Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5971/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və yaradılmış maneənin aradan qaldırılması tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “özbaşına tikilinin sökülməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2022-ci il tarixli qətnamədən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün və vəkili Vəkil3, cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İlk iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, bina 12 “B”-da yerləşən 32 saylı mənzildən istifadə etməsinə qonşusu – Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, bina 12 “A”-da yerləşən 32 saylı mənzildə yaşayan cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, onun mənzilə aid pəncərənin qarşısında cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan mənzilin ümumi sahəsi 30 kv.m olmaqla dəhliz, mətbəx, hamam-s/qovşağı və 17 kv.m-lik yaşayış otağından ibarətdir. Yaşayış otağı eni və uzunluğunda mövcud iki pəncərəlidir. Otağın en hissəsində mövcud pəncərə həyətə baxır və binaya bitişik olan 12 “B” saylı ev istiqamətində açılır. Lakin artıq uzun müddətdir ki, cavabdeh tərəfindən pəncərənin qarşısına qanunsuz olaraq ayaqyolu inşa etdirilmiş və ona müraciət etməsinə baxmayaraq ayaqyolu sökülməmişdir. Həmin tikili ilə iddiaçının pəncərəsı arasındakı məsafə 1-2 metrdir. Tikilidə olan nəfəsliyin açılması nəticəsində iddiaçının mənzilinə içəri pis qoxu gəlir. Eyni zamanda otağa düşən işığın qarşısı tamamilə kəsilmişdir. Cavabdeh iddiaçının tələblərinə məhəl qoymadığından iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) Qarşılıqlı iddia barədə məlumat
3. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının qanunsuz olaraq inşa etdiyi və cavabdehin mənzilinin qarşısına çıxmış eyvanın sökülməsi barədə iddiaçının üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh mənzili aldıqdan sonra onun üzərində heç bir dəyişiklik aparmamışdır. Həqiqətən də, cavabdehin mənzilinin divarı ilə iddiaçıya məxsus mənzilin divarı arasındakı məsafə çox azdır, lakin bu yaxınlıq heç də hər birinə məxsus binanın ilkin texniki göstəricilərində nəzərdə tutulmamışdır. Bu hal iddiaçıya məxsus mənzilin texniki pasportu ilə ona məxsus mənzilin texniki pasportundan açıq şəkildə görünür. Qeyd olunan sənədlərə və onun mənzilinin faktiki vəziyyətinə diqqət yetirdikdə görmək olar ki, iddiaçının mənzilinin eyvanına özbaşına tikili əlavə edilmişdir və nəticədə qapalı eyvan yaranmışdır. İlk iddiaya görə cavabdehə məxsus mənzilin sanitar qovşağı məhz iddiaçının özbaşına tikilisinə (qapalı eyvanın bir hissəsinə) düşən işığın qarşısını alır. Bu halda isə tam əminliklə demək olar ki, iddiaçının özbaşına tikilisi nəticəsində cavabdehə məxsus mənzilin eyvan hissəsinin qarşısı kəsilmiş və nəticədə mənzilinə düşən işığın və mənzilə daxil olan havanın qarşısı alınmışdır. Göstərilən hallardan tam aydın olur ki, iddiaçının mənzil hüquqlarının pozulduğu iddia edilən mənzil hissəsi məhz özbaşına tikilidir və cavabdehə məxsus mənzilin hissəsindən normal istifadə etməsinə maneə törədir. Bu halda cavabdehin iddiaçı tərəfindən inşa edilmiş eyvanın sökülməsini tələb etmək hüququ yaranır. c) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
5. Rayon Məhkəməsi iş üzrə qəbil etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, iddiaçıya məxsus mənzilin pəncərəsinin qarşısında cavabdeh tərəfindən inşa etdirilmiş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya məxsus mənzilin eyvan tikilisinin texniki pasportun məlumatlarında göstərilən 6,7 kv.m göstərilmiş lakin eyvan tikilisinin həmin sahədən 1,1 kv.m artıq olan hissəsinin iddiaçının vəsaiti hesabına sökülməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsini, ilk və qarşılıqlı iddiaların məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumların onları ödəmiş şəxslərin özlərinə aid edilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin – 100 manatın ödənilməsi məqsədi ilə iş üzrə tərəflərin hər birindən 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçıya məxsus mənzilinin pəncərəsinin qarşısında cavabdehə məxsus mənzilin texniki pasportunda nəzərdə tutulmamış tikili (ayaqyolu tikilisi 2,40 kv.metr (1,5x1,70 metr) ölçüdə) cavabdeh tərəfindən inşa edilmiş və həmin tikili iddiaçıya məxsus mənzilə düşən təbii işığın və havalandırmanın qarşısını qismən alır. Bundan başqa müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçıya məxsus olan mənzilinin genişləndirilməsi nəticəsində (texniki pasportun məlumatlarına əsasən 6,7 kv.metr olmaqla uzunluğu 3,50 metr eni isə 1,90 metr təşkil etdiyi zamanı faktiki olaraq eyvan tikilisinin ümumi sahəsi 7,8 kv.metr olmaqla, uzunluğu 3,70 metr eni isə 2,10 metr) əmələ gəlmiş sahə cavabdehə məxsus mənzilinin pəncərəsinə yaxınlaşmış və aralarında 1,25 metr ara məsafəsi yaranmışdır. Həmin tikili cavabdehin mənzilinə düşən təbii işığın və havalandırmanın qarşısını qismən alır. Belə olan halda hər iki tikili qanunsuz tikili hesab edilməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 180.1, 180.2 və 180.4-cü maddələrinə əsasən, onları inşa etdirmiş şəxslərin vəsaiti hesabına sökülməlidir. d) Apellyasiya şikayəti barədə məlumat
7. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları ilk iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, ekspertiza tərəfindən verilmiş rəy əsassızdır. İş üzrə təkrar tikintitexniki ekspertizası təyin edilməklə müəyyən olunmalıdır ki, iddiaçıya məxsus mənzilin texniki pasportunda nəzərdə tutulmuş eyvan tikilisinin 1,1 kv.m artıq hissəsi (təqribən 20- 25 sm) cavabdehin mənzilinin pəncərəsini günəş işığından nə dərəcədə məhrum edir. Eyni zamanda müəyyən edilməlidir ki, cavabdehə məxsus mənzilin texniki pasportunda nəzərdə tutulmamış, mövcud qanunsuz tikiliyə bitişik inşa edilmiş ikinci qanunsuz tikili (2,40 kv.m-lik ayaqyolu) onun pəncərəsini günəş işığından nə dərəcədə məhrum edir. Rayon Məhkəməsi qeyd edilən halları müəyyən etməmişdir. Belə olan halda Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassız hesab edilməlidir. Buna görə də, Rayon Məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməli və qarşılıqlı iddia həmin hissədə də, rədd edilməlidir. e) Hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı məlumat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə hər iki iddia qismən təmin edilsə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qətnamədən apellyasiya şikayəti versə də, onun apellyasiya şikayəti qaytarılmış və həmin apellyasiya şikayətinin qaytarılması barədə qərardad qanuni qüvvəyə minmişdir.
10. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş, o, qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin yalnız qarşılıqlı iddianın bir qisminin təmin edilmiş hissəsini mübahisələndirmişdir.
11. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, Məhkəmə, göstərilənləri nəzərə alaraq Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslılığını yalnız qarşılıqlı iddianın bir qisminin təmin edilməsi hissəsində yoxlamışdır. f) Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi
13. Apellyasiya baxışında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.
14. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. g) İşdə olan sənədlər barədə məlumat
15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışlardan” və işdə olan digər sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, bina 12 “B”-da yerləşən 32 saylı mənzil iddiaçının, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 507/511, bina 12 “A”-da yerləşən 32 saylı mənzil isə cavabdehin mülkiyyətindədir.
16. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və təqdim etdikləri fotoşəkillərdən bəlli olur ki, cavabdeh tərəfindən iddiaçının mənzilinin pəncərənin qarşısına qanunsuz olaraq ayaqyolu inşa etdirilmişdir. Eyni zamanda iddiaçı, özünə məxsus mənzilin ümumi həyətə baxan hissəsində əlavə tikili inşa etdirməklə mənzilin sahəsini artırmışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş 10/3968 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ilk iddia üzrə iddiaçıya məxsus mənzilin pəncərəsinin qarşısında cavabdehə məxsus mənzilin texniki pasportunda nəzərdə tutulmamış tikili (ayaqyolu tikilisi 2,40 kv.metr (1,5x1,70 metr) ölçüdə) cavabdeh tərəfindən inşa edilmiş və həmin tikili iddiaçıya məxsus mənzilə düşən təbii işığının və havalandırmanın qarşısını qismən alır. Bundan başqa müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçıya məxsus olan mənzilin genişləndirilməsi nəticəsində (texniki pasportun məlumatlarına əsasən 6,7 kv.metr olmaqla uzunluğu 3,50 metr eni isə 1,90 metr təşkil etdiyi zamanı faktiki olaraq eyvan tikilisinin ümumi sahəsi 7,8 kv.metr olmaqla, uzunluğu 3,70 metr eni isə 2,10 metr) əmələ gəlmiş sahə cavabdehə məxsus mənzilin pəncərəsinə yaxınlaşmış və aralarında 1,25 metr ara məsafəsi yaranmışdır. Həmin tikili cavabdehin mənzilinə düşən təbii işığın və havalandırmanın qarşısının qismən alır. h) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
18. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edir ki, iş üzrə ekspertiza tərəfindən verilmiş rəy əsassızdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassız hesab edilməlidir. Çünki qarşılıqlı iddianın bir qismini təmin etmiş Rayon Məhkəməsi iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin etməmişdir. Buna görə də, iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilməlidir.
19. Məhkəmə bildirir ki, iddiaçı, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3968 saylı, xx.xx.2021-ci il tarixli rəy ilə razı olmadığını bildirsə də, iş üzrə təkrar tikintitexniki ekspertizası təyin edilməsi barədə vəsatəti işə baxmış Rayon Məhkəməsinə verməmişdir.
20. MPM-nin tələblərinə görə, hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 184.3.). Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (maddə 361.4.).
21. Lakin apellyasiya baxışı zamanı iddiaçı, bu kimi vəsatətin Rayon Məhkəməsinə verilməsinin qeyri-mümkün olmasının ondan asılı olmayan üzürlü səbəbdən baş verməsini əsaslandıra bilməmiş, bu halı təsdiq edə biləcək sübutu (sübutları) Məhkəməyə təqdim etməmişdir.
22. Bundan başqa Məhkəmə qeyd edir ki, apellyasiya baxışı zamanı ekspert rəyi nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, rəy kifayət qədər əsaslandırılmışdır.
23. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsaslı hesab etməmiş və iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin etməmişdir.
24. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).
25. Beləliklə də, qeyd edilən maddi hüquq normalarının tələblərinin işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) qanunsuz inşa etdiyi tikili cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mülkiyyət hüququnu pozur. Cavabdeh pozulmuş hüququnun bərpa edilməsini tələb etməkdə, Rayon Məhkəməsi isə eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşlar. i) Apellyasiya instansiyası məhkəməsinin nəticəsi
26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.
27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özlənə aid edilməlidir.
30. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 fevral 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.