Məhkəmə qərarları › İş №2(103)-600/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-600/2022

29.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-600/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 45 saylı notariat ofisinə qarşı «vəsiyyət üzrə vərəsəliyin qəbul edilməsi tələbinə dair» 2(002)-2514/2021 nömrəli mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 45 saylı notariat ofisinə qarşı «vəsiyyət üzrə vərəsəliyin qəbul edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki 17 nömrəli evin vəsiyyət üzrə vərəsəliklə onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və 17 nömrəli ev, xüsusi mülkiyyət hüququ əsasında mərhum X1na məxsus olmuşdur. Həmin evi 13 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında o, anasına hədiyyə etmişdir. Çünki, həmin vaxt müəyyən problemləri olduğu üçün evinin anasının adına olması məsləhət görüldü. Aralarında olan razılığa əsasən, daha sonra ev yenidən öz adına sənədləşəcəkdi. Lakin anasının vaxtsız və gözlənilməz vəfatı nəticəsində sənədləşmə işini görə bilməmişlər. 2020-ci ildə mərhum anası ilə 45 saylı Notariat ofisinə müraciət edib ki, anası evi onun övladlarına bağışlamaq istəyir. Lakin notarius bildirib ki, övladlarının soyadı başqa olduğuna görə bağışlama müqaviləsini təsdiq edə bilməz. Ev onun sahibliyində olduğu vaxtdan bu günədək, həmin evdə övladları ilə birlikdə yaşayır. Mərhum anası da, onunla birlikdə yaşamışdır. X1 04 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X12 04 fevral 2021-ci il tarixli, 1362 nömrəli arayışından da göründüyü kimi anasının meyiti müvafiq tələblərə uyğun bükülmüş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. Həmin arayış ona verilmiş və anasının dəfn mərasimini o təşkil edərək, dəfn xərcləri onun tərəfindən ödənilmişdir. Bunu Qaradağ rayonu, Sahil Bələdiyyəsi tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli arayış da təsdiq edir. Həmçinin qonşular da, yuxarıda qeyd edilənləri təsdiq edə bilərlər. Bu yaxınlarda, evdə anasının əşyalarını səliqə-səhmana salarkən, onun öz xətti ilə yazdığı vəsiyyətnaməni tapmışdır. Həmin vəsiyyətnamədə anası, evi ona verməsini açıq-aydın görsətmişdir. Anası vəfat etdikdən sonra, Bakı şəhəri 45 saylı Notariat Ofisində vərəsəlik işi açıldıqda, qardaşı Cavabdeh1 ərizə verərək, əslində ona məxsus olan evə vərəsə olduğunu bildirmiş və notariusdan özünün də, qanun üzrə vərəsə kimi tanınmasını xahiş edərək, həmin evə dair payından imtina etməmişdir. Hansı ki, o yaxşı bilir ki, ev ona məxsusdur. O 45 saylı Notariat ofisində anası tərəfindən yazılmış vəsiyyətnaməni göstərdikdə, bildirmişlər ki, həmin vəsiyyətnamə möhürlə təsdiq olunmadığından, məhkəməyə müraciət etməlidir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, həmin evi 13 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçı anasına bağışlamışdır. Belə ki, müəyyən problemlər üzrə evin anasının adına keçirilməsi məsləhət olmuşdur ki, sonradan anası evi iddiaçının adına keçirməli idi. 2000-ci ildə anası evi ididaçının uşağına bağışlamaq üçün 45 saylı notariat kontoruna müracit etmiş, lakin soyadları başqa olduğuna görə bağışlanma müqaviləsi təqdiq edilməmişdir. Sonradan anası 04 fevral 2021-ci il tarixdə vəfat etdiyinə görə proseslər yarımçıq qalmışdır. Anası ölən günə kimi iddiaçı ilə birlikdə yaşamış və anasına o, baxmışdır. Məhkəmə işə baxarkən iddiaçının anasının ona vəsiyyətnamə verməsini nəzərə almamış və bu barədə heç bir araşdırma aparmamışdır. Belə ki, anası ali təhsilli müəllimə olmuş, onun əlyazmaları işlədiyi təhsil müəssisəsində və nazirlikdə vardır. Məhkəmədən anasının yazdığı vəsiyyətnamənin onun tərəfindən yazılmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsini xahiş etsə də, bu barədə heç bir reaksiya verilməmişdir. İddiaçının həyat yoldaşı hər ay ona bank vasitəsi ilə pul göndərmiş və həmin pulla o, ev tikdirmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, mərhum X1ndan miras qalmış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan 17 nömrəli fərdi yaşayış evinə onun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 apellyasiya baxışı zamanı şikayəti qəbul etmədiyini bildirərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh 45 saylı notariat ofisi iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, miras qoyan qismində çıxış edən X3 ona məxsus olan müvafiq miras əmlaka dair nə yazılı formada, nə nədə notarial formada tərtib edilmiş vəsiyyətnamənin olması halı aşkar edilməmişdir. İddiaçı qeyd eidlən halla bağlı yeganə sübut qismində kserosurət olan kağıza istinad etmişdir. Məhkəmə qeyd edilən sübut növü ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin sübut növü mülki prosessual qanunvericiliyin tələbi baxımından sübut qismində qəbul edilə bilməz. Belə ki, qeyd edilən sənəd kserosurət olmaqla, lazımi qaydada təqsdiq olunmamış və imzalanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. İş materiallarında olan Bakı şəhəri 45 saylı notariat ofisində təsdiq edilmiş 13.08.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X4 bağışlamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3 adına mülkiyyət kimi 16.08.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 fevral 2021-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsinin 18.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi ev 17 ünvanında yaşayır və X3 dəfn xərləri onun qızı İddiaçı tərəfindən çəkilmişdir. İş matereilalarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X9” X12 04.02.2021-ci il tarixli arayışından görünür ki, X6 04.02.2021-ci il tarixdə X7 rayon şöbəsinin meyitxanasına gətirilmiş və tələblərə uyğun olaraq bükülmüş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 48 saylı Notariat ofisinin 15.07.2021ci il tarixli, 178 nömrəli məktubundan görünür ki, İddiaçı X1ndan qalmış mirasa vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə cavab olaraq, vəsiyyətnamənin notariat qaydasında təsdiq edilmədiyinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 Bakı şəhəri 45 saylı Notariat ofisinə təqdim etdiyi 08 aprel 2021-ci il tarixli, **********114 nömrəli ərizəsinin surətindən görünür ki, Cavabdeh1 mərhum X1ndan miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Cavabdeh1 iddia ərizəsinə təqdim etdiyi etirazında və birinci instansiya məhkəməsində, həmçinin apellyasiya baxışında verdiyi izahatında bacısının anasını məcbur etdiyinə görə o, anasına yazılı vəziyyətnamə verməsini, lakin notariat qaydasında təsdiq etdirməməsini məsləhət gördüyünü, həmin vəziyyətnamənin anasına zorla yazdırılmasını bildirsə də, apellasiya baxışında sonradan izahatını dəyişərək iddiaçının məhkəməyə təqdim etdiyi vəsiyyətnamənin mərhum anasının yazmasına şübhə etdiyini qeyd etmişdir. Məhkəmənin qərardadı əsasında iddiaçı tərəfindən məhkəməyə əsli təqdim olunan yazılı vəsiyyətnamənin X6 tərəfindən yazılıb-yazılmamasının, həmin vəsiyyətnamənin tərtib edilməsi zamanı vəsiyyət edənin fiziki təsirə məruz qalıb-qalmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardad əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31.01.2022-ci il tarixli, 4/58 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ”ekspertizaya təqdim olunmuş, mülki işin 99-cu vərəqində olan vəsiyyətnamənin bir tərəfində “Karobkada 4 paçka (4X6) yekə xrust 1 paçka (6 d) boğmalı...” sözləri ilə başlayıb “...Tümerlə Tayfura almışam 1 yekə xalça Tümerə (Afətdədir) mənim xalçala...” sözləri ilə bitən, digər tərəfində isə “...rım X5. Qızıllarım...” sözləri ilə başlayıb “...Elvinə də Allah qoysa 1 qaraj alacam ki, qardaşları kömək edər 1 ev tikər Ayazı ora qoymaz çünki Ayaz alçaq və pis adamdır. Ondan bizim ailəyə xeyir gəlməz.” sözləri ilə bitən əlyazmalar - X6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 99-cu vərəqində olan vəsiyyətnamənin bir tərəfində “Karobkada 4 paçka (4X6) yekə xrust 1 paçka (6 d) boğmalı...” sözləri ilə başlayıb “...Tümerlə Tayfura almışam 1 yekə xalça Tümerə (Afətdədir) mənim xalçala...” sözləri ilə bitən, digər tərəfində isə ‘:...rım X5. Qızıllarım...” sözləri ilə başlayıb “...Elvinə də Allah qoysa 1 qaraj alacam ki, qardaşları kömək edər 1 ev tikər Ayazı ora qoymaz, çünki Ayaz alçaq və pis adamdır. Ondan bizim ailəyə xeyir gəlməz.” sözləri ilə bitən əlyazmaların - X6 tərəfindən qeyri-adi psixofizioloji vəziyyətdə (təsir, təzyiq və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Göründüyü kimi qeyd edilən hüquq normasına əsasən vəsiyyətnamənin “notariat forması” və “sadə yazılı forması” qismində iki forması nəzərdə tutulmuşdur. Vəsiyyətnamə bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olması tələb edilən birtərəfli əqdddir. Sadə yazılı formalı vəsiyyətnamə Mülki Məcəllənin 331ci maddəsinə əsasən yazılı əqd kimi onun məzmununu ifadə edən və vəsiyyət edən tərəfindən imzalanmış sənədin tərtib edilməsidir. Mülki Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Həmin Məcəllənin 1187.1-ci maddəsinə əsasən vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Göründüyü kimi, vəsiyyətnamənin saxlanması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Vəsiyyət edən öz əlili ilə yazdığı və imzaladığı vəsiyyətnaməni ya saxlanması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verə bilər, ya da özündə saxlaya bilər ki, buna ev vəsiyyətnaməsi deyilir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Beləliklə, işin müəyyən edilmiş hallarına əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X3 adına 16.08.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X6 04 fevral 2021-cii il tarixdə vəfat etmiş, vəfat etmədən öncə həmin daşınmaz əmlakı qızı X4 vəsiyyət etməsinə dair əlyazma ilə sadə yazılı formalı vəsiyyətnamə tərtib etmişdir. İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 31.01.2022-ci il tarixli, 4/58 saylı rəyi ilə həmin vəsiyyətnamənin X6 tərəfindən icra olunduğu, bu zaman X3 qeyri-adi psixofizioloji vəziyyətdə (təsir, təzyiq və s.) icra olunmasını xarakterizə edən əlamətlərin müşahidə olunmadığı müəyyən edilmişdir. Belə olduğu halda notariat ofisi vəsiyyətnamənin notarial qaydada təsdiq olunmadığı üçün vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etməkdə və birinci instansiya məhkəməsi nə yazılı, nə də notarial formada tərtib edilmiş vəsiyyətnamənin olmaması əsası ilə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası mərhumun oğlu Cavabdeh1 miras əmlakdan məcburi pay almaq hüququ olduğunu nəzərə alaraq hesab edir ki, miras əmlaka ¾ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh1 vərəsəlik hüququ tanınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 127 manatın yarısı, yəni 63,5 manatı iddiaçıdan, 63,5 manatı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(002)- 2514/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında olan 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ¾ (dörddə üç) hissədə İddiaçı, ¼ (dörddə bir) hissədə Cavabdeh1 vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar