Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6015/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Hacıbala qızının cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:əqdin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı Hacıbala qızının və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1782/22 saylı iş üzrə 06 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı Hacıbala qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Hacıbala qızı ilə Cavabdeh1 MTK ilə arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “Kooperativ Mənzil Tikinti Haqqında” müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 1300-cü keçid ünvanında inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı (117 saylı) mənzili İddiaçı Hacıbala qızına təhvil verməyi, İddiaçı Hacıbala qızı isə həmin mənzilin dəyərini Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı Hacıbala qızı həmin mənzilin dəyərini tam ödəmiş və ona bu halı təsdiq edən maliyyə arayışı təqdim edilmiş, həmçinin mənzil ona təhvil verilmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MTK-ya 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizə ilə müraciət edərək, həmin mənzildən və pay haqqından imtina etdiyini, həmin mənzilin müqaviləsinin Cavabdeh2 adına sənədləşdirilməsinə və rəsmiləşdirilməsinə etiraz etmədiyini, habelə gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiasının olmayacağını bildirmişdir.
4. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kooperativ Mənzil Tikinti Haqqında” müqaviləyə əsasən qeyd edilən mənzil Cavabdeh2 təhvil verilmişdir.
5. İddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisinə yenidən ərizə ilə müraciət edərək xx.xx.2019- cu il tarixdə yazdığı mənzildən və pay haqqından imtina barədə ərizənin ləğv olunmasını xahiş etmişdir.
6. Hazırda iddiaçı mənzildən və pay haqqından imtina barədə xx.xx.2019-cu il tarixli ərizəni nəvəsi, yəni Cavabdeh2 hədəsi və zorakılığı altında tərtib etdiyini, nəticə etibarı ilə bu şəxs tərəfindən döyülərək, ərizəni imzalamağa məcbur edildiyini, bu səbəbdən 15 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə həmin ərizənin ləğv edilməsi barədə Bakı şəhəri 14 saylı Notariat Ofisinə yeni ərizə təqdim etdiyini, onunla bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin hələ də qüvvədə olduğunu, xx.xx.2019-cu il tarixdə cavabdehlər arasında bağlanmış müqavilə barədə ona hər hansı məlumat verilmədiyini, müqavilənin bağlanması zamanı onun iştirakının təmin edilmədiyini, mənzilin pay haqqının da ona qaytarılmadığını iddia edir və cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab olunmasını tələb edir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 117 saylı mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Mənzilin alqı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nəvəsi olan Cavabdeh2 anası, yəni iddiaçının qızı ilə birlikdə iddiaçını döyüb, ölümlə təhdid edərək, xx.xx.2019-cu il tarixdə ona məxsus olan mənzildən onun xeyrinə imtina etməyə və bu barədə Bakı şəhəri 14 saylı Notariat ofisində ərizə yazmağa məcbur etmişdir. Lakin o, xx.xx.2019-cu il tarixdə həmin ərizəni ləğv etdirmişdir. Ərizə yazmağa məcbur edildikdən sonra mənzillə bağlı cavabdehlər arasında bağlanmış müqavilə barədə də ona hər hansı məlumat verilməmiş, müqavilənin bağlanması zamanı onun iştirakı təmin edilməmişdir. Digər tərəfdən, müqavilədən və pay hüququndan imtina etsə də, mənzilə ödənilən pul vəsaitindən imtina etməmişdir. Nəticədə o, qanunsuz olaraq öz əmlakından məhrum edilmiş və hazırda kirayədə yaşamaq məcburiyyətindədir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 iyun 2022-ci il tarixli 2(001)-1782/22 saylı qətnaməsi ilə (hakim Fuad Abdiyev) iddia rədd edilmişdir.
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı qeyd edilən ərizəni tərtib etməyə və imzalamağa cavabdeh tərəfindən məcbur edildiyini, o cümlədən bu məqsədlə döyüldüyünü təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Hər bir halda, iddiaçı bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Bununla belə, iddiaçının həmin ərizəni tərtib edilməyə və imzalamağa məcbur edildiyi öz təsdiqini tapmır. xx.xx.2019-cu il tarixli əqdin bağlanmasına icazə (ərizə) vermiş iddiaçı yalnız bu əqd bağlandıqdan sonra həmin icazənin (ərizənin) ləğv edilməsi barədə ərizə ilə həmin, yəni xx.xx.2019-cu il tarixli ərizəni təsdiq edən Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət etmişdir. Lakin icazənin ləğv edilməsi barədə cavabdehlərə hər hansı məlumat verməmişdir. Nəticə etibarı ilə xx.xx.2004-cü il tarixli müqavilənin bağlanması və qüvvədə olması səbəbindən onun predmeti olan mənzilə dair sərəncam vermək səlahiyyətinə malik olmayan Cavabdeh1 MTK iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən bu səlahiyyəti əldə etmiş və xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə qeyd edilən mənzilə dair müqavilə bağlamışdır. Başqa sözlə, xx.xx.2019-cu il tarixli müqavilə iddiaçının icazəsi (qabaqcadan verilmiş razılığı) ilə bağlanmışdır. Bununla belə, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 324.2, 337.1, 339.4, 356, 358.1, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77–ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərdə olan sübutlar məhkəməyə təqdim edilməmişdir. Ondan sənədləri MTK və notariat ofisi almışdır. Məhkəmə mübahisə tərəfinin nəvəsi olmasını, onunla aralarında olan münasibətləri, qoca və savadsız olmasını, harada yaşadığını, mənzilə görə pul ödədiyini müəyyən etməmiş və yekunda düzgün nəticəyə gəlməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər;
19. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
20. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
21. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
22. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır;
23. Maddə 356. Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir;
24. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır;
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütünlüklə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalıdır.
30. Belə ki, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.
31. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
32. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
33. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
34. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
35. Kollegiya qanunun mənasından çıxış edərək və yuxarıda ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli “Kooperativ Mənzil Tikintisi Haqqında” müqavilənin bağlanması məhz iddiaçının həmin müqavilənin predmeti olan mənzildən və pay haqqından imtina barədə ərizəsinə əsasən mümkün olmuşdur. İddiaçı sözügedən ərizəni təqdim etdikdən sonra qısa müddət – 9 gün sonra xx.xx.2019-ci il tarixdə ərizəni ləğv etdirmişdir. Bu hal iddiaçının razılıq ərizəsinin sərbəst iradə ifadəsi ilə bağlandığını şübhə altına alır. Apellyasiya baxışı zamanı həmçinin müəyyən olundu ki, MTK və Cavabdeh2 arasında müqavilə bağlandıqdan sonra mənzilin dəyəri də idiiaçıya ödənilməmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçı aldadılmış, pay haqqından imtina və müqavilənin bağlanmasına icazə aldatma təsiri altında verilmişdir. Ona görə də xx.xx.2019-cu il tarixli “Kooperativ Mənzil Tikintisi Haqqında” müqavilə Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbinə müvafiq olaraq etibarsız sayılmalıdır.
36. Kollegiya nəzərə alır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2).
37. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişmə prosesində iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apelllyasiya şikayəti təmin olunmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Hacıbala qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 06 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 1300-cü keçid ünvanında inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Mənzilin alqı-satqısı haqqında” müqavilə etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.