Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6016/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(003)- 730/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun yaşadığı ünvan 1 ünvanında quraşdırılmışdır. Eyni zamanda 30 iyul 2019-cu il tarixdə bu barədə ******* saylı akt tərtib edilmişdir. Bundan bir müddət sonra o, qaz sayğacına ödəniş edən zaman ödədiyi məbləğin tam yüklənmədiyinin şahidi olmuşdur. Məsələni araşdırdıqda sonradan ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən ona tərtib edilmiş akt əsasında sözügedən qaz sayğacı dəyişdirildikdən sonra sayğacda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında ona 486 manat məbləğində borc hesablanmışdır. O, istifadə etdiyi qaza görə borcunu hər ay vaxtı-vaxtında ödəmiş və heç vaxt qaz sayğacına müdaxilə etməmişdir. Cavabdeh qaz sayğacına onun tərəfindən müdaxilə edildiyini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermis hadisəyə görə öhdəlik daşımır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(003)-730/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, iddiaçıya məxsus köhnə qaz sayğacına müdaxilə olunmasının müəyyən olunması, bu səbəbdən də qaz itikisinə görə 486 manat əlavə sərfiyyat hesablanması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə (aktlar, abonentin saldosu və s.) əsasən - iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmiş, bundan sonra köhnə sayğaca müdaxilə (sayğacın klapanının işlək olmaması) edildiyi müəyyən edilmiş və iddiaçıya əlavə sərfiyyat (dəymiş ziyan) hesablanmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3.-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Belə olan halda isə evdən kənarda quraşdırılmış sayğacın mühafizəsi bilavasitə qaz paylayıcısının üzərinə düşür. Cavabdeh isə sayğaca iddiaçı tərəfindən müdaxilə olunmasını sübut edə bilməmişdir. Həmçinin sonradan baxış həmin qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, lobarator müayinə, eləcə də onun nəticəsində dəymiş ziyan barədə aktın tərtib olunması zamanı iddiaçının iştirakı təmin olunmamışdır. Halbuki, qaz sayğacının dəyişdirilməsi ilə bağlı iddiaçının oğlunun iştirakı ilə tərtib olunmuş 18 may 2019-cu il tarixli aktdan görünür ki, həmin vaxtı sayğaca müdavilə faktının mövcudluğu aşkar olunmamış, bu barədə aktda hər hansı qeyd aparılmamışdır. Qeyd edilməlidir ki, qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusuüçün məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(003)- 730/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(003)- 730/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6016/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6016/2021
13.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver