Məhkəmə qərarları › İş №2(103)-598/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-598/2024

13.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-598/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2277/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Abonentin saldosuna əsasən Cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə təbii qazdan sayğacdan kənar istifadə edilməsi ilə bağlı iddiaçıya 2019-cu ildə 820,8 manat, 2020-ci ildə 3.994,6 manat, 2021-ci ildə 1.252,8 manat, 2022-ci ildə isə 1.545,92 manat məbləğində borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-nə qarşı ona məxsus ünvan 1 ünvanında yerləşən evinə əsassız olaraq borc kimi yazılmış 14.487,08 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi evi iddiaçıya məxsusdur. Qeyd etdiyi ünvanda yerləşən fərdi evində o, ailəsi ilə birlikdə yaşayır. Həyətin çöl divarı boyunca divara bərkidilmiş 3-cü sayğac iddiaçıya məxsusdur. ”Azəriqaz" İB-in nümayəndələri ona məxsus olan fərdi yaşayış evinə gələrək ona bildirmişlər ki, qaz xəttinə müdaxilə olunmuş və 14.487,08 manat cərimə ödəməlidir. İddiaçı istehlakçı olaraq qazdan istifadəyə görə olan borcunu hər ay ödəmişdir. Həmçinin, nə onun tərəfindən, nə də ailə üzvləri tərəfindən qaz xəttinə müdaxilə olunmamışdır. İddiaçıya məxsus qaz sayğacına gələn boru boyunca bir çox yerlərdə kəsilərək ağzı plomblanmış yerlər vardır ki, bu yerlərdən vaxtilə qonşulara qaz xətti çəkilmişdir. "Azəriqaz"-ın nümayəndələri belə hesab edirlər ki, guya iddiaçı həmin yerlərin birindən sayağaca çatanadək gizli qaz xətti götürmüşdür. Hal-hazırda neçə illər olar ki, həmin borudan qonşulara çəkilən xətlər ləğv edilib və həmin yerlərin ağzı bağlanıb, yəni qaynaqlanıb. Həmçinin iddiaçının sayğacına və həyətinə görə təqdim edilən şəkillərin demək olar ki, heç biri onun həyətinə aid deyildir. O, qeyd olunan ünvanda az hallarda yaşadığı üçün qaz sərfiyyatı az olur. İddiaçıya əsassız olaraq 14.487,08 manat cərimə borcu yazıblar.

4. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanına yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvanda sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və sairə) aşkar edilməmişdir. Paylayıcı qaz xəttindən mübahisə predmeti olan ünvana ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış, evə qazın ötürülməsi həmin sayğac vasitəsi ilə təmin edilir.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 2277/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilmiş, Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu: **********00000) hesablanmış 14.487,08 manat məbləğində borcun silinməsi, 133,46 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış borc silinməlidir.

7. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərcinə daxil olan 133,46 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9, 5.2, 6.5-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Mülki iş üzrə hesabatların doğru olub olmadığını yoxlamaq üçün mühasibatlıq və trassoloji ekspertizasına göndərilməmişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cəmi 14.487,08 məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.

11. Daha sonra cavabdehin nümayəndəsi məhkəməyə yazılı müraciət edərək göstərmişdir ki, iddaçının 2015-ci ildən 2022-ci ilədək qeyri-müntəzəm ödənişləri həqiqətən də təbii qazdan özünə sərf etdiyi tərzdə sayğcdan kənar xətt vasitəsilə istifadə etdiyini bir daha sübut etməkdədir. İş materiallarına əlavə edilmiş AGİS və GASREP saldolarından məlum olur ki, istehlakçı İddiaçı 2015-ci ilin fevral ayından 2022-ci ilin mart ayına qədər (yeddi il ərzində) istifadə etdiyi təbii qaza görə cəmi 354 manat ödəniş həyata keçirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, abonent saldosu birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, saldodan da görünür ki, dəymiş ziyan məbləği 14.478,08 manat təşkil etmir. Lakin birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğini, habelə iddiaçının istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı debitor borcun da silinməsini qət etmişdir. Ekspert rəyi ilə də razı deyil.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 7.614,12 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşdən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktlara əsasən sayğacdan qeyri-qanuni istifadə aşkar edildiyindən cavabdehə dəymiş ziyan hesablanmış və iddiaçıdan abonent saldosuna əsasən qalıq və aktlar üzrə borc tələb edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7143/2023-cü il nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-trassoloji ekspertizası təyin edilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/2170 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda yerləşən yaşayış evinə baxış keçirilmiş, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Həmçinin, qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilməmişdir.

25. Göründüyü kimi, iddiaçının barəsində tərtib edilmiş aktlarda qeyd olunduğu kimi, iddiaçının təbii qazdan sayğacdan kənar istifadə edilməsi ilə bağlı cavabdehin dəlilləri öz təsdiqini tapmır. O da qeyd edilməlidir ki, cavabdeh təşkiların əməkdaşları tərəfindən mütəmadi olaraq tərfib edilmiş aktlarda iddiaçının imzası əks olunmamış, həmin aktların iddiaçıya rəsmi qaydada təqdim edilməsi (poçt vasitəsilə göndərilməsi) barədə sübutlar da məhkəməyə təqdim edilməmişdir.

26. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən müəyyən dövrlərdə təbii qazdan istifadəyə görə az məbləğdə ödənişlərin edilməsi onun tərəfindən mütləq qaydada təbii qazdan qeyri-qanuni istifadə edilməsini təsdiq etmir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, qeyd olunan ünvanda az hallarda yaşadığı üçün qaz sərfiyyatı az olur.

27. Bununla yanaşı işdən görünür ki, cavabdehin təqdim etdiyi abonent saldosuna əsasən sayğacdan kənar istifadəyə görə aktlar üzrə iddiaçıya iddia ərizəsində qeyd etdiyi kimi 14.487,08 manat məbləğində deyil, cəmi 7.614,12 manat məbləğində borc hesablanmışdır.

28. Lakin birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, iddiaçıya hesablanmış borcun silinməsi barədə düzgün nəticəyə gəlsə də, iddia tələbində əsassız olaraq qeyd olunmuş məbləğin silinməsi barədə qətnamə qəbul etmişdir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2277/2023 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı (abonent kodu: **********00000) hesablanmış 7.614,12 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. 96 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində vəsait Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar