Məhkəmə qərarları › İş №2(103)-6011/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6011/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6011/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh mənzil tikinti kooperativinə qarşı maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair e-2(004)-2031/2022 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh mənzil tikinti kooperativi (bundan sonra---Cavabdeh MTK) arasında bağlanmış 16 iyul 2018-ci il tarixli müqaviləyə görə Cavabdeh MTK Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllədə tikilməkdə olan yaşayış evlərinin A binasında 5-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,4 kv.metr olan Obyekt- 1-in tikintisi başa çatdıqdan sonra İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.4-cü bəndinə əsasən, obyektə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün MTK tərəfindən qanunla məcburi olan sənəd (müqavilə qiymətinin tam ödənişi halında) payçıya müvafiq qeydiyyat əsasında təqdim edilir.

2. Cavabdeh MTK tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilkin dəyəri 375000 manat olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmiş və MTK-ya borcu yoxdur.

3. İddiaçı 14 fevral 2022-ci il tarixli məktubla Cavabdeh MTK-nın rəhbərliyinə müraciət edərək dəyərini ödədiyi qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədilə ona maliyyə arayışı verilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən ümumi sahəsi 75,4 kv.metr olan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması məqsədilə maliyyə arayışı verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı qeyri-yaşayış sahəsinin dəyərini tam ödəsə də, cavabdeh MTK həmin qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması üçün maliyyə arayışı verməkdən imtina edir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2031/2022 saylı mülki iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllədə tikilməkdə olan yaşayış evlərinin A binasında 5-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,4 kv.metr olan Obyekt-1-in dəyərinin İddiaçı tərəfindən tam şəkildə ödənilməsi barədə maliyyə arayışının verilməsi vəzifəsi Cavabdeh mənzil tikinti kooperativinin üzərinə qoyulmuşdur. (hakim X2)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı aldığı qeyri-yaşayış sahəsinin dəyərini tam ödədiyindən, cavabdeh həmin qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün iddiaçıya maliyyə arayışı verməyə borcludur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 399.1, 752.2, 385.1, 442, 157.8, 178.8-ci, Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2, 113.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh MTK apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı həmin qeyri-yaşayış sahəsində özbaşına tikinti işləri apardığına, yəni qanunsuz arakəsmə düzəltdiyinə görə MTK ona maliyyə arayışı verməkdən imtina etmişdir. Məhkəmə işə baxarkən MTK-nın mənafeyini nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə şikayətin təmin olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.https://www.e-qanun.az/framework/46955 Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

16. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh mənzil tikinti kooperativi ilə bağladığı 16 iyul 2018-ci il tarixli müqaviləyə görə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 3166-cı məhəllədə tikilmiş yaşayış evlərinin A binasında 5-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,4 kv.metr olan Obyekt-1-in dəyərini tam ödəsə də, Cavabdeh MTK müqavilənin 8.4-cü bəndində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməyərək həmin qeyri-yaşayış sahəsinə görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün maliyyə arayışı verməkdən imtina etmişdir. İddiaçının həmin qeyri-yaşayış sahəsində özbaşına tikinti işləri apardığına, yəni qanunsuz arakəsmə düzəltdiyinə görə MTK tərəfindən ona maliyyə arayışı verməkdən imtina edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal MTK tərəfindən iddiaçıya maliyyə arayışı verilməsindən imtina edilməsinə əsas ola bilməz. İddiaçının həmin qeyri-yaşayış sahəsində özbaşına olaraq tikinti işləri aparması, o cümlədən layihədən kənara çıxmaqla qanunsuz arakəsmə düzəltməsi tərəflər arasında başqa mübahisənin predmeti ola bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh MTK-nın üzərinə maliyyə arayışı verilməsi vəzifəsini qoymaqda haqlı olmuşdur.

17. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2031/2022 saylı mülki iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar