Məhkəmə qərarları › İş №2(103)-6007/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6007/2023

12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6007/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1581/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 52 saylı evin 4 saylı mənzili İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. İddiaçı ilə cavabdeh "xxxx" ASC (bundan sonra cavabdeh) arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və iddiaçıya **********20004 nömrəli abonent kodu verilməklə, ötürülən elektrik enerjisinin hesablanması məqsədi ilə evin xarici tərəfində elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixində cavabdehin əməkdaşları tərəfindən həmin mənzilə quraşdırılmış elektrik sayğaca baxış keçirilən zaman beton döşəmənin altından mənzilə kənar xəttin daxil olduğu aşkar edilmişdir. Qeyd edilən əsasla xx.xx.2023-cü il tarixdə 281394 nömrəli akt tərtib edilmiş və aparılmış hesablamaya uyğun olaraq itirilmiş elektrik enerjisinin dəyəri 946,92 manat məbləğində müəyyən edilməklə iddiaçının abunə hesabına daxil edilmiş, eyni zamanda kənar xətt ləğv edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən əsassız hesablanmış 952,41 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 52 saylı evin 4 saylı mənzili onun mülkiyyətindədir. Hər ay cavabdehin əməkdaşları onun sayğacına baxış keçirir və istifadə edilmiş elektrik enerjisinə uyğun olaraq qəbz təqdim edirlər. O da qəbzdə göstərilən məbləği ödəyir. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları sayğaca baxış keçirərkən, beton döşəmənin altından kənar xətt çəkildiyini qeyd edərək, akt tərtib etmişlər və 952,41 manat cərimə yazmışdılar. O, şəkər xəstəliyindən əziyyət çəkir, 1 otaqlı mənzildə tək yaşayır. O, hər hansı kənar xətt çəkdirməmiş və buna ehtiyacı da yoxdur. Hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt əsassız tərtib edilmişdir. Bu səbəbdən hesablanmış 952,41 manat borc silinməlidir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1581/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R 281394 saylı aktın etibarsız hesab edilməsi və İddiaçı **********20004 saylı abonent kodu üzrə hesablanmış 946,92 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir (hakim X7).

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq iddiaçının iştirakı təmin edilməmiş, iddiaçının izahatı və mülahizələri akta əlavə edilməmişdir. Məhkəmə iclasında X4 aktda qeyd edilən aşkar olunmuş kənar xəttin telefonun videokamerası vasitəsi ilə çəkildiyini bildirsə də, məhkəməyə videoçəkiliş təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı da akt tərtib edildiyi zaman məlumatının olmadığını, sonradan xəbəri olduğunu qeyd etmişdir. Bundan əlavə saldoya əsasən də 2011-ci ildən 2023-cü ilə qədər abonentin sərfiyyatı 4,5 manat son illər isə lap az olmuşdur. Bununla belə, iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən hallar aktın etibarsız hesab edilməsi üçün əsasdır və bu səbəbdən iddia üzrə tələb edilən 952,41 manat deyil, akta əsasən hesablanmış 946,92 manat borc silinməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.2-ci, 88-ci, 119.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 16-cı, 26-cı maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci, 5.2.1-ci, 7.10-cu, 7.11-ci, 8.33-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evinin beton döşəməsinin altından mənzilə kənar xəttin daxil olması aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı tərəflərindən R 281394 saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq, aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. "xxxx" ASC tərəfindən itirilmiş elektrik enerjisinin dəyəri 946,92 manat məbləğində müəyyən edilməklə, abonentin **********20004 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən itirilmiş elektrik enerjisinin hesablanmış dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən, “Elektrik enerjisindən istifadə Qaydaları”nın akt tərtib edilən zaman qüvvədən düşmüş 8.33-cü bəndinə istinad edərək, iş üzrə mövcud olmayan maddi hüquq normalarını tətbiq etmiş və bu hal nəticə etibarı ilə əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Bununla da prosessual hüquq normasının pozuntusuna yol verilmişdir. Həmçinin, məhkəmə öz qətnaməsində sayğacda aşkar olunmuş pozuntu faktının məhz iddiaçı tərəfindən yarandığına dair heş bir sübutun məhkəməyə təqdim edilmədiyini və MPM-nin 77.2-ci maddəsinə istinad edərək, həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməli olduğunu qeyd etmişdir. Lakin qətnamə çıxarılan zaman MPM-nin 77.2-ci maddəsi artıq ləğv edilmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi yenə də qüvvədən düşmüş hüquq normasına istinad edərək, prosessual hüquq normasının pozuntusuna yol vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 8.17-2-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın tam təmin olunmaması xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə hesablaşma elektrik sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı, o cümlədən məişət abonenti tərəfindən həmin sayğaclarının zədələnməsi (plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmişdir. Bununla belə, bu işlərin görülməsini təmin edən, o cümlədən sayğacın işlək vəziyyətdə saxlanılmasına və elektrik enerjisindən düzgün istifadə edilməsinə nəzarət edən enerji təchizatı müəssisəsinin əməkdaşları bu sahədə hər hansı pozuntular aşkar etdikdə bunun səbəblərini qanunvericiliyin tələblərinə uyğun araşdırmalı və rəsmiləşdirməlidir. Bu zaman pozuntular bilavasitə istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmasını sübut etmək vəzifəsini də məhz enerji təchizatı müəssisəsi daşıyır. Əks halda, pozuntunun istehlakçı tərəfindən yol verilməsinə dair aparılmış hər hansı rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, bunun nəticəsi olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 52 saylı evin 4 saylı mənzili iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və iddiaçıya **********20004 nömrəli abonent kodu verilməklə, ötürülən elektrik enerjisinin hesablanması məqsədi ilə mənzilin xaricində elektrik sayğacı quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə həmin mənzilə quraşdırılmış elektrik sayğaca baxış keçirilən zaman beton döşəmənin altından mənzilə kənar xəttin daxil olduğu aşkar edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixdə 281394 nömrəli akt tərtib edilmiş və aparılmış hesablamaya uyğun olaraq itirilmiş elektrik enerjisinin dəyəri 946,92 manat məbləğində müəyyən edilməklə iddiaçının abunə hesabına daxil edilmiş və kənar xətt ləğv edilmişdir.

22. Cavabdeh kənar xəttin aşkar edilməsinin videoçəkiliş vasitəsi ilə qeydə alındığı (X4), habelə yaranmış borcun ödənilməsi üçün iddiaçının ünvanına müvafiq bildirişin göndərildiyini (apellyasiya şikayətinin məzmunu) bildirsə də bu halları təsdiq edən hər hansı sübut, o cümlədən adi fotoşəkillər təqdim edilməmişdir. Başqa sözlə, aktın tərtib edilməsinə əsas olmuş halları, o cümlədən aşkar edilmiş (əgər aşkar edilmişdirsə) elektrik xəttinin iddiaçının mənzilinə çəkilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bu da öz növbəsində iddiaçının mülkiyyətində olan mənzildə sayğacdan kənar elektrik xəttindən istifadə edilməsi barədə cavabdehin dəlillərinin əsassız olmasına və nəticə etibarı ilə tərtib edilmiş aktın etibarsız olmasına dəlalət edir.

23. Digər tərəfdən belə bir xəttin aşkar edilməsi özü-özlüyündə bu xəttin iddiaçı tərəfindən çəkilməsini və ondan real olaraq istifadə edilməsini birmənalı şəkildə təsdiq edən və bu baxımdan aktın tərtib edilməsinə əsas yaradan hal deyil. Belə ki, iddiaçı 2014cü ildən qeyd edilən mənzilin mülkiyyətçisidir. X4 özü də ifadəsində bildirir ki, belə bir xəttin iddiaçı tərəfindən təkbaşına çəkilməsi mümkün deyil və xəttin kafelin altında çəkilməsindən isə belə çıxır ki, xətt binanın təmirindən əvvəl çəkilibdir. Hər bir halda, belə bir xətt varsa, uzun müddətdir ki, var. Hər bir halda, belə bir xəttin aşkar edilməsindən sonra onun işlək vəziyyətdə olması, o cümlədən bu xətt vasitəsi ilə sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi (ümumiyyətlə edilməsinin mümkünlüyü) müəyyən edilməlidir. Lakin bununla bağlı da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmir.

24. Bununla belə sayğacdan kənar elektrik xətti mövcud olması ilə yanaşı, onun məhz iddiaçı tərəfindən çəkilməsi, hazırda işlək vəziyyətdə olması və ondan real olaraq istifadə edilməsi də müəyyən edilmir. Onun işlək vəziyyətdə olmaması isə aktın tərtib edilməsini bilavasitə istisna edir.

25. İddiaçıya aid abonent saldosunda əks olunmuş məlumatlar da onun elektrik enerjisindən sayğacdan kənar xətt üzrə istifadə etmədiyini təsdiq edir. Belə ki, son 5 il ərzində yalnız xx.xx.2020-ci il tarixdə bu məqsədlə üçün 14 manat məbləğində pul ödənilmişdir. Həmin dövr üzrə bütün digər ödənişlər minimum 4, maksimum 10 manat məbləğində olmuşdur. Həmin mənzilin 30 kv.m. sahədən və 1 otaqdan ibarət olması, habelə iddiaçının orada tək yaşaması nəzərə alındığı halda, qeyd edilən məbləğlərdə işıq enerjisindən istifadə edilməsi məqbul hesab edilir.

26. Məhkəmə kollegiyası xüsusilə o halı da vurğulayır ki, həmin xətt cavabdehin əməkdaşları tərəfindən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli aktda da bu barədə qeyd aparılmışdır. İddiaçı tərəfindən həmin xəttdən istifadə edildiyi halda, onun ləğvindən sonra işıq sətfiyyatı ilə bağlı xərclər artmalıdır. Lakin saldo məlumatlarına əsasən 2023-cü ilin fevral ayında 5,36 manat, mart ayında 4,48 manat, aprel ayında isə ümumiyyətlə 2,24 manat məbləğində elektrik enerjisindən istifadə edilmişdir. Bu baxımdan da iddiaçı tərəfindən kənar xəttdən istifadə edildiyi müəyyən edilmir. Əksinə qeyd edilənlər onun sayğacdan kənar hər hansı xəttdən istifadə etmədiyini təsdiq edir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, birinci instnasiya məhkəməsi tərəfindən istinad edilən MPM-nin həm 77.2-ci maddəsi, həm də “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndi tətbiq edilən vaxt artıq qüvvədən düşmüşdür. Lakin bu hal apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Nəticə etibarı ilə birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borcun silinməsinin əsassız olması ilə bağlı cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. İddiaçının istehlakçı olaraq təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində, habelə ümumiyyətlə hər hansı formada cavabdehə maddi ziyan vurması, o cümlədən elektrik enerjisindən elektrik sayğacından kənar çəkilmiş xətt üzrə istifadə etməsi müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsini və həmin akt üzrə hesablanmış 946,92 manat məbləğində borcun silinməsini şərtləndirir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: . Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1581/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASCyə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar