Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6013/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-583/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş əmrin ləğv edilməsi; məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi; İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində göstərilən halların (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar İşçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07.02.2020-ci il tarixində "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətində iş növbəsində olan zaman səhər saat 11 radələrində ağır çəkisi olan yük iddiaçının sol baldırının (dizinin) üzərinə düşmüş və iddiaçı istehsalatda xəsarət almışdır. Aldığı xəsarət ağır olduğundan işçi kollektivin köməkliyi ilə Bakı şəhərində yerləşən Travmotologiya İnstitutuna aparılmış və həkim müayinəsindən keçmişdir. Eyni zamanda xəsarət aldığı hissə rentgendən keçirilmişdir. Müayinə əsasında müəyyən olunmuşdur ki, sol diz qapağı və vətər əzələlər əzilmiş, nəticədə şişmə baş vermişdir. Yeriyə bilmədiyindən taksi ilə evə yola salınmışdır. Bir gün sonra iş yerindən zəng edilərək səhhətinin necə olduğunu soruşmuş və həkimlə danışmağını xahiş etmişlər. Nəticə etibarilə xəsarətdən dolayı işə çıxa bilməmiş və iş yoldaşlarının vasitəsilə maaşdan əlavə müalicə üçün 70-100 manat arası xərclər ona göndərilmişdir. Lakin bir müddət sonra ondan xahiş edildi ki, mümkünsə işə çıx. O da cavabında ayağının daha da pisləşdiyini və kənar şəxsin köməyi olmadan yeriyə bilmədiyini bildirmişdir. Belə ki, Travmotologiya İnstitutunda ona müalicə yazan həkimin müalicə kursu heç bir fayda vermirdi. Əksinə ayağında olan ağrılar daha da artırdı. Səhhətinin ağır olduğunu və artıq ağrılara dözə bilmədiyindən başqa həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin həkim də onu müayinə etdikdən sonra bildirdi ki, diz nahiyənə maye yığılıb. Həm də ayaqda sınıq olmaya-olmaya ayağına gips qoyulub ki, bu da əzilmənin bərpasını çətinləşdirib. Nəticədə gips əzilmiş damarları, əzələləri sıxıb və səhhətində olan problem daha da ağırlaşıb. Eyni zamanda MRT müayinəsindən keçmək üçün həkim tərəfindən istiqamətləndirilmədiyindən, sadəcə rentgen müayinəsi ilə kifayətlənmişdir. Bu barədə məlumatı işlədiyi müəssisəyə mütəmadi bildikdən sonra müalicə xərcləri mart ayının axırında dayandırıldı və ona bildirildi ki, ancaq maaş veriləcək. Eyni zamanda 2 və ya 3 dəfə overtime də yazılacağı bildildi. Yəni onun müalicə xərcləri qarşılanmayacaq, ancaq maaş və overtime pulu alacaq. Halbuki 2 və yə 3 dəfə overtime pulu alacağı bildirilsə də ona ancaq 1 overtime üçün pul verildi. O da məcbur qalaraq bütün müalicə xərclərini aldığı maaş hesabına həyata keçirmək məcburiyyətində qalmışdır. Qeyd edilən pul, yəni maaş ona 2020-ci ilin iyun ayınadək ödənildi. Eyni zamanda işlədiyi Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru cənab Teymur Məmmədova müraciət ünvanlamış, müraciət işlədiyi müəssisəyə daxil olmuşdur. Müraciətində bildirmişdir ki, iş vaxtı istehsalat xəsarəti almağı ilə bağlı fəhlə heyətindən tutmuş rəhbərliyə qədər hamı məlumatlıdır. Hətta işçi kollektivdən olan şöbə müdirinin müavini Azər Abdulla ev dəfələrlə onunla əlaqə saxlayıb. Səhhətində olan problemlə bağlı maraqlanmışdır. İstehsalat xəsarəti ilə bağlı səhhətində olan ciddi problemlə bağlı 25.05.2020-ci il tarixli, 19.06.2020-ci tarixli və 17.09.2020-ci il tarixli müraciətlərlər bunun sübutudur. Yəni işlədiyi müəssisənin rəhbərliyi də onun işə çıxa bilməməyinin səbəbini aldığı xəsarətdən dolayı olduğunu bilmişlər. Məhz bunu bilərək ona 2020-ci ilin iyul ayınadək maaş verilmişdir. Əlavə olaraq bildirir ki, xəsarəti istehsalat zamanı yarandığından dəfələrlə işlədiyi müəssisənin rəhbərliyinə müraciət etmiş və “istehsalatda baş vermiş bədbəxt hadisə aktı"-nın verilməsini xahiş etmişdir. Lakin müəssisənin kadr və hüququ şöbəsindən ona bildirilmişdir ki, belə bir akt qanunvericilikdə ümumiyyətlə yoxdur və onlar mövcud olmayan aktı verə bilmir. Nəticə etibarilə Azərbaycan Respublikası Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti şikayətini icraata qəbul etmiş və **********0 saylı 31.08.2020-ci il tarixli cavabla xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatının aparıldığını və təhqiqat barədə ona məlumat veriləcəyini bildirmişdir. Araşdırmanın və şikayətinin nəticəsi olaraq 01/2020 saylı “İstehsalatda baş vermiş bədbəxt hadisə aktı”-na əsasən, onun 07.02.2020-ci il tarixində istehsalatda xəsarət almağı sübut olunmuş (aktın 14.4-cü bəndi) və 14.09.2020-ci ildə təhqiqat aktı tərtib edilmişdir (aktın 13-cü bəndi). Lakin 14.09.2020-ci il tarixli 01/2020 saylı “İstehsalatda baş vermiş bədbəxt hadisə aktı” tərtib edildikdən sonra ona bildirilmişdir ki, o, 14.10.2020-ci il tarixli 62/A saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu azmış kimi əmək müqaviləsinə xitam verilmə üçün əsas kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi). Hesab edir ki, işəgötürən Cavabdeh onunla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsi qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin bu norması onunla işəgötürən arasında əmək müqaviləsinin əsası kimi çıxış edə bilməz. Çünki onun tərəfindən qeyd edilən qanunvericilik normasının kobud pozulması ilə nəticələnəcək hərəkətlər edilməmişdir. Nəticə etibarilə məhkəmə tərəfindən aşağıdakı hallara xüsusi diqqət yetriməsini xahiş edir:
1. 07.02.2020-ci il tarixində əmək funksiyalarını yerinə yetirən zaman istehsalat xəsarəti almışdır, 2. Aldığı xəsarət barədə işəgötürən məlumatlandırılmışdır, 3. Xəsarət almağı ilə bağlı işə çıxa bilməmiş, işəgötürən bu halı nəzərə almış və 5 (beş) ay ərzində ona maaş ödənilmişdir: 4. 14.09.2020-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/2020 saylı akt tərtib edilmişidir. 5. 14.10.2020-ci il tarixli 62/A saylı əmrdə işdən çıxarılmağının səbəbi olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c" bəndi deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi əsas götürülmüşdür. Qanunvericiliyə əsaəsn işçi ilə işəgötürən şəxs arasında əmək müqaviləsinə xitam verilməsinin əsası kimi, işçinin heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi əmək vəzifələrinin kobud pozulması hesab edilir. Qanunvericilik eyni zamanda əmək vəzifələrinin kobud pozulmasını istisna edən halları konkret göstərərək qeyd edirək ki, bu istisnalar işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsidir. Əmək funksiyasını icra edərkən istehsalatda aldığı xəsarət, tibb müəssisəsinə aparılmağı, işəgötürəni işə çıxa bilməməyinin səbəbləri barədə mütəmadi məlumatlandırmağı (müraciətlər və poçt xəbərnamələri) sübut edir ki, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən deyil, ən azından həmin məcəllənin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam verilməli idi. Belə ki, onun işə çıxmamağının üzrlü səbəbi iş zamanı aldığı uzunmüddətli ciddi xəsarətdir. Qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsini ləğv edərkən bunu əsaslandırmalıdır. İddiaçı isə dəfələrlə müraciət etməyinə baxmayaraq nəinki, işdən çıxmağı əsaslandırılmamış eyni zamanda əmək kitabçasını almaq hüququndan da məhrum edilmişdir. Eyni zamanda, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar mövcud olmalıdır. Təbii ki, onun bu maddə ilə işdən azad olmağı üçün belə əsaslar yoxdur. Buna görə də, cavabdehin ayrıseçkiliyi və qanunsuz hərəkətləri nəticəsində işdən çıxarılmağını əsassız hesab edir. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-583/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasaslandırmaqla birinci instansiya məhkəməsinin işi hərtərəfli və obyektiv araşdırmadığı irəli sürmüş, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi, onun tərəfindəndəfələrlə cavabdeh müəssisənin rəhbərliyinə ünvanladığı və iddia ərizəsinə əlavə etdiyi müraciətlər barədə qətnamədə heç bir şey qeyd edilmir. Həmin müraciətlər işdən çıxarılmağından əvvəl və dəfələrlə cavabdeh müəssisənin rəhbərliyinə müraciət etmişdir. İşə çıxa bilməməyinin səbəbləri barədə yazılı müraciətlər bunun sübutudur. Bundan başqa cavabdeh tərəfindən ona işə çıxmaq, hətta başqa işə keçirilmək təklifinin edilməsini sübut edən heç bir sənəd yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin eyni zamanda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə yanaşı qeyd etdi ki, 07.02.2020-ci il tarixində "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətində iş növbəsində olan zaman istehsalatda xəsarət almışdır. Bundan sonra müalicə almış, lakin həkimi düzgün müalicə etməməsi səbəbindən ayağına su yığılmışdır. Bu səbəbdən də həkimi dəymiş və aldığı xəsarətdən dolayı işə çıxa bilməməsi barədə dəfələrlə cavabdeh müəssisənin rəhbərliyinə məlumatlar vermişdir. Bundan başqa xəsarət alması barədə akt tələb etsə də, əmək müfəttişliyinin müraciətindən sonra cavabdeh tərəf qeyd olunan aktı vermişdir. Göründüyü kimi cavabdeh müəssisə onun aldığı xəsarətə görə əmək qabiliyyətinin olmamasından məlumatlı olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin eyni zamanda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında qeyd etdi ki, istehsalatda hadisə baş verəndən sonra iddiaçıya yardım göstərilmiş və yanında olmaqla köməklik göstərilmişdir. İddiaçının hazıki məqsədi ondan ibarətdir ki, iş yerindən maaş almaqla saxta əlillik alsın. İddiaçı nə iş yerinə, nə də birinci instansiya məhkəməsi zamanı əmək qabiliyyətinin olmaması barədə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan İddiaçı ilə "Cavabdeh" MMC arasında bağlanmış 27.11.2019cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 17.12.2019-cu il tarixdən 24.07.2020-ci il tarixədək "Cavabdeh” MMC-nin “GHC” filialının Aviayük xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətinin qablaşdırma üzrə operatoru vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Rasim Babacan oğluna ünvanlanmış 03.07.2020-ci il tarixli, 482/AD saylı məktubdan aydın olur ki, iddiaçı tərəfindən Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru cənab Teymur Məmmədova müraciət ünvanlamış müraciət iddiaçının işlədiyi müəssisəyə daxil olmuş və ərizə ilə bağlı araşdırılma aparılacağı və nəticəsi barədə ərizəçiyə məlumat veriləcək. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin 62/A nömrəli, 14.10.2020-ci il tarixli əmrindən görünür ki, "Cavabdeh” MMC-nin “GHC” filialının Aviayük xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətinin qablaşdırma üzrə operatorunun əmək müqaviləsinə 14.10.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Rasim Babacan oğluna ünvanlanmış 21.08.2020-ci il tarixli, 654/AD saylı məktubdan aydın olur ki, "01.07.2020-ci il tarixindən Siz çalışdığınız iş yerinə gəlməmisiniz və işə gəlməməyinizin səbəbini təsdiq edən heç bir sənəd təqdim etməmisiniz. Qeyd olunanları nəzərə alaraq, Sizdən işə gəlməməyinizin səbəbini bildirməyinizi və təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunur." İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Bakı şəhər Baş Səhiyyə şöbəsinə ünvanlanmış 21.08.2020-ci il tarixli, 653/AD saylı məktubdan aydın olur ki, "müəssisəmizdə qablaşdırma üzrə operatoru İddiaçı 01 iyul 2020-ci il tarixindən bu günədək işə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinin mövcudluğu barədə məlumat verməyinizi xahiş edirik." İş materiallarına əlavə edilmiş 14.09.2020-ci il tarixli 01/2020 saylı “İstehsalatda baş vermiş bədbəxt hadisə aktı”na əsasən İddiaçı 07.02.2020-ci il tarixində istehsalatda xəsarət almağı təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Rasim Babacan oğluna ünvanlanmış 15.09.2020-ci il tarixli, 705/AD saylı məktubdan aydın olur ki, "01.07.2020-ci il tarixindən Siz çalışdığınız iş yerinə gəlməmisiniz və işə gəlməməyinizin səbəbini təsdiq edən heç bir sənəd təqdim etməmisiniz. Qeyd olunanları nəzərə alaraq, Sizdən işə gəlməməyinizin səbəbini bildirməyinizi və təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunur." İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Sumqayıt şəhər Səhiyyə şöbəsinə ünvanlanmış 21.08.2020-ci il tarixli, 653/AD saylı məktubdan aydın olur ki, "müəssisəmizdə qablaşdırma üzrə operatoru İddiaçı 01 iyul 2020-ci il tarixindən bu günədək işə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinin mövcudluğu barədə məlumat verməyinizi xahiş edirik." İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Rasim Babacan oğluna ünvanlanmış 31.08.2020ci il tarixli, **********0 saylı məktubdan aydın olur ki, Cavabdeh MMC-də 07 fevral 2020-ci il tarixdə iş vaxtı aldığınız xəsarətlə bağlı hüquqlarınızın bərpa olunmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq X3 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən xəsarət almağınızla nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılır. Təhqiqatın gedişində komissiya üzvləri Sizinlə görüşərək sosial hüquqlarınızı qanunvericiliyin tələblərinə müvafiq olaraq izah edəcəkdir. İş materiallarına əlavə edilmiş Aviayük xidməti üzrə Departamentin rəisinin ”xxxx”MMC-nin GHC” filialının Direktoru cənab Fəxri Əhmədova ünvanlanmış 13.10.2020-ci il tarixli işçinin iş vaxtında olmaması haqqında raportdan aydın olur ki, "yazıb nəzərinizə çatdırıram ki, Anbar işləri üzrə xidmətin qablaşdırma üzrə operatoru İddiaçı 01 iyul 2020-ci il tarixindən bu günədək iş yerində olmamışdır. İddiaçı işə çıxmadığı günlər üçün heç bir rəsmi sənəd təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm." İş materiallarına əlavə edilmiş “Aviayük xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətin qablaşdırma üzrə operatoru İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi barədə 14.10.2020-ci il tarixli 388 saylı əmrin surətindən aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) Anbar işləri üzrə xidmətin qablaşdırma üzrə operatoru İddiaçı (tab.No0268) ilə bağlanmış əmək müqaviləsi 14.10.2020-ci il tarixindən ləğv edilməsi, Qablaşdırma üzrə operator İddiaçı imzası alınmaqla əmrlə tanış edilməsi, Anbar işləri üzrə departamentin rəhbərliyi tərəfindən struktur bölmənin daxilində əmək və nizam-intizam qaydalarının ciddiləşdirilməsi ilə bağlı tədbirlər görülməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 07.02.2020-ci il tarixində "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətində iş növbəsində olan zaman səhər saat 11 radələrində iddiaçı istehsalatda xəsarət almışdır. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin fevral ayından iyun ayınadək əmək haqqı ödənilmişdir. 2020-ci ilin iyul ayında iddiaçıya işə çıxmağı təkif olunmuşdur. İddiaçı 01 iyul 2020-ci il tarixindən iş yerində olmamışdır. İddiaçı işə çıxmadığı günlər üçün heç bir rəsmi sənəd təqdim etməmişdir. "Cavabdeh" MMC-nin 62/Anömrəli, 14.10.2020-ci il tarixli əmri ilə "Cavabdeh” MMC-nin “GHC” filialının Aviayük xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətinin qablaşdırma üzrə operatorunun əmək müqaviləsinə 14.10.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşin yuxarıda sadalanan müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması götürülmüşdür. Məhkəmə kollegiyası iddia tələbinin eyni zamanda apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən işə çıxmadığı günlər üçün əmək qabiliyyətinin olmamasını təsdiq edən hər hansı sənəd təqdi etməmişdir, halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edildiyindən, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa olunması hissəsində əsassız olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia tələbinin digər hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin halları baxımından iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində göstərilən halların olması əsası ilə xitam verilməsi əsassızdır, belə ki, işin sadalanan faktiki halları ilə iddiaçının işə çıxmamasının səbəbi kimi əmək qabiliyyətinin olmamasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda da göstərilən maddəyə istinad edilməsi əsassızdır. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-583/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev