Məhkəmə qərarları › İş №2(103)-5970/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5970/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5970/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5970/2022 (Açar sözlər: “sığorta ödənişinin ödənilməsi”) Bakı şəhəri 10 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(009)-918/2022 nömrəli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və ailəsi 12 avqust 2021-ci il tarixində Türkiyə Respublikasının Antalya şəhərinə getmişlər.

2. 19 avqust 2021-ci il tarixində Bakıya qayıtmaq üçün əvvəlcə test verilməsi lazım olduğunu iddiaçı və ailəsinə bildirmişlər və onlardan öz hesablarına 17 avqust 2021-ci il tarixində “COVİD-19” testi götürmüşlər.

3. Testin nəticəsi arvadında və uşağında neqativ, iddiaçıda isə pozitiv çıxmışdır. Bu səbəbdən arvadı və uşağı Bakıya yola salınmış, o isə otelin karantin otaqına yerləşdirilmişdir.

4. İddiaçı 10 gün müddətinə orada qalmış və öz hesabına aldığı dərmanlarla müalicə olmuşdur.

5. 27 avqust 2021-ci il tarixdə yenidən öz hesabına “COVİD-19” test götürmüşlər və bu dəfə də onda “COVİD19” testi müsbət olmuşdur.

6. Əlavə olaraq 4 gün yenidən öz hesabına oteldə qalaraq müalicə alandan sonra yenidən öz hesabına “COVİD-19” test vermişdir.

7. Testin nəticəsi neqativ olmuş və iddiaçı Bakıya qayıtmaq üçün yeni tarixə bilet sifariş etmişdir.

8. Yaxın tarixdə bilet olmadığından 4 gün sonraya bilet almış və həmin 4 günü yenidən öz hesabına oteldə qalmalı olmuşdur.

9. İddiaçı ailəsi ilə tur bileti alıb Antalyaya gedəndə Cavabdeh Sığorta Şirkəti tərəfindən bu kimi hallar baş verərsə, onlara sığorta pulunun ödənilməsi nəzərdə tutularaq 15000 ABŞ Dolları məbləğində sığorta olunmuşdurlar.

10. Lakin iddiaçının xəstələnməsinə baxmayaraq, sığorta şirkəti tərəfindən ona heç bir köməklik olunmamışdır.

11. Cavabdeh Sığorta Şirkəti onları sığorta edərkən əlavə məlumatlar vərəqəsi təqdim etmiş və bu kimi hallarla qarşılaşarsa onlara 15000 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə məlumat vermişdir.

12. Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ST 20308 saylı «Səfər sığortası şəhadətnaməsi» müqaviləsi rəsmiləşdirmişdir. Həmin şəhadətnamənin bəndlərinə əsasən hazırki iş üzrə cavabdeh sığortalını 15.000 ABŞ dolları məbləğində sığortalamışdır. Müqavilədə səfərin ləğv edilməsi və ya tarixinin dəyişdirilməsi üzrə sığorta məbləği limiti 750 ABŞ dolları müəyyən olunmuşdur.

13. İddiaçıya məxsus kart hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya məxsus kart hesabından cəmi 763,04 manat vəsait çıxarılmışdır.

14. 18.08.2021-ci il tarixli laboratoriya analizinin nəticəsindən görünür ki, İddiaçı PCR 1 testinin nəticəsi Pozitiv çıxmışdır.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti tərəfindən ona ödənilməli olan xəstəlik xərcləri 3450 manat, səfərin ləğv edilməsi tarixi dəyişdirilməsinə görə 750 manat, işə getmədiyinə görə 1000 manat əmək haqqı, ümumilikdə 5200 manat pulun ona verilməsinə və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və ailəsi 12 avqust 2021-ci il tarixində Antalya şəhərinə getmişlər. 19 avqus 2021-ci il tarixində Bakıya qayıtmaq üçün əvvəlcə test verilməsi lazım olduğunu onlara bildirdilər və onlardan öz hesablarına 17 avqust 2021-ci il tarixində “COVİD-19” testi götürdülər. Testin nəticəsi arvadında və uşağında neqativ, onda isə pozitiv çıxdı. Bu səbəbdən arvadı və uşağı Bakıya yola salındı, o isə otelin karantin otaqına yerləşdirildi. 10 gün müddətinə orada qalmalı və öz hesabına aldığı dərmanlarla müalicə olmalı oldu. 27 avqust 2021-ci il tarixdə yenidən öz hesabına “COVİD-19” test götürdülər və bu dəfə də onda “COVİD19” testi müsbət oldu. Əlavə olaraq 4 gün yenidən öz hesabına oteldə qalaraq müalicə alandan sonra yenidən öz hesabına “COVİD-19” test verdi. Testin nəticəsi neqativ oldu və o, Bakıya qayıtmaq üçün yeni tarixə bilet sifariş etdi. Yaxın tarixdə bilet olmadığından 4 gün sonraya bilet aldı və həmin 4 günü yenidən öz hesabına oteldə qalmalı oldu. Onlar tur bileti alıb Antalya şəhərinə gedəndə Cavabdeh Sığorta Şirkəti tərəfindən bu kimi hallar baş verərsə, onlara sığorta pulunun ödənilməsi nəzərdə tutularaq 15000 ABŞ Dolları məbləğində sığorta olunmuşdular. Lakin onun xəstələnməsinə baxmayaraq, sığorta şirkəti tərəfindən heç bir köməklik olunmadı. Cavabdeh Sığorta Şirkəti onları sığorta edərkən əlavə məlumatlar vərəqəsi təqdim etmiş və bu kimi hallarla qarşılaşarsa onlara 15000 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə məlumat vermişdir. Məlumat üçün bildirir ki, o, xəstəlik səbəbindən oteldə əlavə qaldığı günlərin pulunu, 4 dəfə əlavə olaraq verdiyi testlərin pulunu və müalicə üçün lazım olan 14 günlük dərman preparatlarının pulunu özü öz hesabına etmişdir. Antalya şəhərində 2320 manat, Bakıya gəldikdən sonra 1150 manat, müalicə üçün ümumilikdə 3450 manat pul xərcləmişdir. Ona görə də, Cavabdeh Sığorta Şirkəti tərəfindən ona ödənilməli olan xəstəlik xərcləri 3450 manat, səfərin ləğv edilməsi tarixi dəyişdirilməsinə görə 750 manat, işə getmədiyinə görə 1000 manat əmək haqqı, ümumilikdə 5200 manat pulun ona verilməsinə və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, 17 avqust 2021-ci il tarixində ondan götürülən (COVİD-19) testi pozitiv çıxdıqdan sonra qaldığı oteldə onu karantin otağına salaraq telefonunu əlindən almış və ona yalnız bir paket dərman verərək otağın qapısını arxadan bağlamışlar. Onun qaldığı otaqda daxili telefon işləmədiyi, qızdırması çox yüksək olduğu və onunla heç kim maraqlanmadığı üçün o məcburiyyət qarşısında qalaraq pəncərəni açıb yoldan keçənlərdən qapının açılmasında ona yardım göstərmələrini xahiş etmişdir. Yalnız bundan sonra gəlib otağın qapısını açaraq onunla maraqlanmışlar. Oteldə qalan bir azərbaycanlı ailəsi ona yardım göstərmiş, ona lazımi dərmanları, yemək alıb gətirmişdir. Yalnız qapı açıldıqdan sonra o, telefonunu geri alaraq onu xaricə göndərmiş turist şirkətinə, sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinə hadisə barədə məlumat verməyi xahiş etmişdir. Otel tərəfindən də onu xaricə göndərən turist şirkətinə onun “COVİD-19” testinin cavabı göndərilmişdir. O özü də hadisə barədə sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinin telefonuna vatsapla məlumat vermişdir. O, xəstəlik səbəbindən oteldə əlavə qaldığı günlərin pulunu, 4 dəfə əlavə olaraq verdiyi testlərin pulunu və müalicə üçün lazım olan 14 günlük dərman preparatlarının pulunu özü öz hesabına etmişdir. Bunu onun əmək haqqı kartından çıxarışdan da görmək olur ki, həmin çıxarışı o, məhkəməyə təqdim etmişdir. Beləliklə, o, Antalyada əlavə qaldığı günlərə görə 2320 manat, Bakıya gəldikdən sonra müalicəsinə 1150 manat pul xərcləmişdir. O, Azərbaycana qayıtdıqdan sonra dəfələrlə sığorta şirkətinə sığorta ödənişi ilə bağlı şifahi şəkildə müraciətlər etmiş, lakin hal-hazıradək ona heç bir cavab verilməmiş, ona sığorta ödənişi ödənilməmişdir. Ona görə də, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəməyə etirazını təqdim edərək izah etmişdir ki, cavabdehlə iddiaçı arasında ST-20308 saylı səfər sığortası müqaviləsi bağlanmışdır. Müqavilədə azadolma məbləği 30 ABŞ dolları, Səfərin ləğv edilməsi və ya tarixinin dəyişdirilməsi üzrə sığorta məbləği limiti 750 ABŞ dolları müəyyən olunmuşdur. İddia ərizəsinə görə iddiaçı xx.xx.2021-ci il tarixində “COVİD-19” testi müsbət çıxdığı üçün Bakıya qayıda bilməmiş və Antalyada oteldə qalmalı olmuş, verdiyi PZR testi və müalicə üçün ödədiyi pulun, səfərin ləğvi ilə bağlı 750 manat, eləcə də oteldə qalmaq pulu, Bakıda müalicə pulunun və əmək haqqı üçün 1000 manat ümumilikdə 5200 manat ödənişin verilməsini tələb edir. Aşağıdakılara əsasən iddiaçının tələbini əsassız hesab edirlər. Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilən “Səfər sığortası” Qaydalarının 27.2-ci bəndinə əsasən səfərin ləğv edilməsinin və ya tarixlərinin dəyişdirilməsinin sığortası zamanı sığorta predmeti Sığortalının dəyəri ödənilmiş xaricə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi nəticəsində çəkdiyi xərclərdir. Qaydaların “Səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsibölməsinin 28.1 - 28.2-ci bəndinə əsasən aşağıda qeyd edilənlər sığorta hadisəsi hesab edilir: 28.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş və baş verməsi nəticəsində Sığortaçının sığorta ödənişi verməsi öhdəliyini yaranan hallar sığorta hadisəsi hesab edilir. 28.2. O hallar sığorta hadisəsi hesab edilir ki, onlar sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş olsun və səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərlə sübuta yetirilsin: -Sığortalının və ya onun yaxın qohumunun ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir. Bu Qaydalara əsasən yaxın qohum dedikdə, ata və ana, uşaqlar (övladlığa götürülənlər daxil olmaqla), həmçinin doğma bacı və qardaşlar nəzərdə tutulur; -Sığortalının və ya onun yaxın qohumunun və ya həyat yoldaşının ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir; -Sığorta müqaviləsi qüvvəyə mindikdən sonrakı dövrdə məhkəmə orqanı tərəfindən verilmiş qərara əsasən Sığortalının sığorta müddəti ərzində məhkəmə işinə baxılmasında iştirakı tələb edildikdə; -Sığortalının, onun həyat yoldaşının, yaxın qohumun xəstələnməsi və / və ya ölümü ilə bağlı olaraq, həkim məsləhətinə əsasən Sığorta olunanın xaricdən vaxtından əvvəl geri qayıtması; -Səfərin son tarixinin keçməsinə baxmayaraq, Sığortalının onunla birlikdə səfər edən həyat yoldaşının və ya yaxın qohumların ölümü, bədbəxt hadisə baş verməsi və ya xəstəliyi səbəbilə xəricdən geri qayıtmasının gecikməsi. Sığorta qaydalarının 29-cu maddəsinə əsasən Sığortaçı 28.2-cı bənddə göstərilən səbəblərə görə səfərin ləğv edilməsi ilə bağlı Sığorta olunan tərəfindən çəkilən aşağıdakı xərcləri əhatə edir: -Sığorta olunanın səfərə çıxa bilməməsi nəticəsində müqavilədə (və ya turizm şirkəti tərəfindən hazırlanmış digər səfər sənədində) turist xidmətləri üçün müəyyən edilmiş kompensasiya; -Səfər sənədlərinin ləğv edilməsi, oteldə otaq rezervasıyasından imtina və s. ilə bağlı olan və nəqliyyat şirkətinin, konsulluğun, otelin və s. sənədləri ilə təsdiqlənmiş xərclərin kompensasiyası. Qaydaların 29.2-ci bəndinə əsasən Sığortaçının xaricdən vaxtında geri qayıda bilməməsinə görə yaranan, Sığorta olunan tərəfindən ödənilən və sənədlərlə sübut edilən xərclən müqavilədə müəyyən edilmiş sığorta məbləği çərçivəsində geri qaytarır. Bu zaman "ekonom” sinfinə aid biletlərin əldə edilməsinə, təcili birdəfəlik mesajın çatdırılmasına (telefon, telefaks, teieqram) çəkilən xərclər qarşılanır, həmçinin turizm agentliyi - səfərin təşkilatçısı tərəfindən təsdiqlənən turizm şirkəti ilə müqaviləyə əsasən xaricdə qalma müddətinin istifadə edilməyən hissəsi üçün oteldə qalma xərclən də ödənilir. Səfər sənədlərinin əldə edilməsi xərcləri yalnız o halda qarşılanır ki, ilkin biletin əvəz edilməsi mümkün olmasın. Səfər sənədlərinin yenidən rəsmiləşdirilməsi zamanı Sığortaçı səfər sənədlərinin yenidən rəsmiləşdirilməsi ilə bağlı sənədlərlə təsdiq edilən xərcləri qarşılayır. Qaydaların 29.3- cü bəndinə əsasən sığortaçı tərəfindən səfər vaxtının sona çatmasından sonra Sığorta olunanın xaricdən geri qayıtmasının gecikməsi nəticəsində yaranan və sənədlərdə təsdiq edilən xərcləri sığorta müqaviləsindəki sığorta məbləği çərçivəsində qarşılayır. Bu zaman Sığorta olunanın səviyyəsi 3 ulduzdan yüksək olmayan oteldə 5 (beş) gündən uzun olmayacaq müddətə qalması, turistik sinfə aid səfər biletlərinin satınalınmasına, təcili birdəfəlik mesajın çatdırılmasına (telefon, telefaks, teleqram) çəkilən xərclər ödənilir. Səfər sənədlərinin əldə edilməsi xərcləri yalnız o halda qarşılanır ki, ilkin biletin əvəz edilməsi mümkün olmasın. Səfər sənədlərinin yenidən rəsmiləşdirilməsi zamanı Sığortaçı səfər sənədlərinin yenidən rəsmiləşdirilmədi ilə bağlı sənədlərlə təsdiq edilən xərcləri qarşılayır. Qaydaların 31.1- ci bəndinə əsasən Sığorta olunan sığorta hadisəsinin baş verməsindən sonrakı 5 gün ərzində sığorta hadisəsinin baş verməsi haqqında Sığortaçıya məlumat verməlidir. Sığorta hadisəsi baş verdikdən sonrakı 30 gün ərzində Sığorta olunan sığorta ödənişinin alınması üçün ərizə ilə müraciət etməlidir. Ərizədə sığorta hadisəsinin xarakteri və baş verdiyi şərait, xaricə çıxış tarixi əks etdirilməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir (rus və ingilis dillərindən fərqli digər dillərdə olan sənədlərin əslinin tərcümələri): 31.1.1.-turizm xidmətlərinin göstərilməsi üzrə müqavilənin əsli və xidmətlərinin dəyərinin ödənilməsini təsdiqləyən sənədlər; 31.1.2.-turizm agentliyi tərəfindən turizm xidmətlərinin göstərilməsi üzrə müqavilə çərçivəsində alınmış məbləğlərin bir hissəsini Sığortalıya (Sığorta olunana) qaytarmasını təsdiqləyən sənədlər (qaytarılan məbləğin hesablanması və xərc üzrə kassa orderi); 31.1.3.- Sığorta olunanın turizm xidmətlərinin göstərilməsi üzrə müqaviləyə əsasən səfərin ləğv edilməsinə görə tətbiq edilmiş cərimə sanksiyaları ilə bağiı çəkdiyi xərclərlə bağlı turizm agentliyinin arayış; 31.1.4.-nəqliyyat şirkətinin, konsulluğun, otelin və xaricə səfəri təşkil etmək üçün Sığorta olunanın istifadə etdiyi digər təşkilatın sənədləri, hansılar ki, səfər sənədlərinin ləğv edilməsi, oteldə rezerv edilmiş otaqdan imtina edilməsi və s. nəticəsində zərərlərin baş verdiyini sübut edir; 31.1.5.-sığorta hadisəsinin xarakterini müəyyən etmək üçün zəruri olan sənədlər və məlumatlar, daha dəqiq:-Sığorta olunanın və ya onun yaxın qohumlarının xəstələnməsi, xəsarət alması və ya öiməsi nəticəsində səfərin baş verməməsi hallarında -tibb qurumundan arayış, notarial qaydada təsdiqlənmiş ölüm kağızının surəti, Sığorta olunan ilə yaxın qohumun qohumluq əlaqələrini sübut edən sənədlər; -Sığorta olunana məxsus əmlakın zədələnməsi və ya məhv olması nəticəsində səfərin baş verməməsi hallarında -polis orqanlarının və müvafiq inzibati xidmətlərin zərərin baş verməsini sübut edən protokolları; Məhkəmə iclasında iştirak səbəbi ilə səfərin baş verməməsi hallarında - məhkəmə tərəfindən təsdiq edilmiş məhkəməyə çağırış vərəqəsi. Qaydaların 31.5-ci bəndinə əsasən, Sığorta ödənişi Sığorta olunan tərəfindən 31.1.1- 31.1.5 bəndlərdə göstərilən sənədiərin təqdim edildiyi tarixdən sonrakı 30 (otuz) iş gün ərzində Sığortaçı tərəfindən ödənilir. Qaydaların 32.1-ci maddəsinə əsasən aşağıdakılardan biri baş verdikdə, Sığortaçı sığorta müqaviləsinə əsasən sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək hüququna malikdir: 32.1.1.sığorta haqqının tam məbləğdə ödənilməməsi; 32.1.2. Qaydaların 31.1, 31.3 və 31 4-cü bəndlərinin pozulması; 32.1.3. Sığortaçıya sığorta hadisəsinin baş verməsi və çəkilmiş xərclərin məbləğləri ilə bağlı yalan məlumatların təqdim edilməsi; 32.1.4. sığorta hadisəsi ilə bağlı olaraq Sığortaçı tərəfindən ödəniləcək olan zərərin artmasına səbəb olma (qəsdən və ya ehtiyatsızlıq nəticəsində), və ya zərərlərin azaldılması üçün münasib tədbirlərin görülməməsi. Qaydaların 32.3-cü bəndinə əsasən, sığortaçının sığorta ödənişinin verilməsindən imtina qərarı mövcud qanunvericiliyə əsasən Sığortalı (Sığorta olunan) tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. İddia ərizəsində qeyd edildiyinə görə iddiaçının səfərdən qayıda bilməməsi “COVİD 19” testinin müsbət çıxması və qarantinə alınması ilə bağlı olmuşdur. Lakin iddiaçı tərəfindən iş materiallarına Qaydaların 31.1.5-ci bəndində tələb olunan tibbi arayış əlavə edilməmişdir. Bundan əiavə, səfər sənədlərinin ləğv edilməsi, oteldə rezerv edilmiş otaqdan imtina edilməsi və s. nəticəsində zərərlərin baş verdiyini sübut edən, çəkilən xərcləri təsdiq edən sübutlar təqdim edilməmişdir. Eyni zamanda Qaydaların 29.3-cü bəndindən göründüyü kimi, Sığorta olunanın səviyyəsi 3 ulduzdan yüksək olmayan oteldə 5 (beş) gündən uzun olmayacaq müddətə qalmasına təminat verilmişdir. Lakin iddiaçının ərizəsindən belə görünür ki, iddiaçı 5 ulduzlu oteldə qalmış, qalma müddəti isə 10 gündən də çoxdur. Bundan əlavə, iddiaçı Qaydaların 31-ci maddəsinin tələblərinə əməl etməmiş, hadisə barədə Sığorta şirkətinə və onun müqavilədə təyin etdiyi “Remed Assistence” şirkətinə məlumat verməmişdir. Qeyd edilənlər iddiaçıya sığorta ödənişinin verilməsindən imtina üçün əsas yaradır və iddia tələbini əsassız edir. İddiaçının əmək haqqının ödənilməsi və Azərbaycanda aldığı müalicə xərclərinin ödənilməsi ilə bağlı tələbini də əsassız hesab edir. Belə ki, baxılan halda sığortanın predmeti Sığortalının dəyəri ödənilmiş xaricə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi nəticəsində çəkdiyi xərclərdir. Azərbaycanda alınan müalicə və əmək haqqı səfər sığortasının, xüsusilə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi xərcinə daxil deyildir. Göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(009)-918/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Sığorta Şirkətindən səfərin tarixinin dəyişdirilməsinə görə 750 (yeddi yüz əlli) manat, xəstəlik xərcləri olaraq 763,04 (yeddi yüz altmış üç manat dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 17 avqust 2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır.

21. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir.

22. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür.

23. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, cavabdehlə aralarında bağlanmış «Səfər sığortası» müqaviləsi üzrə sığortalanmış iddiaçı və ailə üzvləri Bakıya qayıqmaq üçün öz hesablarına 17 avqust 2021-ci il tarixində “COVİD-19” testi vermiş, PSR testin nəticəsi iddiaçıda pozitiv çıxdığı üçün onun ailə üzvləri Bakıya yola salınmış, iddiaçı isə otelin karantin otaqına yerləşdirilmişdir. İddiaçı 10 gün müddətində oteldə karantində qalmış və öz hesabına aldığı dərmanlarla müalicə olunmuşdur. 27 avqust 2021-ci il tarixdə iddiaçıdan yenidən öz hesabına “COVİD-19” test götürmuşlər və bu dəfə də onda “COVİD-19” testi müsbət olduğundan, əlavə olaraq iddiaçı 4 gün yenidən öz hesabına oteldə qalaraq müalicə alandan sonra yenidən öz hesabına “COVİD-19” test vermişdir. Testin nəticəsi neqativ olmuş və iddiaçı Bakıya qayıtmaq üçün yeni tarixə bilet sifariş etmiş, yaxın tarixdə bilet olmadığından, iddiaçı 4 gün sonraya bilet almış və həmin 4 günü yenidən öz hesabına oteldə qalmalı olmuşdur.

25. Məhkəmə iclasında eləcə də müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinin telefonuna vatsapla məlumat vermiş, otel tərəfindən də iddiaçını xaricə göndərən turist şirkətinə onun “COVİD-19” testinin cavabı göndərilmişdir. Lakin iddiaçı ilə bağlı sığorta hadisəsi baş verdiyinə baxmayaraq, sığorta şirkəti tərəfindən iddiaçıya heç bir sığorta ödənişi olmamışdır.

26. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlavə olaraq oteldə qaldığı müddət ərzində iddiaçı tərəfindən cəmi 763,04 manat vəsait sərf olunmuşdur.

27. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, iddiaçı Antalya şəhərində olarkən xx.xx.2021-ci il tarixdə onunla bağlı sığorta hadisəsi baş vermiş, bununla əlaqədar iddiaçının səfəri ləğv edilmiş və səfərinin tarixi dəyişdirilmiş, onun xəstələnməsi barədə onu xaricə göndərən turist şirkətinə və sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinə məlumat verilmiş, lakin Sığorta şirkəti tərəfindən iddiaçıya hər hansı sığorta ödənişi edilməmişdir.

28. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə, 925.1-ci maddəsinə, 925.5-ci maddəsinə, 935.1.1-ci maddəsinə, “Səfər sığortası” Qaydalarının 27.2-ci bəndinə, Qaydaların “Səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsibölməsinin 28.1 - 28.2-ci bəndinə, Qaydaların 28.2-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

29. Qətnamədən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-918/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

30. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən əlavə olaraq oteldə qalındığı müddət ərzində 763,04 manat vəsait sərf olunmuşdur. Halbuki qətnamədə məhkəmənin həmin sübutu hansı formada məhkəmə iclasında müəyyən etməsi, həmçinin həmin xərclənən vəsaitin təyinatı qeyd edilməmişdir. İddiaçı tərəfindən isə çəkilən xərcin sübutu olaraq yalnız “X1” ASC tərəfindən təqdim edilən “hesab üzrə çıxarış” adlı sənəd məhkəməyə verilmişdir. Belə ki, “X1” ASC tərəfindən iddiaçıya təqdim edilən “hesab üzrə çıxarış” adlı sənəddən iddiaçının xx.xx.2021-xx.xx.2021-ci il müddəti ərzində cəmi 255,55 manat xərclədiyi görünür. Göstərilən məbləğin isə cəmi 123,08 manat hissəsi tibbi xərclər üçün “X2” Mərkəzinə ödənilmişdir. Həmçinin həmin tarixlərdə iddiaçının kart hesabında ümumiyyətlə xərclənilməsi üçün 763,04 manat vəsait olmamışdır. Bununla yanaşı səfərin tarixinin dəyişdirilməsinə görə məhkəmə cavabdehdən iddiaçının xeyrinə 750 manat vəsaitin ödənilməsini qət etmişdir. Halbuki iddiaçı tərəfindən həmin xərcin çəkilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Səfərin tarixinin dəyişdirilməsinə dair yalnız uçuş biletlərini təqdim etmişdir ki, həmin uçuş biletlərində məbləğ əks olunmur. Nəticədə sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlərin (səfər sənədlərinin ləğv edilməsi, oteldə rezerv edilmiş otaqdan imtina edilməsi və s. nəticəsində zərərlərin baş verdiyini sübut edən, çəkilən xərcləri təsdiq edən sübutlar) iddiaçı tərəfindən təqdim edilməməsinə baxmayaraq, məhkəmə qeyd edilən hallara qiymət verməmiş, əsaslandırılmamış qətnamə çıxarmışdır. Eyni zamanda Qaydaların 29.3-cü bəndindən göründüyü kimi, Sığorta olunanın səviyyəsi 3 ulduzdan yüksək olmayan oteldə 5 (beş) gündən uzun olmayacaq müddətə qalmasına təminat verilmişdir. Lakin İddiaçının ərizəsindən belə görünür ki, a) İddiaçı 5 ulduzlu oteldə qalmış, b) qalma müddəti isə 10 gündən də çoxdur. Bundan əlavə İddiaçı Qaydaların 31-ci maddəsinin tələblərinə əməl etməmiş, hadisə barədə Sığorta şirkətinə və onun müqavilədə təyin etdiyi “Remed Assistence” şirkətinə məlumat verməmişdir. Qeyd edilənlər iddiaçıya sığorta ödənişinin verilməsindən imtina üçün əsas yaradır və iddia tələbini əsassız edir. Baxılan halda, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozaraq sübutlara hərtərəfli hüquqi qiymət verməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Hesab edir ki, məhkəmənin iddiaçının xeyrinə səfərin tarixinin dəyişdirilməsinə görə 750 manat, xəstəlik xərclərininin əvəzi olaraq 763,04 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi əsassızdır. Belə ki, məhkəmə iş materiallarında olan sübutlarda həmin fakt əks olunmur, qətnaməni əsaslandırmadan iddiaçının xeyrinə müvafiq məbləğdə vəsaitin ödənilməsini qət etmişdir. Bundan başqa məhkəmə qətnaməsində Mülki Məcəlllənin 925.1, 925.5, 935.1.1-ci maddələrinə istinad etsə də, qeyd edilən maddələr işin faktiki hallarına uyğun gəlmir. İstinad edilən maddələr əmlak sığortası növü üzrə baş verən hadisələri tənzimləyir. Bundan başqa qətnamədə sığortaçının hadisənin səbəblərini və dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olunması ilə qeydlər də vardır ki, həmin məsələlər mübahisə predmeti olmamışdır.

b) Apellyasiya şikayətinə yazılı etiraz

31. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

33. 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

34. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.

35. 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir.

36. 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir.

“Səfər sığortası” Qaydalarının:

37. 27.2-ci bəndinə əsasən səfərin ləğv edilməsinin və ya tarixlərinin dəyişdirilməsinin sığortası zamanı sığorta predmeti Sığortalının dəyəri ödənilmiş xaricə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi nəticəsində çəkdiyi xərclərdir.

38. “Səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsibölməsinin 28.1 - 28.2-ci bəndinə əsasən aşağıda qeyd edilənlər sığorta hadisəsi hesab edilir: 28.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş və baş verməsi nəticəsində Sığortaçının sığorta ödənişi verməsi öhdəliyini yaranan hallar sığorta hadisəsi hesab edilir.

39. 28.2-ci bəndinə əsasən o hallar sığorta hadisəsi hesab edilir ki, onlar sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş olsun və səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərlə sübuta yetirilsin: -Sığortalının və ya onun yaxın qohumunun və ya həyat yoldaşının ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

49. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

50. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

52. Belə ki, işin araşdırılan hallarından görünür ki, cavabdehlə aralarında bağlanmış «Səfər sığortası» müqaviləsi üzrə sığortalanmış iddiaçı və ailə üzvləri Bakıya qayıqmaq üçün öz hesablarına 17 avqust 2021-ci il tarixində “COVİD-19” testi vermiş, PSR testin nəticəsi iddiaçıda pozitiv çıxdığı üçün onun ailə üzvləri Bakıya yola salınmış, iddiaçı isə otelin karantin otağına yerləşdirilmişdir. İddiaçı 10 gün müddətində oteldə karantində qalmış və öz hesabına aldığı dərmanlarla müalicə olunmuşdur. 27 avqust 2021-ci il tarixdə iddiaçıdan yenidən öz hesabına “COVİD- 19” test götürmuşlər və bu dəfə də onda “COVİD-19” testi müsbət olduğundan, əlavə olaraq iddiaçı 4 gün yenidən öz hesabına oteldə qalaraq müalicə alandan sonra yenidən öz hesabına “COVİD-19” test vermişdir. Testin nəticəsi neqativ olmuş və iddiaçı Bakıya qayıtmaq üçün yeni tarixə bilet sifariş etmiş, yaxın tarixdə bilet olmadığından, iddiaçı 4 gün sonraya bilet almış və həmin 4 günü yenidən öz hesabına oteldə qalmalı olmuşdur.

53. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinin telefonuna vatsapla məlumat vermiş, otel tərəfindən də iddiaçını xaricə göndərən turist şirkətinə onun “COVİD-19” testinin cavabı göndərilmişdir. Lakin iddiaçı ilə bağlı sığorta hadisəsi baş verdiyinə baxmayaraq, sığorta şirkəti tərəfindən iddiaçıya heç bir sığorta ödənişi olmamışdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Antalya şəhərində olarkən xx.xx.2021-ci il tarixdə onunla bağlı sığorta hadisəsi baş vermiş, bununla əlaqədar iddiaçının səfəri ləğv edilmiş və səfərinin tarixi dəyişdirilmiş, onun xəstələnməsi barədə onu xaricə göndərən turist şirkətinə və sığorta şirkətinin nümayəndəsi “Remed Asistanse” servis mərkəzinə məlumat verilmiş, lakin Sığorta şirkəti tərəfindən iddiaçıya hər hansı sığorta ödənişi edilməmişdir.

55. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh Sığorta Şirkətindən səfərin tarixinin dəyişdirilməsinə görə 750 (yeddi yüz əlli) manat, xəstəlik xərcləri olaraq 763,04 (yeddi yüz altmış üç manat dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

56. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

57. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(009)-918/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar