Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5978/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış “Subaru FORESTER” markalı **-HM-*** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı **-ZM-*** dövlət nömrə nişanlı avtomaşınların və 2 ədəd kondinsionerin, 2 ədəd soyuducunun, 2 ədəd böyük televizorun, 1 ədəd orta ölçülü televizorun, paltaryuyan maşının (1 ədəd), mikrodalğalı sobanın (1 ədəd), 1 ədəd qaz sobasının, elektrik sobasının (mebelə quraşdırılmış), nahar masasının və 6 stulun, qonaq otağı divanının, qonaq otağı masasının (6 stulla), qorkanın, 1 ədəd yataq mebelinin, çarpayının, dolabın, iki ədəd tumbanın, trumonun, mətbəx mebelinin, anasından qalan servislerin və bohemiya xrustallarının atasının əmlakı sayılmaqla vəsiyyətnamə üzrə cavabdehlə arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunaraq iş üzrə icraata xitam verilmiş, həmin qərardaddan iddiaçının verdiyi şikayət də məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmayaraq şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə isə xx.xx.2022-ci il tarixli qərardada düzəlişlər edilməsi, qərardadın əsaslandırıcı hissəsinin 3-cü abzasının sonuncu cümləsinin “Qeyd olunanlara əsasən hazırki iddiaya iddianın yol verilməzliyi səbəbindən iddianın qəbulundan imtina edilərək iş üzrə icraata xitam verilməlidir” əvəzinə, “Qeyd olunanlara əsasən hazırki iddiaya məhkəmədə baxılmaması səbəbindən iş üzrə icraata xitam verilməlidir” kimi, qərardadın əsaslandırıcı hissəsinin 4-cü abzasının sonuncu cümləsində "icraata qəbul edilməsindən imtina edilərək” sözlərinin "məhkəmədə baxılmaması səbəbindən” sözləri kimi, qərardadın əsaslandırıcı hissəsinin 9-cu abzasının sonuncu cümləsində “iddia ərizəsini icraata qəbul edilməsindən imtina edilməlidir” sözlərinin “iddia ərizəsinə məhkəmədə baxılmaması səbəbindən iş üzrə icraata xitam verilməlidir” sözləri kimi, qərardadın nəticə hissəsinin 1-ci bəndində “icraata qəbul edilməsindən imtina edilərək” sözlərinin “işə məhkəmədə baxılmalı deyil” sözləri kimi oxunması qərara alınmışdır. İş materiallarını, habelə şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv edilməli və iddia tələbinə mahiyyəti üzrə baxılması, yaxud əgər iş məhkəmədə baxılmalı deyilsə, bununla bağlı əsaslandırılmış məhkəmə aktının qəbul olunması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə gəldiyi nəticəni, tərəflər arasında mübahisə olmasına dair hər hansı sübutun təqdim edilmədiyi, iddia tələbi üzrə mübahisə predmeti kimi göstərilmiş vərəsəlik şəhadətnamənin alınmasına dair iddiaçının bərpa etmək istədiyi hüququ üzrə cavabdeh tərəfindən hər-hansı maneənin yaradılmasının müəyyən olunmadığı qənaəti ilə əsaslandırmış, mövqeyinin hüquqi əsası kimi Mülki-Prosessual Məcəllənin 261.0.1-ci və 261.0.9-cu maddələrinə istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət edilməsi və ya mübahisə predmeti olan əşyalara tərəflərin sərəncam vermə faktına dair hallar iddia ərizəsinə əlavə edilmiş sənədlərdə öz əksini tapmamışdır. Kollegiya hesab edir ki, məhkəmə gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir; halbuki, MPM-in 264.0.5ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Xüsusilə qeyd olunmalıdır ki, “iddiaçı tərəfindən mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət edilməsi və ya mübahisə predmeti olan əşyalara tərəflərin sərəncam vermə faktına dair halların iddia ərizəsinə əlavə edilmiş sənədlərdə öz əksini tapmaması”, irəli sürülən iddia tələbinin mahiyyəti baxımından icraata xitam verilməsi üçün deyil, iddiaçının müvafiq subyektiv hüquqa sahib olmadığı əsası ilə iddia tələbinin rədd edilməsi üçün əsas təşkil edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə prosessual pozuntuya da yol vermiş, qərardaddan verilən şikayətə xx.xx.2022-ci il tarixdə baxdıqdan sonra işi 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, xx.xx.2022-ci il tarixdə artıq münasibət bildirdiyi qərardadında düzəlişlər etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2717/2022 saylı iş üzrə 05 iyul 2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş iddia tələbinə mahiyyəti üzrə baxılması, yaxud əgər iş məhkəmədə baxılmalı deyilsə, bununla bağlı əsaslandırılmış məhkəmə aktının qəbul olunması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5978/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5978/2022
25.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver