Məhkəmə qərarları › İş №2(103)-6025/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6025/2024

05.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6025/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(008)-1461/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı 2009-ci ildə nikaha daxil olmuş, 07 may 2012-ci il tarixdə bu nikahdan Güllübəyim adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulması səbəbindən tərəflər ayrılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2014cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur.

2. ünvan 1 ünvanında yerləşən mübahisənin predmeti olan fərdi yaşayış evi özbaşına tikili olmaqla, yerləşdiyi torpaq sahəsi keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin 14 yanvar 1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X7 ayrılmış və sonuncu 16 sentyabr 2010-cu il tarixli 30 il müddətinə Cavabdeh adına (Bakı şəhəri, Zabrat qəsəbəsi, Tramvay küçəsi, ev 14, sahə 3-də fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1200 kv metr torpaq sahəsinin 200 kv metr sahəsindən təyinatı üzrə istifadə etməiK, tikinti işləri aparmaq, özəlləşmə ehtimalı yaranarsa özəlləşdirmək, 200 kv metr torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşdirilməsinə dair 1 nömrəli formada arayış alıb mülkiyyətə sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək və sair hərəkətləri yerinə yetirmək səlahiyyətlərlə) etibarnamə vermişdir.

3. Mübahisəli fərdi yaşayış evi 2014-cü il tarixdə tərəflərin birgə nikahda olduğu dövrdə inşa edilmiş, lakin hal-hazıradək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir.

4. Ev inşa edildikdən sonra tərəflər bir müddət orada yaşamış, daha sonra iddiaçı cavabdehi həmin evdən iradəsinə zidd olaraq uşaqla birlikdə çıxarmış və evi X6 30000 manata satmışdır. Lakin cavabdeh evə olan hüquqlarını mübahisələndirmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4222/2015 nömrəli, 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, onun qızı ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4545/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 116/2018 nömrəli, 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar X3 və X8 cavabdehlər İddiaçı, Cavabdeh və X4 qarşı “fərdi yaşayış evinin satın alınması üçün ödənilmiş vəsaitin, təmir və tikinti işlərinə çəkilmiş xərclərin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və X1 30000 manat pulun müştərək qaydada tutularaq iddiaçılar X6 və X10 ödənilməsi, cavabdeh İddiaçı 12940 manat pulun tutularaq iddiaçılar X6 və X10 ödənilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2(103)-3805/2023 nömrəli qətnaməsinə əsasən iddianın rədd edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1072/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 saylı evin, 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2024cü il tarixli, 2(102)-198/2024 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2(103)-3805/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9000 manat kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülmə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayonu XDS-nin 14 yanvar 1991-ci il tarixli, 1/46 nömrəli qərarına əsasən X7 verilmiş Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi Tramvay küçəsində yerləşən torpaq sahəsini ondan etibarnamə əsasında alaraq həmin torpaqda cavabdehlə birgə nikahda olan dövrdə, yəni 2014-cü ildə atası Rüstəmov Müzəffər ilə birlikdə 4 nömrəli evi inşa etmişlər. Sonradan onlar arasındakı münasibətlər pozulmuş, birlikdə yaşamaları çətinləşmiş və ona görə də tərəflər arasındakı nikah 2014-cü ildə pozulmuşdur. Cavabdeh heç vaxt mübahisəli evdə yaşamamış, 2015-ci ildə evi tərk etmiş, özünə yeni həyat qurmuş, həmin evdən zorla çıxarılmamışdır. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3805/2023 nömrəli 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülmüşdür. 2010-cu ildən bu günə kimi mübahisəli evə sahiblik edən, faktiki mülkiyyətçisi olan İddiaçı cavabdeh tərəfindən istismar edilməsinə və faktiki mülkiyyətçisi olduğu Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə olan sahiblik, mülkiyyətçi hüquqlarının tanınmasına maneə olan faktdır.

11. Cavabdeh iddiaya etirazı onunla əsaslandırılmışdır ki, İddiaçının əsaslarından biri ondan ibarətdir ki, güya Bakı şəhəri Sabunçu rayonu XDS-nin 14 yanvar 1991-ci il tarixli 1/46 nömrəli qərarına əsasən X7 verilmiş Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən torpaq sahəsini ondan etibarnamə əsasında alaraq, həmin torpaq sahəsində cavabdehlə birgə nikah dövründə, yəni 2014-cü il tarixdə atası Rüstəmov Müzəffər ilə birlikdə 4 nömrəli evi inşa etdirmişlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 16 sentyabr 2010-cu il tarixli etibarnaməyə əsasən X12 Bakı şəhəri Sabunçu rayonu XDS-nin 14 yanvar 1991-ci il tarixli 1/46 nömrəli qərarına əsasən ona verilmiş Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi Tramvay küçəsi ev 14 sahə 3də fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin 200 kv.m torpaq sahəsinin bütün səlahiyyətlərini 30 il müddətinə cavabdeh olan Cavabdeh vermişdir. Mübahisəli torpaq sahəsində isə 2014-cü ildə Cavabdeh tərəfindən fərdi yaşayış evini (hüquqi statusu özbaşına tikili) tikmişdir və iddiaçı ilə birgə ailəvi olaraq yaşamağa başlamışdır. Eyni zamanda da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4222/15 nömrəli, 13 iyul 2015-ci il tarixli qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3805/23 nömrəli 10 avqust 2023-cü il tarixli qətnaməsində də hazırda mübahisə olunan fərdi yaşayış evinin (özbaşına tikilinin) iddiaçı ilə cavabdeh birgə nikah dövründə əldə etdikləri və bərabər hüquqları olmaları qeyd edilmişdir. Elə bu səbəbdən də tərəflərin bir birinə qarşı olan "mənzilə köçürmə" iddiaları təmin edilmişdir. Bu da onu sübut edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyəti deyil, əksinə tərəflər arasında bərabər hüquqlara malikdirlər. Mübahisəli torpaq və fərdi yaşayış evinə dair isə nə iddiaçının, nə də ki, cavabdehin adına mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. Hazırki hüquqi statusu özbaşına tikilidir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(008)- 1461/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq İddiaçı tərəfindən 9000 manat kompensasiya verilməklə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülmə hüququna xitam verilməsi qət edilmişdir.

13. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər 2009-cu ildə rəsmi nakaha daxil olmuşlar, 2014-cü ildə isə həmin nikah pozulmuşdur. Nə mübahisəli ev, nə də onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatın alınmayıb. Yəni, adıçəkilən ev statusuna görə özbaşına tikilidir. Həmin ev 2014-cü ildə, yəni birgə nikah dövründə hər iki tərəfin vəsaiti hesabına (bu fakt Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(103)-3805/2023 nömrəli qətnaməsi ilə təsdiq olunmuşdur) tikilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2015-ci il tarixli, 2(103)-4222/2015 nömrəli qətnaməsi ilə İddiaçı, 10 avqust 2023-cü il tarixli, 2(103)-3805/2023 nömrəli qətnaməsi ilə isə Cavabdeh mübahisəli evə köçürülmələri qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin evdə cavabdehin yaşamaq hüququnun olması faktı qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(103)-3805/2023 nömrəli qətnaməsi ilə təsdiq olunduğundan, hazırkı iş üzrə mübahisəli hal həmin hüququn kompensasiya ödənilməklə xitamı üçün əsasların olub-olmaması, olduqda isə ödəniləcək kompensasiyanın məbləğidir. İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzildə yaşamaq hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmçinin cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması "gözlənti hüququ" olan mülkiyyətçi kimi iddiaçının Həmin Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncəm vermək hüquqların pozulmasına da gətirib çıxarır. 04 iyun 2024-cü il tarixli "xxxx" MMC-nin "Müşayiət məktubu"ndan görünür ki, Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi Tramvay küçəsi 17 nömrəli evin 4 nömrəli fərdi mənzilinin bazar və hazırkı kirayə qiyməti dəyərinin 04 iyun 2024-cü il bazar dəyəri 19620 manat, aylıq kirayə qiyməti təqribən 150- 200 manat aralığında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi 9000 manat məbləğində kompensasiya cavabdehə təxmini 3 il müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, məhkəmə hesab etmişdir ki, qeyd edilən məbləğ mövcud bazar qiymətinə uyğun müəyyən olunmuşdur və iddia təmin olunmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 158.1.2, 158.4, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

16. Şikayətinin dəlillərinə görə, məhkəmə öz qətnaməsində qanunu düzgün tətbiq etməmiş, qətnaməsində sübut kimi əsas götürdükləri faktları tərəflərin hüquq bərabərliyində ayrıseçkiliyə yol verməklə, bərabərlik hüququnu pozmaqla kobud qanun pozuntusuna yol vermişdir. Qətnamədə məhkəmə özü qeyd edir ki, mübahisəli fərdi yaşayış evi qanunsuz tikili statusuna malikdir və tərəflərin birgə vəsaiti hesabına tikilmişdir. Belə olan halda hər iki tərəfin hüquqları bərabərdir. Mübahisəli mənzilin dəyəri real bazar qiyməti 45000 - 60000 manat təşkil edir ki, bu da hər birinə münasibətdə ½ hissədə pay deməkdir. Lakin məhkəmə Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq etməklə cavabdehə 9000 manat kompensasiya ilə köçürülmə hüququna xitam verməsi ilə səhvə yol vermişdir. İddiaçı mülkiyyətçi deyil və gələcəkdə də belə bir gözləntisi yoxdur. Çünki mübahisəli fərdi yaşayış evinin torpaq sahəsi rəsmi olaraq başqa şəxsdir, cavabdehə sadəcə etibarnamə vermişdir. Gözləntisi olsa cavabdehin ola bilər. İddiaçının mülkiyyətçi olmadan Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(103)-3805/2023 nömrəli qətnaməsi ilə təmin edilmiş mənzilə köçürülmə hüququna xitam verməsi tələbi ilə iddia qaldırmaq hüququ yoxdur. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququ olmalı və həmin hüququn xitamı üçün mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməlidir. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması isə Mülki Məcəllənin 233-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir. İddiaçının mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə, yəni o, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmadığına görə hazırkı iddianı irəli sürmək hüququna malik olan şəxs kimi qəbul edilə bilməz. İddiaçının irəli sürdüyü tələbləri yalnız daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmış mülkiyyətçi irəli sürə bilər. Əks yanaşma Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilən mövqeyə ziddir. Belə ki, həmin qərarda məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz;

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarı: 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia rədd edilməlidir.

27. İlk növbədə məhkəmə kollegiyası subyektiv hüquqla bağlı qeyd edir ki, iddianın qanuni əsasını təşkil edən Mulki Məcəllənin 228.2-ci maddəsinin tələbinə əsasən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

28. İşin mübahisə olunmayan halıdır ki, tərəflərin heç biri mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi deyildir. Birinci instansiya məhkəməsinin iddiaçının gözlənti hüququnun olması barədə gəldiyi qənaət baxımından qiymətləndirmə aparılsa belə, o zaman bu hüquq iddiaçı ilə yanaşı cavabdehə də məxsusdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən tərəflərin hər ikisinin iddialarının təmin olunma əsası yaşayış sahəsinin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına inşa olunmasıdır. Yəni, iddiaçının mənzil üzərində hansı hüquqları mövcuddursa, cavabdehin də eyni hüquqları vardır.

29. Mulki Məcəllənin 228.2-ci maddəsi mülkiyyətçi və istifadə hüququ olan şəxs arasında olan münasibətləri tənzimləyir. Hazırkı situasiyada isə nə mülkiyyətçi, nə də istifadə hüququ olan şəxs mövcuddur. “Mənzilə köçürülmə hüququ” anlayışına isə nəinki qanunvericilikdə, hətta hüquq nəzəriyyəsində belə rast gəlinmir. Yuxarıda qeyd olunduğu kimi tərəflərin yaşayış sahəsi üzərində eyni hüquqları olduğuna görə bu normanın analogiya üzrə tətbiqi də mümkün deyildir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.11-ci bəndinə əsasən hüquqi müdafiə üsulu olaraq bu statusda olan şəxslərin əgər obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olma faktı mövcuddursa, həmin şəxsin iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini tələb etmək hüququ vardır. Bu zaman da tərəfin digər tərəfə qarşı tikintiyə sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini ödəməklə yaşayış sahəsindən çıxarmaq və ya hüquqa xitam vermək kimi iddia qaldırmağa subyektiv hüququ yoxdur, bu hüquq özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olmuş şəxsə məxsusdur.

31. Digər tərəfdən iddianın əsaslandırılmasında qeyd olunur ki, “2010-cu ildən bu günə kimi mübahisəli evə sahiblik edən, faktiki mülkiyyətçisi olan İddiaçı cavabdeh tərəfindən istismar edilməsinə və faktiki mülkiyyətçisi olduğu Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə olan sahiblik, mülkiyyətçi hüquqlarının tanınmasına maneə olan faktdır.”

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gələcəkdə bu torpaq sahəsi üzərində hər hansı bir hüququnun qeydə alınması üçün heç bir əsas mövcud deyildir. Belə ki, mübahisənin predmeti olan özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlar keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin 14 yanvar 1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən X7 məxsusdur və sonuncu istifadəsində olan torpaq sahəsinin bir hissəsi üzərində olan hüquqlarını (təyinatı üzrə istifadə etmək, tikinti işləri aparmaq, özəlləşmə ehtimalı yaranarsa özəlləşdirmək, 200 kv metr torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşdirilməsinə dair 1 nömrəli formada arayış alıb mülkiyyətə sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək və sair hərəkətləri yerinə yetirmək səlahiyyətlərlə) iddiaçıya deyil, cavabdehə etibar etmişdir. Yəni, hər hansı istiqamətdə yanaşılarsa, hazırkı iddianın təmin edilməsi üçün heç bir əsas mövcud olmadığı təqdirdə birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir.

33. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(008)- 1461/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(008)- 1461/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar