Məhkəmə qərarları › İş №2(103)-5978/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5978/2025

14.01.2026 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5978/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Kontoru olmaqla "vərəsə kimi tanınma" tələbinə dair mülk iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2769/2025 saylı işi üzrə 18 avqust 2025-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin qaynanası X1, ½ hissəsinin isə mərhum baldızı X3 miras qalmasını, X4 və X5 yeganə hüquqi varisinin o olmasını nəzərə alaraq həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 24 saylı Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4 və X5 yeganə hüquqi varisinin Ərizəçi olmasını nəzərə alaraq, onların yeganə hüquqi varisinin o olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi qaynanası X1, ½ hissəsi isə mərhum baldızı X3 miras qalmışdır. Bu barədə xx.xx.2025-ci il tarixdə mirasın qəbulu ilə bağlı 24 saylı notariat ofisinə ərizə verərək həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin notariat ofisi xx.xx.2025-ci il tarixli məkubla imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2769/2025 saylı işi üzrə 18 avqust 2025-ci il tarixli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Kontoru olmaqla "vərəsə kimi tanınma və vərəsəlik şəhadətnaməsinin verilməsi" tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən Ərizəçi şikayət verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini iddia ərizəsinin mahiyyətinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası ƏN Bakı şəhəri 24 saylı Notariat ofisinin Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 67 nömrəli məktubundan görünür ki, toplanmış sənədlərə ətraflı baxış keçirilmiş, tam araşdırılma zamanı vərəsələrin dairəsi və qohumluq faktını müəyyən edə bilmədikləri üçün onu vərəsə kimi qəbul edib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ərizəçi da məhkəməyə ərizə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında müraciət edərək X4 və X5 yeganə hüquqi varisinin o olmasını faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarının 1.2-1.7-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq ədən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə bələ faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə o vaxt baxılır ki, ortada müəyyən fakt mövcud olur, lakin ərizəçi onu bu və ya digər yolla təsdiq edə bilmir və bu barədə zəruri sənədləri mövcud olmur. Hüquqi əhəmiyyətli halın özünün müəyyən olunması hələ şübhə doğurursa və bu mübahisə müvafiq maddi hüquq normasına istinad məhkəmədə ayrılıqda həll edilməlidirsə, bu halda işə xüsusi icraat qaydasında baxılması yolverilməz olmalıdır. Hazırki tələbdə isə iddianın qeyd etdiyi faktların olması ərizəçinin prezumpsiyalarına əsaslanır. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Göründüyü kimi, bu hallar iddiaçı tərəfindən xüsusi icraat qaydasında müəyyən edilmədən, ilk növbədə mülki icraat qaydasında (konkret tələblə) vərəsəlik hüququnun müəyyən edilməsi qaydasında təsbit olunmalı və hüquqi səciyyə daşımalıdır. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi ərizəsində təsdiqini xahiş etdiyi “fakt” xüsusi icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2769/2025 saylı işi üzrə 18 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar