Məhkəmə qərarları › İş №2(103)-6025/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6025/2023

23.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6025/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirsakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-929/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus ünvan 1 ünvanında elektrik sayğacına baxış keçirilmiş və həmin baxışın nəticəsi olaraq R№280906 saylı akt tərtib etmişlər. Həmin aktda qeyd olunmuşdur ki, baxış zamanı abonentin evinə aid olan sayğacına optik gözlə oxunma zamanı sayğacın hazırki nömrəsi A301027888 olduğu halda A391002929 nömrə görsənir. Sayğac istismara yararsızdır.

2. Həmin akt əsasında iddiaçıya 2.448,28 manat məbləğində borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilib ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, R№280906 saylı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********A0000 nömrəli abonent koduna hesablanmış 2.443,28 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə ərizəsi verərək **********A0000 nömrəli abonent koduna hesablanmış 2.443,28 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında elektrik sayğacı cavabdehin əməkdaşları tərəfindən çıxarılmış, yenisi ilə dəyişdirilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, R№280906 saylı akt tamamilə qanunsuz və əsassızdır.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 929/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia təmin edilmiş, ünvan 2 ünvanında abonent İddiaçı hesablanmış 2.443,28 manat borcun onun **********A0000 abunə hesabından silinməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mənzilinə aid olan hesablaşma elektrik sayğacı onun yaşadığı evin daxilində deyil, çölündə yerləşdiyi üçün həmin sayğacın işçi vəziyyətində saxlanılmasına görə cavabdehliyi abonent deyil, enerjitəchizatı müəssisəsi daşıyır. Belə olan halda hesablaşma elektrik sayğacının işləməməsinə görə iddiaçı hər hansı maddi məsuliyyət daşımır.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçıya aid hesablaşma sayğacına baxış keçirərkən ən azı iki hal şahidinin və abonent iştirakını təmin etməli idilər.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının yaşadığı mənzilə aid olan hesablaşma sayğacına baxış keçirilərkən sayğacda qüsur olması aşkara çıxarılsa da, akt tərtib edilərkən iki hal şahidinin iştirakı təmin olunmadığı üçün, yuxarıda göstərilən qaydaların tələbləri pozulmuşdur. Akt Qaydaların tələblərinə zidd tərtib edildiyi üçün hər hansı hüquq və vəzifə yaratmır. Belə olan halda cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt yuxarıda göstərilən qaydaların tələblərinə zidd tərtib edildiyi üçün, həmin aktın hüquqi nəticəsi olaraq qəbul edilmiş qərar da etibarlı hesab edilə bilməz.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R№280906 saylı, xx.xx.2022-ci il tarixli aktda abonent İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Massiv ev 402 A (abonent kodu **********A0000) ünvan üzrə yerləşən evə aid elektrik sayğacına optik gözlə oxunma zamanı sayğacın hazırki nömrəsi A301027888 olduğu halda A391002929 nömrə görsənir kimi qeyd edilmiş, 020358 saylı xx.xx.2023-cü il tarixli aktda isə **********A0000 abonent kodu üzrə sayğacın dövlət möhürü və alt qapaq möhürləri pozularaq sayğacın daxili sxemi dəyişdirilib. Sayğacın hazırki nömrəsi A301027888 olduğu halda A391002929 nömrə görsənir. Sayğac istismara yararsızdır kimi qeyd edilsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş video çəkilişdən sayğacın möhürünün olduğu müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi isə əməkdaşlar tərəfindən sayğac çıxarılan zaman sayğacın dövlət möhürü və alt qapaq möhürlərinin olmadığını təsdiq edən heç bir sübut (video və ya foto şəkillər) təqdim etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.3, 8.2, 8.32, 8.33, 8.4, 9.19-cu bəndlərinə, Mülki Məcəllənin 386.1, 443.1, 448.2, 561-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus evinin quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacın daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə edilməsi müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmış, abonent isə aktı imzalamaqdan imtina etmişdir. Həmin sayğac demontaj olunaraq "xxxx" ASC-nin Laboratoriya Mərkəzinə təqdim edilmişdir. Laboratoriya Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 020358 saylı sayğacların və transformatorların yoxlanması haqqında akt-protokolda qeyd edilmişdir ki, sayğacın dövlət möhürü və alt qapaq möhürü pozulub, sayğqcın daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə olunub. "xxxx" ASC-nin Səbail Rayonu Enerji Təchizatı və Satış İdarəsinin komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixli akt üzrə 19.483 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 2.448,88 manat məbləğində müəyyən edilməklə abonentin abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, sayğacın üzərində nömrəsi əks olunmuşdur, optik gözlə sayğacın içərisinə baxdıqda içərisindəki nömrə ilə üzərində olan nömrənin fərqli olduğu aşkarlanmışdır. Laboratoriya aktında sayğacın dövlət möhürü və alt qapaq möhürünün pozulduğu qeyd olunub.

16. Məhkəmə kollegiyasının iclasında iştieak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, akt qanunsuz qaydada tərtib olunmuşdur. Cavabdehin nümayəndəsi sayğacın möhürünün olmadığını bildirsə də, video çəkilişdə möhürün yerində olduğu görünür. Ona bildirilmişdir ki, onun iştirakı ilə sayğac götürüləcək və laboratoriyada sayğaca baxış keçiriləcəkdir. Sayğaca iştirakı ilə baxış keçirilməsinə razılaşmışdır. İki ay sonra evdə olmadığı vaxtda cavabdehin nümayəndələri sayğacı dəyişmək istəmişlər. Həmin vaxt cavabdehin nümayəndəsi ilə telefonla danışmış və ona problemlərin həll olunduğunu, ona qarşı iddialarının artıq olmadığını, sayğacı yenisi ilə əvəz etdiklərini bildirmişlər. Təxminən 10 gün sonra istifadə olunmuş elektrik enerjisi üzrə çek təqdim olunanda orada akt üzrə cərimə yazıldığını görmüşdür.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”: Maddə 1.3. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğısatqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Maddə 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin olunduğundan, apellyasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının evinə aid olan elektrik sayğacı iddiaçının yaşadığı evin daxilində deyil, evin hasarının xarici tərəfində yerləşir.

23. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən həmin sayğacın işçi vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh daşıyır. Cavabdeh isə iddiaçının sayğaca müdaxilə olunmasında təqsirini müəyyən etmədən ona əsassız olaraq 2.443,28 manat məbləğində borc hesablamışdır.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi həmin borcun iddiaçının hesabından silinməsi barədə düzgün nəticəyə gəlmişdir.

25. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

26. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-929/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar