Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5984/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil5, cavabdehin vəkili və nümayəndəsi Vəkil4, üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nümayəndəsi Xeyrulla Cavadovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin layihə sənədlərində əksini tapmayan hissələrinin sökülməsi və fərdi yaşayış evinin çoxmənzilli binaya çevirilməsinin qadağan edilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(008)-797/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnamənin qəbul etdi. İşin halları 1.Tərəflər qonşudur. Belə ki, tərəflərə aid torpaq sahələri bitişikdir. İddiaçının torpaq səhəsində fərdi yaşayış evi, cavabdehin torpaq sahəsində çoxmənzilli bina yerləşir. 2.İddiaçının fərdi yaşayış evi Sabunçu rayonu, ünvan 1 ünvanındakı 0,06 ha torpaq sahəsində yerləşir. Ev və torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, həmin əmlak iddiaçının və onun qardaşının paylı mülkiyyətindədir, hər birinin payı ½ hissə təşkil edir (cild 1, iş v. 132). 3.Cavabdehin çoxmənzilli yaşayış binası Sabunçu rayonu, ünvan 2 ünvanındakı 0,0916 ha torpaq sahəsində yerləşir. Torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, bina üzərində hüquq qeydə alınmayıb (cild 1, iş v. 129). 4.Müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli 5-18/2-M-24-151/2023 nömrəli məlumatlandırma icraatı ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin memarlıq planlaşdırma layihəsi Sabunçu RİH tərəfindən təsdiqlənib (cild 1, iş v. 103). Lakin torpaq sahəsində çoxmənzilli bina inşa edilib. Çoxmənzilli binanın inşa edildiyi aşağıda göstərilən sənədlərlə təsdiq olunur. 5.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1027 nömrəli ekspert rəyinə görə, cavabdehin məlumatlandırma icraatı çərçivəsində inşa ediyi bina razılaşdırılmış layihəyə uyğun inşa edilməyib. Cavabdeh iddiaçının torpaq sahəsinə tərəf, təsdiq edilmiş layihə sənədlərində öz əksini tapmayan əlavə 2 ədəd balkon və 4 ədəd pəncərə inşa edib. Cavabdehin inşa etdiyi binanın üçüncü mərtəbəsi faktiki olaraq müstəqil mərtəbə olmaqla, digər mərtəbələrlə eynilik təşkil edir (cild 1, iş v. 180). 6.Həmin ekspert rəyinin təsviri hissəsində qeyd olunub ki, cavabdehə aid tikilinin mərtəbələr üzrə daxilində tikinti işləri aparılmaqla arakəsmə divarları inşa edilərək ayrıayrılıqda mənzil kimi istifadə edilir. Hündürlüyü 7 metr olan iki mərtəbəli fərdi yaşayış evinə dair layihə tərtib edilsə də, baxış zamanı üç mərtəbəli evin inşa edildiyi, tikilinin hündürlüyünün 12 metr olduğu müəyyən edilmişdir. Tikilinin qonşu ilə sərhəd divarı arasında olan ara məsafəsinin ən yaxın hissədə 53 sm, ən uzaq hissədə 122 sm olduğu müəyyən edilmişdir. 7.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2-Ə-248/2-36- 1042/2024 nömrəli məktubuna görə, idarənin əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə aid fərdi yaşayış evində layihədən kənarlaşmaya yol verilərək əlavə 1 mərtəbə və zirzəmi inşa edilmiş, binanın fasad hissəsinə əlavə pəncərələr və nəfəslik artırılmış, həyətyanı hasarın bir hissəsi sökülmüş, həmçinin ara məsafəsi D oxu üzrə 2,20 m nəzərdə tutulduğu halda 0,50 m məsafə saxlanılmışdır (cild 2, iş v. 13). 8.Yasamal RİH-nin xx.xx.2024-cü il tarixli 3-52/2-Ə-260-151/2024 nömrəli məktubuna görə, cavabdehə aid fərdi yaşayış evinə dair müvafiq sənədlər RİH ilə razılaşdırılmışdır, lakin tikinti işlərinin gedişatı zamanı RİH ilə razılaşdırılmış tikinti layihəsindən kənarlaşmaya yol verildiyi aşkar olunduğundan bununla əlaqədar sahibkara xəbərdarlıq edilmiş, eləcə də qanunvericilikdə müəyyən olunmuş aidiyyəti dövlət qurumlarına mövcud tikiliyə dair tədbirlər görülməsi məqsədilə müraciət olunmuşdur. Bununla yanaşı RİH tərəfindən qeyd olunan məsələ ilə bağlı ərazi üzrə məhkəmə orqanı qarşısında vəsatət qaldırılmışdır (cild 2, iş v. 14). 9.Bundan başqa, cavabdehə aid çoxmənzilli binada yanğın təhlükəsizliyi qaydaları pozulub. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 4-cü Ərazi X14 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-18-62/2-Ə-2xx-xx/2024 nömrəli məktubuna görə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinə zidd olaraq Sabunçu RİH tərəfindən cavabdehə aid tikinti barədə DYNX-nə məlumatlandırma icraatı və tikintiyə icazə icraatı çərçivəsində heç bir sənəd təqdim olunmadığından DYNX tərəfindən obyektdə tikintiyə dövlət nəzarəti həyata keçirilməmişdir. Baxış zamanı iddiaçının müraciətində qeyd edilən, yanğın təhlükəsizliyinə dair norma və tələblərin yerinə yerinə yetirilmədiyi faktı öz əksini tapmışdır. Belə ki: a) yaşayış binasının layihə sənədləri DYNX ilə razılaşdırılmayıb; b) yaşayış binasının zirzəmi sahəsi avtodayanacaq kimi nəzərdə tutulub, hal-hazırda yanğına qarşı heç bir tələb yerinə yetirilməyib; c) yaşayış binası yanğın su hovuzu ilə təmin edilməyib; ç) yaşayış binası ilkin yanğın söndürmə ləvazimatları ilə təmin edilməyib; d) yaşayış binası avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib; e) yaşayış binası daxili yanğın su kranları ilə təmin edilməyib; ə) yaşayış binasının perimetri boyunca yanğın avtomobillərinin hərəkət etməsi mümkün deyil; f) mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmayıb. Aparılan tikinti işləri zamanı norma və qaydaların tələblərinə riayət edilməməsi səbəbindən müvafiq tədbir görülməsi və nəzarətdə saxlanılması üçün Sabunçu RİH-nə xx.xx.2024-cü il tarixli 3-18-62/2-1842/2024 nömrəli məktub göndərilmişdir (cild 2, iş v. 11). 10.X14 Xidmətinin həmin məktubundan görünür ki, yaşayış binasının zirzəmi sahəsi avtodayanacaq kimi nəzərdə tutulub, yəni çoxmənzlli binanın sakinləri zirzəmidə avtomobillərini park edə biləcək. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda da həmin binanın zirzəmisinin mövcud olduğu və zirzəminin layihədən kənar inşa edildiyi təsdiq edilib. 11.Cavabdeh torpaq sahəsində çoxmənzilli bina inşa etdiyini etiraf edib. Belə ki, iddiaya qarşı cavabdehin yazılı etirazında qeyd olunub ki, cavabdeh tərəfindən bina inşa edildikdə sonra hər mərtəbə 4 müstəqil mənzilə bölünmüşdür (cild 1, iş v. 214). Bu hesabla cavabdehə aid olan 3 mərtəbəli binada 12 mənzil mövcuddur. 12.Bundan başqa, 8 ədəd “ilkin alqı-satqı müqaviləsi” təsdiq edir ki, cavabdeh torpaq sahəsində 12 mənzilin yerləşdiyi çoxmənzilli bina inşa edib və mənziləri satmağa başlayıb. Belə ki, 1, 3, 4, 6, 7, 9, 10 və 12 saylı mənzillərə dair 8 ədəd “ilkin alqı-satqı müqaviləsi” bağlanıb. “12 saylı mənzil” adlandırılan mənzilə dair müqavilənin bağlanması isə onu təsdiq edir ki, binada 12 mənzil yerləşir. Həmin müqavilələr aşağıdakılardır. 13.Cavabdehə aid binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 67,34 kv.m olan 1 saylı mənzilə dair “alıcı” X1 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 67.000 manat müəyyən edilmiş, onun 40.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 27.000 manatı isə 60 ay müddətində hər ay 450 manat olmaqla notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. 14.Cavabdehə aid binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 83,51 kv.m olan 3 saylı mənzilə dair “alıcı” X3 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 75.159 manat müəyyən edilmiş, onun 10.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 65.159 manatı isə 60 ay müddətində notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. 15.Cavabdehə aid binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 83,50 kv.m olan 4 saylı mənzilə dair “alıcı” X4 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 83.500 manat müəyyən edilmiş, onun 20.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 63.500 manatı isə 48 ay müddətində hər ay 1.323 manat olmaqla notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. 16.Cavabdehə aid binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 76,82 kv.m olan 6 saylı mənzilə dair “alıcı” X9 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 72.979 manat müəyyən edilmiş, onun 20.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 52.979 manatı isə 52 ay müddətində notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir 17.Cavabdehə aid binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 71,81 kv.m olan 7 saylı mənzilə dair “alıcı” X5 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 72.000 manat müəyyən edilmiş, 72.000 manat notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmişdir. 18.Cavabdehə aid binanın mansardında (yəni 3-cü mərtəbəsində) yerləşən, sahəsi 65,34 kv.m olan 9 saylı mənzilə dair “alıcı” X6 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 58.800 manat müəyyən edilmiş, onun 30.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 28.800 manatı isə 48 ay müddətində notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir 19.Cavabdehə aid binanın mansardında (yəni 3-cü mərtəbəsində) yerləşən, sahəsi 71 kv.m olan 10 saylı mənzilə dair “alıcı” X10 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 63.900 manat müəyyən edilmiş, onun 30.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 33.900 manatı isə 60 ay müddətində hər ay 565 manat olmaqla notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir 20.Cavabdehə aid binanın mansardında (yəni 3-cü mərtəbəsində) yerləşən, sahəsi 131 kv.m olan 12 saylı mənzilə dair “alıcı” X7 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 115.000 manat müəyyən edilmiş, onun 60.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 55.000 manatı isə 36 ay müddətində notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat 21.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə (cild 2, iş v. 1) tələb olunub: birinci, cavabdehin evinin layihədən kənar inşa edilmiş üçüncü mərtəbəsi sökülsün; ikinci, cavabdehin evinin iddiaçının evinə tərəf baxan və layihədə əksini tapmayan 2 balkonu və 4 pəncərəsi sökülsün; üçüncü, həmin evin çoxmənzilli binaya çevirilməsi cəhdləri cavabdehə qadağan olunsun. 22.Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 23.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 24.Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil5 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 25.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil4 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 26.Məhkəməs iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nümayəndəsi Xeyrulla Cavadov mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. 27.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. 28.Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh özünə aid fərdi yaşayış evini çoxmənzilli binaya çevirmiş və onun ayrı-ayrı hissələrini “mənzil” adlandırmaqla 8 şəxslə “ilkin alqı-satqı müqaviləsi” bağlamışdır. Həmin şəxslər – X1, X3, X4, X11, X5, X6, X10 və X7 apellyasiya icraatı zamanı cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 29.Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəsni aşağıda qeyd olunanlarla əsaslandırır. 30.Müəyyən olunur ki, cavabdeh çoxmənzilli bina inşa edilib. Bina 3 mərtəbədən və zirzəmidən ibarətdir. Hər mərtəbədə 4 mənzil, ümumilikdə 12 mənzil var. Zirzəmi isə avtodayanacaq kimi nəzərdə tutulub. 31.Cavabdeh həmin 12 mənzildən 8-nə dair notariat qaydasında “ilkin alqı-satqı müqavilə”si bağlayıb, 8 mənzilin ümumilikdə 608.338 manata satılması razılaşdırılıb, bu məbləğin 282.000 manatı notariusun depozit hesabı vasitəsilə cavabdehə ödənilib, qalan məbləğin isə notariusun depozit hesabı vasitəsilə hissə-hissə ödənilməsi şərtləşdirilib. 32.Çoxmənzilli bina özbaşına tikinti obyektidir, çünki tikintisinə icazə alınmayıb. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə görə, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin binanın mərtəbələrinin sayının 3, hündürlüyünün isə 12 metr olması, bu tikintiyə məlumatlandırma icraatının tətbiq edilməsinə əsas vermir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsindən görünür ki, yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Yəni məlumatlandırma icraatı çoxmənzilli binaya şamil edilmir, odur ki, çoxmənzilli binanın mərtəbələrinin sayının və hündürlüyünün əhəmiyyəti yoxdur, hər bir halda tikinti üçün icazə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsindən görünür ki, lazımi icazələr alınmadan inşa edilmiş tikinti obyekti özbaşına tikinti sayılır. 33.İddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsindən görünür ki, lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu maddənin məqsədi baxımından iddiaçı “maraqlı tərəf” sayılır. AR Ali Məhkəməsinin məhkəmələrə göndərdiyi xx.xx.2015-ci il tarixli 8-2/2015 nömrəli məktubda qeyd olunub: “...tikintinin sökülməsi ilə əlaqədar publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün dövlətin adından məhkəməyə müraciət etmək hüququ yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Eyni zamanda, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqədar istənilən fiziki və hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması da istisna olunmur”. Göründüyü kimi, Ali Məhkəmə fiziki şəxslərin məhkəməyə müraciət imkanını 2 hüququn müdafiəsi ilə əlaqələndirib: 1) əşya hüququ; 2) təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı hüquq. Lakin həyat yalnız əşyadan və təsərrüfatdan ibarət deyil, insan üçün daha mühüm olan dəyərlər var. Fiziki şəxslər həm də təhlükəsiz yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət huququnun və digər bu kimi hüquqların müdafiəsi üçün özbaşına tikinti obyektinin sökülməsini tələb edə bilərlər. 34.İddiaçı şəxsi və ailə həyatına hörmət huququnun və təhlükəsiz yaşamaq hüququnun müdafiəsi üçün özbaşına tikiti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. Məhkəmə bunu aşağıda qeyd olunanlarla əsaslandırır. Şəxsi və ailə həyatına hörmət hüququ 35.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” adlı 8-ci maddəsində göstərilib ki, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Fərdi yaşayış evinin hasarlanmış, yəni xarici mühitdən ayrılmış həyətyanı torpaq sahəsi şəxsi həyatın yaşandığı yer sayıla bilər, yəni orada ailənin istirahəti təşkil edilə bilər, məişət ehtiyaclarının qarşılanması üçün sahələr yerləşdirilə bilər və s. Odur ki, müvafiq icazələr alınmadan pəncərə və balkonları fərdi yaşayış evinin həyətyanı sahəsinə tərəf baxan çoxmənzilli bina inşa edilməsi, şəxsi və ailə həyatına hörmət hüququnun pozulması sayılır. 36.Xüsusilə o hal nəzərə alınmalıdır ki, çoxmənzilli bina ara məsafəsi pozulmaqla inşa edilib. Belə ki, ekspert rəyinin təsviri hissəsindən görünür ki, cavabdehə aid binanın qonşu ilə sərhəd divarı arasında olan ara məsafəsi ən yaxın hissədə 53 sm, ən uzaq hissədə 122 sm təşkil edir. O cümlədən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda qeyd olunub ki, ara məsafəsi D oxu üzrə 2,20 m nəzərdə tutulduğu halda 0,50 m məsafə saxlanılmışdır. Odur ki, nəinki müvafiq icazələr alınmadan, hətta ara məsafəsi belə gözlənilmədən başqasının həyətyanı sahəsi ilə 53 sm məsafədə çoxmənzilli bina inşa edilməsi, binanın mənzillərinin pəncərə və balkonlarının həmin həyətyanı sahəyə tərəf açılması şəxsi və ailə həyatına hörmət hüququ ilə bir araya sığmır. Təhlükəsiz yaşamaq hüququ 37.Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə görə, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Çoxmənzilli bina iddiaçının və onun ailə üzvlərinin təhlükəsiz yaşamaq hüququnu pozur. Azərbaycan Respublikası FHN X14 Xidmətinin məktubuna görə, çoxmənzilli binada yanğın təhlükəsizliyinə dair norma və tələblər yerinə yetirilməyib. Həmin məktubda həmçinin qeyd olunub ki, yaşayış binasının perimetri boyunca yanğın avtomobillərinin hərəkət etməsi mümkün deyil və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmayıb. Bu isə onu təsdiq edir ki, cavabdehə aid binada yanğın baş verərsə, yanğın iddiaçının evinə, həyətyanı sahəsinə və orada yaşayan şəxslərə təsir edəcək. 38.Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyətinə səbəb olur. Cavabdehə aid çoxmənzilli bina ilə fərdi yaşayış evlərinin arasında yanğına qarşı ara məsafəsinin pozulduğu artıq FHN tərəfindən təsdiq olunub. Bu isə onu təsdiq edir ki, yanğına qarşı ara məsafəsinin təmin edilməsi, habelə binanın perimetri boyunca yanğın avtomobillərinin hərəkətinin təmin edilməsi üçün bina sökülməli və müvafiq məsafə gözlənilməklə yenidən tikilməlidir. 39.Beləliklə, iddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. O, həmin obyektin tam deyil, yalnız layihədə əksini tapmayan hissələrinin sökülməsini tələb edib. Memarlıq planlaşdırma layihəsi (cild 1, iş v. 103) ilə çoxmənzilli binanın fotosu (cild 1, iş v. 119) tutuşdurulduqda müəyyən olunur ki, sökülməsi tələb olunan hissələr layihədə əksini tapmayıb. Odur ki, tələb təmin olunmalı, həmin hissələr sökülməlidir. 40.İddiaçı 4 ədəd pəncərənin sökülməsini tələb etsə də, həmin pəncərələrdən biri (binanın 2-ci mərtəbəsində, iddiaçının evinə tərəf baxan divarda yerləşən, sol tərəfdən 4-cü pəncərə) sökülməsi tələb olunan iki balkondan birində (binanın 2-ci mərtəbəsində, iddiaçının evinə tərəf baxan 1 ədəd balkonda) yerləşir. Həmin balkon sökülərkən pəncərə də söküləcək, bununla da pəncərənin sökülməsi barədə tələb təmin olunmuş sayılacaq. Odur ki, 4 ədəd pəncərənin deyil, 3 ədəd pəncərinin sökülməsi qət olunmalıdır. 41.O cümlədən həmin tikilinin çoxmənzilli binaya çevirilməsinə yönələn hərəkətlərin edilməsi cavabdehə qadağan olunmalıdır, çünki çoxmənzilli binanın tikilməsinə icazə verilməyib. İlkin müqavilə 42.Cavabdehin bağladığı 8 ədəd “ilkin alqı-satqı müqavilə”si həmin müqavilələrin əks tərəfi olan şəxslər üçün çoxmənzilli binaya hər hansı hüquq yaratmayıb. İlkin müqavilə ilə tərəflər bir-birinə pul və ya əşya vermək öhdəliyi müəyyən edə bilməz. İlkin müqavilə ilə gələcəkdə başqa müqavilə - əsas müqavilə bağlamaq öhdəliyi müəyyən edilə bilər (Mülki Məcəllə, maddə 402.1). Pul və əşaya verilməsi əsas müqavilə üzrə öhdəliyə daxildir, əsas müqavilə bağlanmadığına görə pul və ya əşya vermək öhdəliyi yaranmayıb. Odur ki, hazırkı iddianın təmin edilməsi nəticəsində həmin şəxslərin hüquqları pozula bilməz. 43.Bununla yanaşı, məhkəmə ilkin müqavilə üzrə pul ödənişinin mümkün olubolmadığına münasibətdə Mülki Məcəllənin 402-ci maddəsi və “Notariat haqqında” Qanunun 74-cü maddəsinin 4-cü hissəsinin müqayisəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsini qərara almışdır. Belə ki, ilkin müqavilə üzrə pul ödənişi qanunvericiliyə zidd olsa da, bütün notariuslar belə müqavilələri notariat qaydasında təsdiq edir və həmin pul notariusların depozit hesabı vasitəsilə ödənilir. O cümlədən məhkəmə Mülki Prosessual Məcəllənin 254.1.6-cı maddəsinin hazırkı işdə tətbiqini, yəni iş üzrə icraatın dayandırılmasını məqsədə uyğun hesab etmir, çünki şərhi xahiş edilən maddələr hazırkı işdə tətbiq olunmur. Əgər kassasiya instansiyası məhkəməsi hesab edərsə ki, göstərilən maddələr şərh edilənə qədər hazırkı iş baxmaq mümkün deyil, belə halda həmin məhkəmə icraatın dayandırılması barədə qərardad qəbul edə və Konstitusiya Məhkəməsinin qərarı dərc edildikdən sonra kassasiya icraatını yekunlaşdıra bilər (MPM, maddə 415-2). 44.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-797/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Sabunçu rayonu, ünvan 2 ünvanındakı 0,0916 ha torpaq sahəsində yerləşən yaşayış evinin layihə sənədində əksini tapmayan, göstərilən hissələri Cavabdeh hesabına sökülsün: 1) evin 3-cü mərtəbəsi; 2) evin 1-ci mərtəbəsində yerləşən, İddiaçı evinə tərəf baxan 1 ədəd balkon; 3) evin 2-ci mərtəbəsində yerləşən, İddiaçı evinə tərəf baxan 1 ədəd balkon. Sabunçu rayonu, ünvan 2 ünvanındakı 0,0916 ha torpaq sahəsində yerləşən yaşayış evinin layihə sənədində əksini tapmayan, göstərilən pəncərələri Cavabdeh hesabına sökülsün və pəncərə yerləri onun hesabına hörülməklə bağlansın: 1) evin 1-ci mərtəbəsində 2 pəncərə, yəni İddiaçı evinə tərəf baxan divarda yerləşən, sol tərəfdən 2-ci və 5-ci pəncərələr; 2) evin 2ci mərtəbəsində 1 pəncərə, yəni İddiaçı evinə tərəf baxan divarda yerləşən, sol tərəfdən 3-cü pəncərə. Sabunçu rayonu, ünvan 2 ünvanındakı 0,0916 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin çoxmənzilli binaya çevirilməsinə yönələn hərəkətlərin edilməsi Cavabdeh qadağan olunsun İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Məhkəmə ekspertizasının xərci olan 50 manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5984/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5984/2024
22.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver