Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5987/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-296/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021 -ci il tarixli BBLK4547250A125 nömrəli "Birkart Black debet (kredit)” müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-296/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Azərbaycan Respublikası Dövlət Büdcəsinə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-296/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yen qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, hazırkı iş üzrə cavabdehin Sumqayıt şəhəri məhkəməsinə bacısı İddiaçı İnqilb qızına qarşı mübahisələndirdikləri müqavilə əsasında borcun tutulması barədə iddia tələbinin təmin olunaraq icraya yönəldiyini, həmin məhkəmə prosesindən məlumatlı olmadıqlarını, yalnız icra mərhələsində həmin qətnamədən məlumatlı olduqlarını, bu zaman onlara qətnamədən şikayət vermə müddətini ötürdüklərini dediklərini, digər tərəfdən hazırkı iddi tələbinin təmin olunacağına inandıqları üçün Sumqayıt şəhər Məhkəməsinin qətnaməsini mübahisələndirmədiklərini qeyd edir və apellyasiya şikayətinin təmin edilməsini xahiış edir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki: Sumqayıt şəhəri Məhkəməsinin 2(060)- 7413/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli, BBLK4547250A125 saylı müqavilə üzrə 2967, 20 manat əsas, 576, 29 manat faiz borcu olmaqla, 3543 manat 49 qəpik mələğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat, 43 qəpik pu vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir; - elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, Sumqayıt şəhəri Məhkəməsinin 2(060)-7413/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi icraya yönəldilmiş, hazırda icra tədbirləri davam etdirilir( icra məmuru X3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4 İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 384.0.5. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının nəticə hissəsində qeyd edilmişdir ki : Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır.Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçının nümayəndəsi tərəfindən apellyasiya icraatı zamanı məhkəmə iclasında təqdim edilmiş qanuni qüvvəsini almış və icraya yönəlmiş Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-7413/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsini nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavcabdeh "xxxx" ASC-yə qarşı müqavilənin etibarsız hesasb edilməsi tələbinə artıq Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-7413/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyindən hazırkı iddiaya, yəni həmin əqdin etibarsız hesab edilməsi tələbinə baxılması yolverilməzdir. Kollegiya qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə iddiaçının hazırkı tələbi ilə bağlı iddia tələbinə baxılması yolverilməzdir. Bu səbəbdən də Nəsimi Rayon Məhkəməsinin 2(006)-296/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-296/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5987/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5987/2025
01.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver