Məhkəmə qərarları › İş №2(103)-6019/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6019/2021

09.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6019/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xəzər rayonu, Binə qəsəbəsi, 2 №-li sahə, ev № 6-da yerləşən 46 №-li mənzildə təbii qazdan istifadəyə görə hesablanmış 480 manat borc silinsin və əsassız olaraq iddiaçıdan tutulmuş pul geri qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 480 manat borc silinsin və iddiaçıdan tutulmuş 6 manat iddiaçının abonent hesabına geri qaytarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin borc cavabdehin tərtib etdiyi akta əsasən hesablanıb. Aktda qeyd olunub ki, sayğacda “Alarm-1” rejimi aşkar olunub. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın əvəzi kimi borc hesablanıb. Lakin abonentin sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, sayğac abonentin mənzilindən kənarda yerləşdiyinə görə o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar