, 7, 15.3, 20.2, 56.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119, 214.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iş üzrə təkrar ekspertiza təyin edilərək, həmin ekspertizanın verdiyi rəyə müvafiq olaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apelyasiya şikayətində göstərilmişdir ki, ekspertiza keçirilən zaman ekspert tərəfindən "Wolkswagen Tuareg" markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmiş, ümumiyyətlə ekspertizanın gedişinə tərəflər cəlb olunmamışdır. Tərəflərindən təkrar ekspertizanın keçirilməsi üçün vəsatət verilmiş, lakin əsassız olaraq vəsatətləri təmin edilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayətinə etirazda göstərilmişdir ki, məhkəmə tərəfindən təyin edilmişməhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə görə avtomobilinə dəymiş zərər 4530 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsini uzatmaq məqsədi daşıyır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edək iddiaçı apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 883.1 Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
14. Maddə 884.3 Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
15. Maddə 922 Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
16. Maddə 926.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 925.3-cü maddəsinə əsasən isə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunu
17. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
18. Maddə Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.
19. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
20. Maddə 15.1 İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
21. Maddə 16.4 Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
22. Maddə 20.2 Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
23. Maddə 20.3 Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Cavabdeh tərəfindən qətnamə iddianın təmin olunması hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
32. "xxxx" ASC, hadisəni törətmiş şəxsin mülki məsuliyyətinin "xxxx" ASC tərəfindən sığortalanmış olduğunu və xx.xx.2022-ci il tarixdə sığorta hadisəsinin baş verərək həmin sürücünün təqsirindən iddiaçının avtomobilinə ziyan dəydiyini mübahisələndirmir; mübahisəli olan, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlıdır ki, bununla əlaqədar "xxxx" ASC-nin irəli sürdüyü arqumentə görə ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmamalıdır.
33. Başqa sözlə "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Bu səbəblə kollegiya, tərəflərin mübahisələndirmədikləri hallarla əlaqədar əlavə əsaslandırma aparmayaraq və birinci instansiya məhkəməsinin məhz "xxxx" ASC-dən iddiaçının xeyrinə sığorta ödənişinin tutulmalı olması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
34. Kollegiya cavabdehin apellyasiya şikayətində ekspertizanın düzgün keçrilməməsi və təkrar ekspertiza keçirilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəmənin əsaslandırılmış qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin vermiş olduğu rəy kifayət qədər müstəqil və əsaslı şəkildə tərtib olunmuşdur. Bundan başqa iş üzrə ekspertiza təyin edilərkən məhkəmə tərəfindən iş üzrə hər iki tərəfə ekspertiza qarşısında qoyulacaq suallara təklif verməsi üçün şərait yaradılmış, lakin cavabdeh tərəfindən bununla bağlı heç bir təklif verilməmişdir.
35. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-919/2022 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov