Məhkəmə qərarları › İş №2(103)-5974/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5974/2021

07.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5974/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iltizamın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verdiyi 20.000 manat borcu olmasına dair 02.06.2018-ci il tarixli iltizamın etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-655/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh anası ilə onun həyat yoldaşı Anjelika Kukuşkina arasında dostluq münasibətləri olduğundan tez-tez bir-birlərinin evinə gediş-gəlişləri olmuşdur. Cavabdeh Lalə xanımın uşaqlığı demək olur ki, onların evində keçmiş və onun həyat yoldaşı Laləyə ana kimi qayğı göstərmişdir. Sonradan iddiaçı işi ilə əlaqədar olaraq öz uşağını da demək olar hər gün onun həyat yoldaşının yanına qoymuş və həyat yoldaşı onun övladına da baxmışdır. Bu münasibətlər zəminində cavabdeh ilə onun həyat yoldaşı arasında mənəvi bağlar yaranmışdır. 2014-cü ildə həyat yoldaşının səhhətində problemlər yaranmağa başlamışdır. Cavabdeh tez-tez onların evinə gəlib getdiyindən və aralarında isti münasibətlər olduğundan həyat yoldaşını tibbi müayinəyə apardıqları zaman cavabdeh Lalə xanım də onlarla bir yerdə olmuş və həyat yoldaşının onkoloji xəstəliyinin olmasından, eyni zamanda onun müalicəsi üçün yüksək məbləğdə pul tələb olunduğundn xəbərdar olmuşdur. Maddi imkanları zəif olduğu üçün onların həmin pulu ödəmək imkanları olmadığından cavabdeh həyat yoldaşına müalicəsi üçün tələb olunan pulu verəcəyini bildirmiş və ona 17.000 manat pul vermişdir. Bu zaman həyat yoldaşı Lalə xanıma onun verdiyi pulu qaytarmağa maddi imkanların çatmayacağını bildirdikdə sonuncu yoldaşının ona və onun övladlarına ana qayğısı göstərdiyi üçün həmin pulu əvəzsiz verdiyini və halal etdiyini qeyd etmişdir. Sonradan cavabdeh bir neçə dəfə onun həyat yoldaşına müxtəlif məbləğlərdə dərman alınması üçün də əlavə pul vermişdir. 2018-ci ilin təxminən aprel-may aylarında həyat yoldaşı səhhəti ilə əlaqədar Lalə xanıma onun uşağına artıq baxa bilməyəcəyini bildirdikdən sonra Cavabdeh onlarla münasibətləri pisləşmiş və tez-tez onların evə gələrək pulunu geri tələb etməyə və səs-küy salmaqla onları qonşular arasında rüsvay edəcəyi ilə hədələməyə başlamışdır. Cavabdeh 02.06.2018-ci il tarixdə onu Dövlət Statistika Komitəsinin yanında bir ofisə çağıraraq orada görüşməsini tələb etmiş və onlar həmin ofisdə görüşərkən özünü hüquqşünas kimi təqdim edən Fuad adlı şəxs pulu qaytarmayacağı təqdirdə onun və həyat yoldaşının həbs olunacağı ilə hədələmiş və orada onun diktəsi ilə hazırda məhkəmədə sübut kimi istinad olunan 02.06.2018-ci il tarixli iltizamı imzalamağa məcbur qalmışdır. Bundan sonra Cavabdeh ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, ondan 20.000 manat maddi ziyana görə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin 30.10.2020-ci il tarixli, 2(011)-2818/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Hazırda həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. 02.06.2018-ci il tarixli iltizamda göstərilən borc münasibətləri cavabdehlə aralarındakı münasibətlərin faktiki halını əks etdirmir, iltizamda göstərilən pul məbləği onun tərəfindən alınmamış, həmin məbləğin iddiaçının özü tərəfindən həyat yoldaşının müalicəsi üçün onun özünə əvəzsiz olaraq verilmiş, qeyd olunan iltizam cavabdehin ona və ailəsinə ünvanlanmış hədə təsiri altında verilmişdir. Ən azından cavabdeh onların ailə dostu olduğu üçün onların ailəsinin maddi imkanının çox zəif olduğunu, kirayələrdə yaşadıqlarını, onların qeyd olunan məbləğdə pulu borc olaraq almaqlarının mümkünsüz olduğunu əvvəlcədən bilmişdir. Belə ki, o, birinci qrup Qarabağ müharibəsi əlili olduğundan demək olar ki, əmək qabiliyyətsizdir və heç bir yerdə işləmir, həyat yoldaşı isə evdar qadındır və cavabdeh bu hallardan əvvəldən məlumatlı olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh verilmiş 20.000 manat borcu olmasına dair 02.06.2018-ci il tarixli iltizamın etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Cavabdeh tərəfindən iddiaçıya 20000 manat pul verilmişdir. Bu halı təsdiq edən məhkəmə qətnaməsi vardır. Həmin mülki işə baxılarkən İddiaçı izahat vermişdir ki, iltizam onun tərəfindən yazılmış, lakin hal-hazırda pulun qaytarılmasına maddi imkanı olmadığına görə pulu qaytara bilməmişdir. Digər tərəfdən həmin iltizam yazılarkən ona kimsə tərəfindən hədə-qorxu gəlinməmiş və buna məcbur edilməmişdir. Belə olduğu hlda o, müvafiq orqanlara müraciət etməlidir. Əksinə, Cavabdeh özü pulun qaytarılmaması ilə bağlı həm hüquq mühafizə orqanlarına, həm də məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, əqdin etibarsızlığı ilə bağlı qanunvericilik şəxsə bir il müddətində məhkəməyə müraciət etmək hüququ verir. İddiaçı isə yalnız onun barəsində qərar çıxdıqdan və apellyasiya instansiyasına şikayət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Yəni, onun tərəfindən məhkəməyə ümraciət etmək üçün müddət də ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən yazılmış 02.06.2018-ci il tarixli iltizamın kserosurətindən görünür ki, o, 2014-cü ilin dekabr ayndı X1 X4 vasitəsilə 20.000 manat pul almışdır. Halhazırda həmin pulu qaytara bilməmişdir o səbəbdən ki, İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsindədir, ona mənzil verilib-verilməməsindən asılı olmayaraq 2019-cu ilin dekabr ayına qədər pulun, yəni 20.000 manatı qaytarılmasına söz vermişdir. Həmin tarixə qədər qeyd olunan pul vəsaitini qaytarmadığı təqdirdə onun barəsində qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb edilməsinə etiraz etməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iltizam başqa bir əqdi (əvəzsiz maliyyə yardımı) pərdələmək məqsədi ilə bağlanan əqd olduğundan həmin əqd Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqddir və yalan əqd əhəmiyyətsizdir. Səbail Rayon Məhkəməsi mübahisəyə Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada kəsici müddət tətbiq edərkən həmin kəsici müddətin axımının nə zaman başladığına, həmçinin sözügedən əhəmiyyətsiz əqdin icrasına hansı tarixdən başlanılması barədə məsələyə heç bir münasibət bildirməmişdir. Halbuki, 02.06.2018-ci il tarixli iltizamın icrasına 2020-ci ilin sentyabr ayında Cavabdeh tərəfindən ona qarşı pul tələbinə dair iddia qaldırıldığı tarixdən başlanılması nəzərə alınaraq məhkəmə tərəfindən kəsici müddətin keçməsinə dair gəlinmiş nəticənin də qanunsuz və əsassız olduğu öz təsdiqini tapır. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış 02.06.2018-ci il tarixli yazılı iltizamdan görünür ki, o, Cavabdeh 20 000 manat məbləğində pul borcludur və həmin pulu 2019-cu ilin dekabr ayına kimi qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının tələbi 02.06.2018-ci il tarixli həmin yazılı iltizamın etibarsız hesab olunması barədədir. İddiaçı tələbini mübahisələndirdiyi iltizamın hədə-qorxu təsiri altında yazılması ilə əsaslandırmış və Mülki Məcəllənin 337, 340, 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı həmin əqdin ona hədə-qorxu gəlməklə yazdırılmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iltizamın bu əsasla etibarsız hesab edilməsi üçün iddiaçı məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 326, 354-cü və s. maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İş materiallarından da görünür ki, hazırkı iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş kəsici müddət ötürülmüşdür. Digər tərəfdən, iddiaçı pulun alınmasını etiraf edir və iltizamı özünün imza etdiyini mübahisələndirmir. Lakin iltizamın hədə-qorxu, təzyiq altında yazıldığını iddia edir ki, bununla bağlı da məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar