Məhkəmə qərarları › İş №2(103)-6028/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6028/2023

03.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6028/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ”Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(009)-1199/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, sayğacın çıxarılma səbəbi kimi naməlum səbəbdən yanması göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, sayğacdan qaz keçir. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı istilik nəticəsində yanıb. Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin kserosurətindən görünür ki, istehlakçı İddiaçı məxsus evdə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında “Qaz sayğacının maksimal qaz sərfi 6 kub metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 12960 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh ”Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********10000 nömrəli abonent koduna hesablanmış 1612 (min altı yüz on iki) manat borcun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacının plastmas qapağı istilik nəticəsində yandığından Cavabdehnə məlumat verdikdən sonra nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, yoxlama nəticəsində qaz sayğacının istismara yararsız olduğu müəyyən edilərək akt tərtib edilmişdir. Tərtib olunmuş 29 mart 2023-cü il tarixli, ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının istilik nəticəsində yandığı göstərilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq borc yazılmışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan akt tamamilə qanunsuz və əsassızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(009)-1199/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı **********10000 nömrəli abonent koduna hesablanmış borcun 1555.20 manatın abunə hesabından silinməsi, Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 35.56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya aid olan evdən kənarda quraşdırılmış qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Beləliklə iddiaçının evinə aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya aid olan sayğacın onun təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından 1555.20 manat pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməli, 56.8 manat isə 2023-cü ilin ödənilməmiş 159.30 manat sərfiyyat borcuna aid olduğundan tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü, 4.8-ci, 4.9-cu maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9 cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 107.2-ci, 119.1-ci, 124.1ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanuna zidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Quraşdırılmış qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Bundan başqa **********10000 saylı abonent koduna təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri (ziyan) əvəzi hesablanaraq göstərilmiş borc məbləğindən bu günə qədər iddiaçı ödənişlər etmiş və bununla borcu da qəbul etdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı isə iddia tələbinin təmin edilməyən hissəsində qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğaca cavabdeh təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş, «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* №-li akt» tərtib edilmiş, aktda yaranmış problemin səbəbi kimi sayğacın naməlum səbəbdən yandığı göstərilsə də, ******* saylı aktda yaranmış problemin səbəbi kimi «Sayğacdan qaz keçir. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğasın hesablama mexanizminin qoruyucu plastmas qapağı istilik nəticəsində yanıb» kimi göstərilmişdir. İstehlakçı İddiaçı «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* №-li akt»ı imzalamışdır. Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən istehlakçı İddiaçı məxsus evdə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında “Qaz sayğacının maksimal qaz sərfi 6 kub metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 12960 kub metr əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, əvvəla işin materiallarından görünür ki, ******* №-li aktda yaranmış problemin səbəbi kimi sayğacın naməlum səbəbdən yandığı göstərilsə də, ******* saylı aktda yaranmış problemin səbəbi kimi sayğacdan qaz keçsə də, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və sayğasın hesablama mexanizminin qoruyucu plastmas qapağı istilik nəticəsində yanması göstərilmişdir. Aktlarda sayğacın hesablamam mexanizminin qoruyucu plastmas qapağı və çıxış plastmas borusu istilik nəticəsində yanmasının istehlakçı tərəfindən müdaxilə olunmasını, qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Həmçinin işin araşdırılmış hallarından da məlum olur ki, sayğaca baxış keçirilməsinin təşəbbüskarı məhz istehlakçı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının abonent saldosundan 2023-cü il üçün yararsız sayğac çıxarılana qədər olan dövrü üçün borcu olmuşdur ki, onun da həyata keçirdiyi ödənişlər həmin borcla əlaqədar olduğu üçün bu hal itirilmiş qazın dəyəri (ziyan) əvəzi ödənilməsi kimi qiymətləndirilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Göründüyü kimi iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir və birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsassız olaraq tərtib edilmiş akt əsasında hesablanmış 1555.20 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(009)-1199/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar