Məhkəmə qərarları › İş №2(103)-5979/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5979/2021

16.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5979/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" X4 Səhmdar Cəmiyyətinə qarşı "əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair 2(006)-1297/2021 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" X4 Səhmdar Cəmiyyətinə qarşı "əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" KB ASC ilə iddiaçının arasında bağlanmış 16.01.2015-ci il tarixli, UM-01/15 saylı əsas kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən 120 ay müddətinə 1.000.000 (bir milyon manat) manat məbləğində pul əsas müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla iddiaçıya kredit verilməsi nəzərdə tutulmuşdur. Bundan sonra cavabdeh "xxxx" KB ASC ilə iddiaçının arasında əsas müqavilə çərçivəsində 21.01.2015-ci il tarixli, 02/15 saylı əlavə kredit müqaviləsi bağlanaraq 36 ay müddətinə, illik 20 faiz olmaqla, 19.01.2018-ci il tarixədək ödəmək şərli ilə iddiaçıya 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hər iki müaqvilə üzrə kreditin təminatı kimi iddiaçıya məxsus olan və cavabdehlə onun arasında bağlanmış 16.01.2015-ci il tarixli, UMis 01/15 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, mənzil 8 çıxış edir. İddiaçı hesab edir ki, cavabdeh "xxxx" КB ASC ilə aralarında bağlanmış əsas və əlavə kredit müqavilələri etibarsız hesab edilməli və nəticə etibarilə iddiaçıya məxsus olan mənzil ipoteka predmeti kimi aradan qalxmalı və girovdan azad edilməlidir. Belə ki, cavadehlə 16.01.2015-ci il tarixli, UM-01/15 saylı əsas kredit müqaviləsi bağlanarkən iddiaçı, yalnız, Azərbaycan manatı ilə kredit götürə bilərdi və xarici valyuta ilə iddiaçıya kredit verilməsi həmin müqavilədə öz əksini tapmamışdır. Lakin cavabdehlə əsas müqavilə çərçivəsində bağlanmış 21.01.2015-ci il tarixli, 02/15 saylı əlavə kredit müqaviləsi ilə iddiaçıya xarici valyuta ilə pul ayrılmış və dollarla kredit verilmişdir. Kredit müqavilələrin bağlanmasında əsas məqsəd pul olduğundan qanuna əsasən pul öhdəliyi manatla ifadə edilməli idi. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış müqavilələrdə manatla kreditin ayrılması nəzərdə tutulsa da, məhkəmə işə baxankən lazımı qaydada araşdırma aparmamış, sübutlar toplamamış, ekspertiza təyin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş halları bunlardır ki, borc verən "xxxx" KB ASC ilə borc alan İddiaçı arasında bağlanmış 16.01.2015-ci il tarixli, UM- 01/15 saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 1.000.000 (bir milyon manat) manat məbləğində, 120 ay müddətinə kredit limiti ayrılmış, 21.01.2015-ci il tarixli, KOS-2014-02/01 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 20% ödəmək şərtilə 70.000 (yetmiş min) ABŞ dolları məbləğində kredit verilmiş və 16.01.2015-ci il tarixli, Umis-01/15 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan əsas və əlavə kredit müqavilələri üzrə borc alanın (ipotekaqoyanın) öhdəliklərinin təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsində 14 saylı binada yeləşən 8 nömrəli mənzili ipoteka saxlayana yenidən ipoteka ilə yüklü etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı əsas kredit müqaviləsi, əsas müqavilə çərçivəsində bağlanmış əlavə kredit müqaviləsi və ipoteka müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdeh "xxxx" KB ASC ilə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə öhdəlik götürmüşdür. Habelə, hazırkı işə baxılarkən, iddiaçının Bank ilə müqavilələri bağlayan zaman həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər hansı maneçiliyin olunması, Bank tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Beləliklə də, əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyildir. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı əqdin etibarsızlığını mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş bir il kəsici müddəti ötürməklə iddi irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmaqla tərtib edilmiş, məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi üçün həmin şikayətdə hər hansı hüquqi əsas göstərilməmişdir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1297/2021 nömrəli mülki iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar