Məhkəmə qərarları › İş №2(103)-5985/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5985/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5985/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı qarşı mülki iş (Açar sözlər: «sığorta haqqının köçürülməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialının nümayəndəsi X1 Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3955/2024 saylı, 16 avqust 2024cü il tarixli qətnaməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və X7 Mərkəzi Filialının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. LZE seriyalı ******* №-li kolxozçunun əmək kitabçasında göstərilib ki, xx.xx.1959cu il tarixdə doğulmuş Əliyeva (Ramazanova) Abidət Şahru qızı əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə Bakı şəhəri 44 saylı Mənzil Kommunal İstismar Sahəsində liftyor vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdə 47 saylı Mənzil Kommunal İstismar Sahəsinə keçirilmiş, bundan sonra müxtəlif vəzifələrdə işləmiş xx.xx.2001-ci ildən köçürmə yolu ilə yenidən 47 saylı Mənzil Kommunal İstismar Sahəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur.

2. Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Əliyeva (Ramazanova) Abidət Şahru qızına ünvanlanmış xx.xx.2021-ci il tarixli 49/3 №-li məktubda qeyd edilmişdir ki: “İşlədiyiniz dövr ərzində əmək haqqından hesablanaraq tutulmuş 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının sızın şəxsi hesabına köçrülməsı ilə bağlı Birlik əməli tədbirlər görməkdədir, hal-hazırda Birlik tərəfindən DSMF-yə köçürülən məbləğlər sistem tərəfindən tənzimləndiyindən ödənişlə bağlı müəyyən çətinliklər yaranmış, bu çətinliyin aradan qaldırılması üçün Birlik tərəfindən sorğu məktubla DSMF-yə müraciət olunmuşdur, ödəniləcək məbləğin məhz sizin fərdi şəxsi hesabınıza oturması üçün DSMF müvafiq prosedurla bağlı izahat verdikdən sonra ərizənizdə göstərdiyiniz məbləğlər ödəniləcəkdir.”

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Birliyin 47 saylı Mənzil Kommunal İstismar Sahəsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan 1059,36 manat məbləğindəki pulun iddiaçının şəxsi hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilir ki, xx.xx.1959-cu il tarixdə Zaqatala rayonunda anadan olmuş, əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə Bakı şəhəri 44 saylı Mənzil Kommunal İstismar Sahəsində liftyor vəzifəsində işə başlamış, xx.xx.1986-cı il tarixdə 47 saylı Mənzil Kommunal İstismar Sahəsinə işə qəbul olunmuş, daha sonra müxtəlif vəzifələrdə işləyərək xx.xx.2011-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdikdə ona imtina verilmiş, yaşa görə əmək pensiyasının əvəzinə müavinət təyin olunmuşdur. İmtinaya əsas kimi isə Sabunçu rayon MKTB tərəfindən işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan 1059,39 manatın fərdi şəxsi hesabına ödənilməməsi göstərilmişdir. MKTB-yə ərizə ilə müraciət edib işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan, lakin fərdi şəxsi hesabına ödənilməyən 1059,39 manatın fərdi şəxsi hesabına ödənilməsini xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli 49/3 №-li məktubunda qeyd etmişdir ki, işlədiyiniz dövr ərzində əmək haqqından hesablanaraq tutulmuş 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının sızın şəxsi hesabına köçrülməsı ilə bağlı Birlik əməli tədbirlər görməkdədir, hal-hazırda Birlik tərəfindən DSMF-yə köçürülən məbləğlər sistem tərəfindən tənzimləndiyindən ödənişlə bağlı müəyyən çətinliklər yaranmış, bu çətinliyin aradan qaldırılması üçün Birlik tərəfindən sorğu məktubla DSMF-yə müraciət olunmuşdur, ödəniləcək məbləğin məhz sizin fərdi şəxsi hesabınıza oturması üçün DSMF müvafiq prosedurla bağlı izahat verdikdən sonra ərizənizdə göstərdiyiniz məbləğlər ödəniləcəkdir. Cavabdehin ərizəsindən sonra Bakı İnzibatı Məhkəməsinə ərizə ilə müraciət edib məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqıdan tutulan 1059.36 manat məbləğindəki pulun onun fərdi şəxsi hesabına köçrülməsi öhdəliyinin cavabdeh Sabunçu rayon MKTB-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə iddia mümkünsüz hesab edilmiş və aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehin məktubundan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də, işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan məbləğ fərdi sosial sığorta hesabına köçürülməmişdir. Ona görə də, pensiya almaq hüququ 3 ildən çox müddətə gec yaranmışdır.

5. Daha sonra, iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan 1059,36 manatın cavabdeh Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən tutularaq İddiaçı Dövlət Sosial Müdafiə Fondunda olan **********166 nömrəli (sosial sığorta nömrəsi) fərdi şəxsi hesabına köçürülməsi barədə qətnamə qəbul edilmiəsini xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3955/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbinin təmin edilərək İddiaçı Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan 1059,36 manat məbləğindəki pulun cavabdeh Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfat Birliyindən tutularaq İddiaçı Dövlət Sosial Müdafiə Fondunda olan **********166 nömrəli (sosial sığorta nömrəsi) fərdi şəxsi hesabına köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı tərəfindən təqdim edilmiş LZE seriyalı ******* №-li kolxozçunun əmək kitabçasından görünür ki, xx.xx.1959cu il tarixdə doğulmuş iddiaçı Əliyeva (Ramazanova) Abidət Şahru qızı əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə 44 saylı Mənzil Kommunal İstismar Sahəsində liftyor vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdə 47 saylı Mənzil Kommunal İstismar Sahəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. Cavabdeh MKTB tərəfindən iddiaçıya aşağıdakı məzmunda xx.xx.2021-ci il tarixli 49/3 №-li məktub ünvanlanmışdır: İşlədiyiniz dövr ərzində əmək haqqından hesablanaraq tutulmuş 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının sızın şəxsi hesabına köçrülməsı ilə bağlı Birlik əməli tədbirlər görməkdədir, hal-hazırda Birlik tərəfindən DSMF-yə köçürülən məbləğlər sistem tərəfindən tənzimləndiyindən ödənişlə bağlı müəyyən çətinliklər yaranmış, bu çətinliyin aradan qaldırılması üçün Birlik tərəfindən sorğu məktubla DSMF-yə müraciət olunmuşdur, ödəniləcək məbləğin məhz sizin fərdi şəxsi hesabınıza oturması üçün DSMF müvafiq prosedurla bağlı izahat verdikdən sonra ərizənizdə göstərdiyiniz məbləğlər ödəniləcəkdir. Lakin cavabdeh bu günədək bunu icra etməmişdir. Göründüyü kimi, cavabdehin tərəfindən 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının iddiaçının şəxsi hesabına köçrülməməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı bu vəzifənin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Sığorta və X7 Mərkəzi Filialı (nümayəndəsi Nümayəndə1) apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini və məcburi dövlət sosial sığorta haqqına görə hesablanmış 1059,36 manat məbləğində pulun Cavabdehndən tutularaq proporsional qaydada bölüşdürülməklə iddiaçının fərdi şəxsi hesabına köçürülməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, “Fərdi uçot haqqında” Qanunun 10.2.1-1-ci maddəsinə əsasən Cavabdeh tərəfindən 1059,36 manat məbləğində ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı ödənildikdən sonra sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüldüyündən və məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi qanunvericilikdə nəzərdə tutulmadığından hazırki qətnamə dəyişdirilməlidir. Belə ki, Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən bildirirlər ki, İddiaçı (FİN xxxxxxx) əmək fəaliyyəti ilə məşğul olduğu 2006-2011-ci illər ərzində sığortaedən Cavabdeh tərəfindən (VÖEN:180016081, SUN: **********1) onun xeyrinə 26,31 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmiş və sözügedən məlumatlar sığortaolunanın **********166 saylı fərdi şəxsi hesabında öz əksini tapmışdır. İş materiallarında olan Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda məcburi dövlət sosial sığorta haqqlarının iddiaçının fərdi şəxsi hesabına köçürülməsi ilə bağlı əməli tədbirlər görüldüyü vurğulansa da, hal-hazıradək məsələ öz həllini tapmamışdır. Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi isə ödənişlərin həyata keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Həmçinin, sığortaedənlər haqqında məlumat bazası olan Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində xx.xx.2018-ci il tarixə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə 380.600,41 manat məbləğində borcu əks olunmuşdur. Qeyd etmək zəruridir ki, sözügedən qətnamə qüvvəsini alacağı halda, cavabdeh tərəfindən ödəniləcək vəsait iddiaçının fərdi hesabına yox, müvafiq dövrdə verilmiş hesabatlara uyğun olaraq sığortaedənlə işləyən bütün sığortaolunanlar arasında proporsional qaydada bölünəcəkdir. Bu da öz növbəsində iddiaçının tələbinin təmin olunmamasına, dolayısı ilə növbəti inzibati mübahisəyə səbəb olacaqdır. Beləliklə, Cavabdehtərəfindən 1059,36 manat məbləğində ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı ödənildikdən sonra sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəkdir. Sığortaedənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

9. Apellyasiya şikayətini “Sosial sığorta haqqında” Qanununun 9, 9-1,0 10, 13.1, 14cü; “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 1.1.1, 3, 4, 5, 10.2.1-1ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X7 Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin dəyişdirilməsini və məcburi dövlət sosial sığorta haqqına görə hesablanmış 1059,36 manatın Cavabdehndən tutularaq proporsional qaydada bölüşdürülməklə iddiaçının fərdi şəxsi hesabına köçürülməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq hazırki məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu:

Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

14. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 9. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; Maddə 11.Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir;

15. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; 1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab; 1.1.3. sosial sığorta nömrəsi (SSN) – sığortaçı tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrə. Maddə 3.0. Fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir: 3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması; 3.0.2. hər bir sığortaolunanın özü barəsində sığortaçıda olan fərdi uçot məlumatlarını əldə etməsi; 3.0.3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması; 3.0.4. bu Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulan informasiya bazasından sığortaçının razılığı olmadan digər məqsədlər üçün istifadənin yolverilməz olması; 3.0.5. sığortaolunanın dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan fərdi uçotun həyata keçirilməsi. Maddə 4.1. Fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. Maddə 8.1. Sığortaolunan aşağıdakı hüquqlara malikdir: 8.1.2. özü haqqında fərdi uçot məqsədləri üçün sığortaedənin sığortaçıya təqdim etdiyi məlumatları sığortaçıdan, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrinə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və ya sığortaedəndən almaq; 8.1.3. fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadıqda, həmin məlumatların dəqiqləşdirilməsi barədə sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatlara münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya sığortaedənə müraciət etmək; Maddə 10.2 və 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq sığortaçın vəzifələrindən biridir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin nəticə hissəsinin 3-cü şəxsin istəyinə uyğun olmaması (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələb(lər)inin qanuni əsası kimi “Sosial sığorta haqqında” Qanunun 10 və 11-ci maddələri nəzərdə tutulduğundan iddiaçı bu iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

24. Belə ki, “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə əsasən cavabdehin sığortaedən kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuşdur. Ancaq işin mübahisəsiz halı kimi, üstəlik 3-cü şəxsin verdiyi rəsmi mülahizədən də (i.v.56-57) bəlli olur ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövr ərzində iddiaçı-sığortaolunanın fərdi şəxsi hesabına cavabdeh-sığortaedən tərəfindən 1059,39 manat məcburi dövlət sosial sığorta ödəməsi aşkar edilməmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edir ki,...işlədiyiniz dövr ərzində əmək haqqından hesablanaraq tutulmuş 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının sızın şəxsi hesabına köçrülməsı ilə bağlı Birlik əməli tədbirlər görməkdədir, hal-hazırda Birlik tərəfindən DSMF-yə köçürülən məbləğlər sistem tərəfindən tənzimləndiyindən ödənişlə bağlı müəyyən çətinliklər yaranmış, bu çətinliyin aradan qaldırılması üçün Birlik tərəfindən sorğu məktubla DSMF-yə müraciət olunmuşdur, ödəniləcək məbləğin məhz sizin fərdi şəxsi hesabınıza oturması üçün DSMF müvafiq prosedurla bağlı izahat verdikdən sonra ərizənizdə göstərdiyiniz məbləğlər ödəniləcəkdir. Göründüyü kimi, cavabdehin yuxarıda qeyd olunan vəzifəsini yerinə yetirmədiyinə görə iddiaçı da sığortaolunan kimi “Sosial sığorta haqqında” Qanunun 11-ci və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqlarından istifadə edib və birinci instansiya məhkəməsi də haqlı olaraq onun iddiasını təmin etmişdir.

25. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Sığorta və X7 Mərkəzi Filialı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və məcburi dövlət sosial sığorta haqqına görə hesablanmış 1059,36 manat məbləğində pulun Cavabdehndən tutularaq proporsional qaydada bölüşdürülməklə iddiaçının fərdi şəxsi hesabına köçürülməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, “Fərdi uçot haqqında” Qanunun 10.2.1-1-ci maddəsinə əsasən Cavabdeh tərəfindən 1059,36 manat məbləğində ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı ödənildikdən sonra sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüldüyündən və məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi qanunvericilikdə nəzərdə tutulmadığından hazırkı qətnamə dəyişdirilməlidir.

26. Əvvəla, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2 və 10.2.1-1-ci maddəsində həqiqətən sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq sığortaçının vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur(8 iyul 2022-ci il tarixli 587-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 19 avqust 2022-ci il “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 834) ilə yeni aşağıdakı məzmunda 10.2.1-1-ci maddə əlavə edilmişdir). Ancaq sığortaçının belə bir vəzifəsinin olması o demək deyil ki, hazırkı işdə olduğu kimi konkret məhkəmə qətnaməsinə əsasən qət olunan məcburi dövlət sosial sığorta haqlarının sığortaolunan-iddiaçının fərdi şəxsi hesabına köçürülə bilməz. Başqa sözlə, Cavabdeh tərəfindən konkret iddiaçıya münasibətdə 1059,36 manat məbləğində ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı digər sığortaolunanlara aid olmadığından onlar arasında proporsional qaydada bölüşdürülməsi də mümkün deyil. Çünki 1059,36 manatın sırf tərəflər arasında yaranmış məhkəmə mübahisəsinin nəticəsinə görə iddiaçının fərdi şəxsi hesabına köçürülməsi qət olunub. Ona görə də məhz bu məbləğin digər sığortaolunanlara heç bir aidiyyəti olmamalıdır. Demək ki, sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq sığortaçının vəzifələrindən biri kimi nəzərdə tutulması mübahisə yaranmayan hallara aiddir. Başqa sözlə, sığortaçı sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə o zaman proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq vəzifəsini icra etməli olacaq ki, sığorta edən məcburi dövlət sığorta haqqını könüllü ödəsin və sığortaolunanların siyahısını təqdim etsin. Lakin qeyd olunduğu kimi bu hallar məhkəmə aktı ilə ilə həll edilən münasibətlərə aid deyil.

27. Bundan əlavə, sığortaedənlər haqqında məlumat bazası olan Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində xx.xx.2018-ci il tarixə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə 380.600,41 manat məbləğində borcunun olması da heç nəyi dəyişmir. Çünki hazırkı iş üzrə olan qətnamə qanuni qüvvəsini alacağı təqdirdə cavabdeh tərəfindən məhz qətnamənin icrası ilə əlaqədar ödəniləcək vəsait iddiaçının fərdi hesabına ödənilməlidir. Ona görə də bu qətnamə ilə qət edilən məbləğ müvafiq dövrdə verilmiş hesabatlara uyğun olaraq sığortaedənlə işləyən bütün sığortaolunanlar arasında proporsional qaydada bölünə bilməz. Çünki qətnamə ilə qət edilən 1059,36 manatın sığortaedənlə işləyən digər sığortaolunanlara heç bir aidiyyəti yoxdur.

28. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, cavabdeh sığortaedən tərəfindən məhkəmə qətnaməsinə əsasən ödəniləcək 1059,36 manatın sığortaçı (Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Sığorta və X7 Mərkəzi Filialı) tərəfindən müvafiq dövrdə verilmiş hesabatlara uyğun olaraq sığortaedənlə işləyən bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəyi barədə şikayətin dəlilləri o anlama gəlir ki, sığortaçı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2 və 10.2.1-1-ci maddəsində nəzərdə tutulan vəzifəsi ilə məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yaranacaq vəzifəsini bir-birindən fərqləndirə bilmir yaxud məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yaranacaq vəzifəsinin əhəmiyyətini azaldır və ya məhkəmə qətnaməsinin icrasının onun üçün daha məcburi olacağını unudur. Ona görə də Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və X7 Mərkəzi Filialı bu iş üzrə qətnamənin qanuni qüvvəsini alıb icra olunarkən növbəti inzibati mübahisəyə səbəb olacaq hərəkətdən (hərəkətsizlikdən) çəkinməlidir.

29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3955/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3955/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar