Məhkəmə qərarları › İş №2(103)-5975/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5975/2022

20.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5975/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi X5, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-254/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabeh Cavabdeh tərəfindən apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" MTK (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı Bakı şəhəri Nizami rayon Bələdiyyəsi cəlb edilməklə “dəmir qarajın sökülməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsində olmuş ünvan 1 ünvanda yerləşən 821 saylı dəmir qarajın cavabdehə 7000 manat kompensasiya ödənilməklə sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh ilkin iddia üzrə iddiaçı "xxxx" MTK-ya qarşı “qarajdan istifadə edilməsi üçün maneənin aradan qaldırılması və s” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanda yerləşən binanın yaxınlığında quraşdırılmış 821 saylı qarajdan istifadə edilməsinə hər hansı maneələrin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi və qarajdan istifadə edilməsi üçün torpaq səviyyəsinin qaldırılması öhdəliyinin onun üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Nizami Rayon Məhkəməsinin 2(007)-254/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 821 saylı dəmir qaraj Cavabdeh 7000 manat kompensasiya ödənilməklə sökülmüş, qarşılıqlı iddia üzrə iddiaçının cavabdeh "xxxx" MTK-ya qarşı “ona məxsus ünvan 2 ünvanda yerləşən binanın yaxınlığında quraşdırılmış 821 saylı qarajdan istifadə edilməsinə hər hansı maneələrin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi və qarajdan istifadə edilməsi üçün torpaq səviyyəsinin qaldırılması öhdəliyinin onun üzərinə qoyulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməmiş, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, MTK həmin ərazidə yalnız abadlıq işləri apara bilər, buna görə də qarajın sökülməsi barədə iddia tələbi üçün subyektiv hüququ yoxdur, buna görə də ilkin iddia təmin edilməməlidir. Rayon məhkəməsi maddi və prosessual normaların tələblərini pozmuşdur. Həmçinin məhkəmə qətnamədə qeyd edir ki, MTK qarajın əvəzində ona qarajın sahəsi qədər yaşayış evi və ya onun qiyməti məbləğində pul təklif edib, lakin o, bundan imtina edib. Bu barədə hər hansı bir sübut yoxdur. Bu səbəbdən, qətnamənin ləğv edilərək ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərdi ki, onlar kompensasiya kimi əvvəl 30.000 istəmiş, lakin MTK onlara 5000 təklif etmişdir, sonradan artırdılar, hazırda təklif etdikləri 12.000 manat məbləğlə də razı deyillər, iddiaçının hər hansı subyektiv hüququ yoxdur ki, onların mülkkiyyətinə müdaxilə etsin və qarajı söksün, odur ki, şikayətin təmin olunmasını xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 187 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamında köhnə tikililərin sökülməsi, ərazinin abadlaşdırılması aydın göstərilib, MTK da həmin sərəncama müvafiq olaraq hərəkət edir, həmin sərəncam onlara belə bir tələb irəli sürməyə imkan verir, cavabdehin hərəkəti hüquqdan sui-istifadədir, istifadəsiz qalmış və ən yaxşı halda dəyəri 1000-2000 manat olan dəmir qaraja görə 30.000-35.000 manat tələb edir ki, bu da ağlabatan olmamaqla, açıq-aşkar hüquqdan sui-istifadədir, hazırda onlar mübahisə uzanmamasın deyə yazılı ərizə təqdim edərək kompensasiya məbləğinin artırılaraq 12.000 manat müəyyən edilməsini, apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İ.Kazımov apellyasiya şikayəti ilə razılaşmayaraq digər nümayəndənin bildirdiklərini təsdiq edərək qeyd etdi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 187 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamında köhnə tikililərin sökülməsi, ərazinin abadlaşdırılması onlara həvalə olunub, onlar da bu işləri uğurla həyata keçirirlər, həmin ünvanda bütün sakinlərlə qarşılıqlı razılaşma yolu ilə həyətin tam olaraq abadlaşdırılması və müasir və abad həyətin yaradılması işləri aparırlar, lakin cavabdeh ilk gündən onlara qarşı tam əsassız və uyğun olmayan tələblər irəli sürür, cavabdehə həmin köhnə və yararsız olan dəmir qarajın əvəzində eyni ölçüdə mənzil sahəsi, eləcə də yeni binada qarajın verilməsi təklif olunmuş, lakin cavabdeh bundan imtina etmişdir, halbuki həmin köhnə dəmir qarajın dəyəri 1000 – 2000 manat ya ola, ya olmaz, cavabdehin bu hərəkəti digər çoxsaylı sakinlərin hüquqlarını da pozur, onlar hazırda yazılı ərizə təqdim edərək kompensasiya məbləğinin artırılaraq 12.000 manat müəyyən edilməsini apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, onun iştirakının təmin edilməsi üçün məhkəmə iclası bir neçə dəfə təxirə salınsa da, o məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC”-yə Nizami rayonu, 8-ci km qəsəbəsi, B.Nuriyev küçəsində ayrılmış torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bələdiyyə torpaqları və mülkiyyətinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 911 saylı sərəncamı ilə Nizami Bələdiyyəsinə təhvil verilmiş torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir.

10. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami rayonu Bələdiyyəsi ərazisi olan B.Nuriyev 32 saylı binasının arxasında yerləşən dəmir qarajı Cavabdeh adına qeydiyyata alınaraq bələdiyyə ödənişinə cəlb edilməsi, qarajın qeydiyyata alınması ilə əlaqədar müəyyən edilmiş ödənişlər Nizami Bələdiyyəsinin büdcəsinə ödənilməsi, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alınmışdır.

11. Bakı şəhər İcra Hakimiyyəti başçısının 187 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Cənub" MMC-yə dair xx.xx.2018-ci il tarixli, 26 saylı Sərəncamında qismən dəyişiklik edilərək, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin səmtində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.45 ha torpaq sahəsinə bitişik 0.65 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə əlavə olaraq icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir.

12. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanın 71 nömrəli mənzilində yaşayan X2 adına 820 saylı dəmir qaraj olmasına baxmayaraq, səhvən 821 saylı dəmir qaraj qeyd olunmuşdur. Həmin dəmir qaraj Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə 821 saylı dəmir qaraj ünvan 3 ünvanın 71 nömrəli mənzilində yaşayan Cavabdeh adına qeydiyyata alınmışdır.

13. “X7 və Ekspertiza Mərkəzi” MMC-nin 23 nömrəli, xx.xx.2022- ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən 821 saylı qarajın hazırkı bazar dəyəri 5000 manat, likvid dəyəri 4500 manat müəyyən edilmişdir.

14. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə ayrılmış, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi bələdiyyə torpaqlarının hüdudları xaricində yerləşir.

15. ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binada yaşayan bir qrup sakin tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə ünvanlanmış müraciətdən görünür ki, hər kəs hər hansı MTK-nın payçısı olarkən mövcud layihə və digər xüsusiyyətləri nəzərə alıb payçı olmaq barədə ərizə verir və mənzil sahibi olmaq istəyir. Onlarda da eynisi baş vermiş, layihə və abadlıq üçün ayrılmış sahənin mövcudluğu bu MTK-nı seçməkdə onlar üçün əsas olmuşdur. MTK ona ayrılmış torpaq sahəsində bina inşa etmiş və abadlıq üçün ayrılmış sahədə sakinlərin rahatlığı üçün tam şərait yaratmışdır. Lakin istifadəsi mümkün olmayan, yöndəmsiz şəkildə yer tutan dəmir qarajın çıxarılması və yaxud sökülməsi təmin edilməmişdir. Qaraj sahibinin məqsədi nədir onu da başa düşmürlər. Bu vəziyyət sakin olaraq onları narahat edir. Çünki təmir edilmiş və abadlaşdırılmış ərazidə yararsız və köhnəlmiş qarajın saxlanması üçün səbəb yoxdur. Bu onlara mane olur, ümumlikdə isə binanın imicinə mənfi təsir edir. Bu səbəblə baxılan işdə ədalətli və obyektiv qərar qəbul edilməsini və sözügedən yaşayış binasında sakinlərin mənafelərinin də nəzərə alınmasını xahiş etmişdirlər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

17. Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllə:

18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

20. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

26. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə iddiaçının təklifinə əsasən kompensasiya məbləği hissədə dəyişdirilməlidir.

28. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh tərəf apellyasiya şikayətində və məhkəmə kollegiyasındakı izahatında ona məxsus dəmir qarajın “mülkiyyət” anlayışı ilə əhatə olunduğunu, bu əsasla da onun mülkiyyətinə müdaxilə edildiyini və mübahisənin də məhz bu konteksdən həll edilməli olduğunu bildirir. Lakin mülki iş üzrə rayon məhkəməsində aparılmış icraat, eləcə də apellyasiya məhkəməsində aparılan icraat zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisə cavabdehə məxsus dəmir qarajın sökülüb-sökülməməsi ilə deyil, həmin qarajın iddiaçı tərəfindən sökülməsi müqabilində qaraja görə cavabdehə ödənilməli kompensasiya məbləği ilə bağlıdır. Demək ki, məhkəmənin hazırkı halda həll etməli olduğu məsələ söküləcək qaraja görə ödəniləcək kompensasiyanın ədalətli və ağlabatan məbləğinin müəyyən etməkdən ibarətdir. (Apellyasiya icratı zamanı hazırkı mübahisənin barışıq sazişi ilə tamamlamaq məqsədi ilə məhkəm iclasında fasilə elan olunmuş, MTK-nın mübahisəyə son qoymaq məqsədi ilə barışıq üçün 15.000 manat təklifinin müqabilində, barışıq üçün cavabdeh tərəf 30.000 manat tələb etmişdir) Bununla da mübahisənin heç də “mülkiyyət” hüququna müdaxilə ilə bağlı deyil, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı olduğu təsdiq olunur.

29. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, oxşar işlərlə bağlı oturuşmuş məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “qeyri-yaşayış sahəsinin yenisi ilə əvəzlənməklə və kirayə haqqı verilməklə boşaldılması”tələbinə dair ilkin, X1 cavabdeh "xxxx" MMC-yə qarşı “kirayə haqqı ödənilməklə yeni qeyri-yaşayış sahəsi verilməsi, maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işlə bağlı apellyasiya instansiyası məhkəməsinin analoji mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 6320/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Hazırkı iş üzrə rayon məhkəməsində kompensasiya məbləği 7.000 manat müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəf yazılı ərizə təqdim edərək kompensasiyanın 12.000 (on iki min) manat müəyyən edilməsini xahiş etdi.

30. Kollegiya həmin təklif barədə ərizəni nəzərdən keçirib hesab edir ki, həmin məbləğ ağlabatandır və hazırkı işin müəyyən olunmuş faktiki halları baxımından həm də ədalətlidir, bu səbəbdən də cavabdehə ödənilməli olan kompenasiya məbləği iddiaçının təklifinə əsasən 12.000 (on iki min) manat müəyyən edilməlidir.

31. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə cavabdehə ödənilməli olan kompenasiya məbləği hissədə dəyişdirilməli, cavabdehə ödənilməli kompensasiyanın məbləği iddiaçının təklifinə əsasən 12.000 (on iki min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-254/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehə ödənilməli kompensasiya məbləği hissədə dəyişdirilsin. Cavabdeh ödənilməli kompensasiyanın məbləği 12.000 (on iki min) manat müəyyən edilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar