Məhkəmə qərarları › İş №2(103)-5994/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5994/2024

21.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5994/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dair iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il il tarixli, 2(006)-3465/2024 nömrəli qərardadından cavabdeh X2 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin üzərinə vəzifə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3465/2024 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması və ödənilmiş 43 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır.

3. Qərardad 24 iyun 2024-cü il tarixdə İddiaçı elektron kabinetində yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.

4. İddiaçı 02 iyun 2024-cü il tarixdə qərardaddan şikayət və həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, o, cərrahiyə əməliyyatı keçirməyilə əlaqədar 2024-cü ilin 24-27 iyununda Badamdar qəsəbəsində yerləşən Xüsusi Müalicə Sağlamlıq Kompleksində müalicə almışdır. 28 iyundan 02 avqusta qədər əmək məzuniyyətini kənddə keçirmişdir. Qaldırdığı iddianın kiçik iddia hesab edildiyini və qanuna görə onun yazılı icraat qaydasında baxılmalı olduğu üçün 30 iş günü keçdikdən sonra onun taleyi ilə maraqlanmışdır. Onun heç vaxt belə kabineti olmamışdır. (Sürücülüklə bağlı AsanPay kabineti istisna olmaqla). Yalnız 2024-cü il avqustun 1-də özünə məhkəmə elektron kabineti açmışdır. O, qərardadla rəsmən xx.xx.2024-cü il tarixində qəbzə imza atmaqla tanış olmuşdur.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il il tarixli, 2(006)- 3465/2024 nömrəli qərardadı ilə şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmışdır.

6. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3465/2024 saylı qərardadı İddiaçı məxsus Elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, onun tərəfindən sözügedən qərardaddan şikayət isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş, həmçinin bunun üzrlü səbəbdən baş verməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı ərizəsini əmək məzuniyyətində olması səbəbindən də ötürüldüyünü bildirsə də, bu səbəb məhkəmə üçün prosessual müddətin üzrlü səbəbdən ötürülməsi kimi qəbul edilə bilməz. Belə ki, əmək məzuniyyətində olması onun fiziki cəhətdən məhdudiyyətin olması demək deyildir.

7. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və müddətin bərpası barədə ərizənin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

8. Şikayət ərizədə göstəridən xüsusatlarla əsaslandırılmışdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il il tarixli, 2(006)- 3465/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. İş materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(006)-3465/2024 nömrəli qərardadı 24 iyun 2024-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirərək rəsmi qaydada çatdırılmışdır.

13. Kollegiya İddiaçı dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, məhkəmənin qərardadı onun elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada çatdırılmışdır və müddətin başlanğıcı da həmin vaxtdan hesablanmalıdır.

14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il il tarixli, 2(006)-3465/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il il tarixli, 2(006)- 3465/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar