Məhkəmə qərarları › İş №2(103)-6/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6/2020

18.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçının nümayəndələri X4 və X1, Cavabdeh1 vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(003)-2827/2015 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 794 saylı ünvanda yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1999-cu il tarixli, 2258 saylı sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 794 saylı ünvanda yerləşən 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış və adına JN-254789D Kod 00300016 saylı, xx xxxxxxx 2005-ci il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» verilmişdir. Laçın rayonundan məcburi köçkün olan cavabdehlər ona məxsus olan həmin torpaq sahəsini zəbt edərək orada özbaşına tikinti işləri aparmışlar. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsini qaytarmaqdan imtina edir. Bu səbəbdən də mülkiyyət hüquqları pozulur. Hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalı və inşa etdikləri tikili onların vəsaiti hesabına sökülməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(003)- 2827/2015 saylı qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia təmin olunmuşdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam və hərtərəfli araşdırılmaması, fərdi yaşayış evi inşa etdirdikləri torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşməsi, həmin ərazinin iddiaçının iddia etdiyi torpaq sahəsinə aidiyyətinin olmaması, iş üzrə müvafiq ekspertizanın keçirilməməsi, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin aydınlaşdırılmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyüasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizalarının rəyləri ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin istifadə etdikləri torpaq sahəsinin sərhədlərinin üst-üstə düşməsi müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi isə iş üzrə tam və mhərtərəfli araşdırma aparmadan iddianı təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan JN-254789D Kod 00300016 saylı, xx xxxxxxx 2005-ci il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1999-cu il tarixli, 2258 saylı sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 794 saylı ünvanda yerləşən 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı hazırki tələbində iddia etmişdir ki, ona məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək, orada özbaşına tikililər inşa edilmişdir. Cavabdeh tərəf isə etirazlarının əsası kimi – iddiaçının torpaq sahəsini zəbt etməmələrini, iddiaçının torpaq sahəsinin başqa ərazidə olmasını və s. göstərmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız iddiaçının bildirdiklərinə əsaslanmışdır. Halbuki,iddiaçı tərəfin izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə tam,hərtərəfli və obyektiv hüquqi qiymət verilməsi istiqamətində iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 24695 nömrəli ekspertiza rəyi ilə iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi ilə cavabdehlərin istifadəsində olan torpaq sahələrinin üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, apellyasiya icraatı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Daxil olmuş əlavə ekspertiza rəyindən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 23103 nömrəli ekspertiza rəyi) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 794 saylı ünvanda yerləşən, iddiaçının mülkiyyətində olan 0,12 hektar torpaq sahəsinə dair verilmiş JN-254789D saylı şəhadətnamənin koordinatların olmaması və elektron kadastr baza məlumatlarında mübahisələndirilən torpaq sahəsinin ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi barədə məlumat olmadığı üçün iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin hüdudlarının (sərhədlərinin) yerində müəyyən edilməsi, həmçinin cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi iddia olunan torpaq sahəsinin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsini (sərhədlərinin tam və ya qismən üst-üstə düşüb-düşməməsi, iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olunub-olunmamasını) müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, ekspertiza rəyləri ilə iddiaçının əsaslandığı 0,12 ha torpaq sahəsinin sərhədlərini yerində müəyyən etmək, həmçinin onun hər hansı hissədə zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki,iddiaçının tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Göründüyü kimi vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün (uğurlu olması üçün) - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər birlikdə, məcmu halda mövcud olmalıdır. Əks halda iddia təmin oluna bilməz. Bununla yanaşı,iddiaçının iddia etdiyi torpaq sahəsi naturada mövcud olmalı,onun sərhədləri dəqiq müəyyən edilməli (yerquruluşu işləri tamamlanmalı), mübahisə doğurmamalıdır. Yuxarıda qeyd edildiyi kimi,ekspertiza rəyi ilə iddiaçının istinad etdiyi torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi mümkün olmamışdır. Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Belə olan halda isə, iddiaçının vindikasiya (əmlakın qanunsuz sahibdən alınması) barədə tələbi təmin oluna bilməz (yuxarıda qeyd edilən şərtlər məcmu halda mövcud deyildir). Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, 0,12 ha torpaq sahəsinə dair iddiaçının adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 254789D Kod 00300016 saylı, xx xxxxxxx 2005-ci il tarixli şəhadətnamə verilsə də, ekspertiza rəyləri ilə şəhadətnamənin koordinatların olmaması və elektron kadastr baza məlumatlarında mübahisələndirilən torpaq sahəsinin ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi barədə məlumat olmadığı üçün həmin torpaq sahəsinin hüdudlarının (sərhədlərinin) yerində müəyyən edilməsi mümkün olmamışdır. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3, 4 və 5-ci bəndlərinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yer quruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yer quruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göründüyü kimi, qanunverici xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mərz nişanlarının qoyulması və onun sərhədlərinin yerə (naturaya) keçirilməsi imkanını müəyyən etmişdir. Bu səbəbdən də iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə bağlı müvafiq səlahiyyətli inzibati orqana müraciət etmək hüquqları istisna olunmur. Lakin, yuxarıda qeyd edilənlərə əsasən ekspertiza rəyləri ilə iddiaçıya məxsus müvafiq torpaq sahəsinin yerdə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda isə, hazırki vəziyyətdə cavabdehlərin iddia olunan torpaq sahəsindən çıxarılmaları və orada inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb təmin oluna bilməz. Beləliklə,araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki,iddiaçının tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir.İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır, əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Göründüyü kimi,birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış,iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş,maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə,qətnamə qanuni və əsaslı sayıla bilməz.Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün tam əsasdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində ümumilikdə 200 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(003)-2827/2015 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(003)- 2827/2015 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Məhkəmə xərci iddiaçıya aid edilsin.İddiaçıdan aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********,hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar