Məhkəmə qərarları › İş №2(103)-6029/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6029/2025

02.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6029/2025 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdehlər Cavabdeh9 və Cavabdeh4, onların nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs X2 nümayəndəsi-vəkili X7, "xxxx" qiymətləndirmə təşkilatının direktroru X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1478/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh9 və Cavabdeh4 tərəfindən ayrı-ayırılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev xx.xx.2010-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 İddiaçı məxsus həmin evdə qeydiyyatdadırlar. Hazırda iddiaçı, oğlu Cavabdeh1 və ailə üzvlərinə 18.000 manat və digər oğlu Cavabdeh9 və ailə üzvlərinə 18.000 manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Cavabdeh1 və ailə üzvlərinə 15.000 manat və digər oğlu Cavabdeh9 və ailə üzvlərinə 15.000 manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia ərizəsinin dəqiqləşdiirlməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh9 hər birinə 18.000 manat kompensasiya verilməklə, cavabdehlər Cavabdeh1 və onun ailə üzvlərinin (qızları Cavabdeh5, Cavabdeh7 və arvadı Cavabdeh4), eləcə də Cavabdeh9 və onun ailə üzvlərinin (arvadı Cavabdeh8, oğlu Cavabdeh3 və qızı Cavabdeh6) iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev xx.xx.2010-cu il tarixli çıxarışla onun mülkiyyətindədir. Oğlu Cavabdeh9 və onun ailəsi, həmçinin digər oğlu Cavabdeh1 ailəsi bu evdə yaşayırlar. Cavabdeh1 isə bir ildən çoxdur ki, Polşa Respublikasına getmiş və orada yaşayır. Lakin iddiaçının cavabdehlərlə münasibətləri pozulmuşdur. Buna görə də cavabdehlərə kompensasiya ödəməklə onların sözügedən evdən istifadə hüquqlarına xitam verilməsini istəyir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1478/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 18.000 (on səkkiz min manat) manat və Cavabdeh9 və ailə üzvlərinə 18.000 (on səkkiz min manat) manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı qeydiyyatdadırlar və Cavabdeh1 istisna olmaqla hər biri orada yaşayırlar. Lakin mülkiyyətçi ilə aralarında problemlər yaşandığı üçün bir evdə yaşamaq və təsərrüfat aparmaq çətindir. İddiaçının cavabdehlərə təklif etdiyi kompensasiya məbləği bazar qiymətlərinə uyğundur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 18.000 manat və Cavabdeh9 və ailə üzvlərinə 18.000 manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evdən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh4 da qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev tam payla İddiaçı xüsusi mülkiyətindədir. Həmçinin, o və ailə üzvləri həmin evdə qeydiyyatdadırlar. Məhkəmənin istinad etdiyi "xxxx" MMC-nin məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev ilə eyni şəraitli eyni ərazidə yaşaması üçün oxşar evin aylıq kirayə haqqı xx.xx.2025-ci il tarixi üçün 500-550 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı 2000-ci il 1 sentyabr tarixindən sonra məhkəmələr tərəfindən tətbiq edilən mülki qanunvericilik normalarının məhkəmə təcrübəsinə əsaslanmış və istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğini həmin ərazidə mənzil kirayə haqqının məbləği ilə müəyyən edilirdi. Düşünmək olar ki, işə baxan hakim hələ də həmin vaxtdan nə qədər müddət keçməsini və şəraitin dəyişməsinin fərqində olmamışdır. Məhkəmə onun kirayə qalacağı təqdirdə kompensasiya hesabladığı və hələ bunu minnətlə təqdim edərkən, 10 sot torpaq sahəsində 2 mərtəbəli və bütün şəraiti olan evin bazar qiymətini niyə unudur. 78 yaşında mülkiyyətçi 10 sot torpaq sahəsində 2 mərtəbəli və bütün şəraiti olan evi satmaq niyyəti ilə iki övladını dörd nəfər ailə üzvləri ilə 18.000 manatla küçəyə atmaq istəyini məhkəmə araşdırmaq əvəzinə, mülkiyyətçidir deyə qərar qəbul etməsi ədalət mühakiməsi prinsiplərinə ziddir. Bu gün ata-anası ilə birlikdə yaşayır və ailənin bütün xərcləri bir övlad kimi onun üzərindədir və bunu özü üçün fəxarət hesab edir. Mülkiyyətçi olan iddiaçı atası hansı təsirlərin altındadırsa, məhkəmə bu münasibətləri araşdırmalı və qiymətləndirməli idi. Bundan başqa iş üzrə müəyyən edilmiş hallara əsasən tərəflərin qarşılıqlı münasibətləri aydınlaşdırılmamışdır. Mülkiyyətçinin ailə üzvü kimi 10 yaşından həmin evdə yaşamış, təhsil almış, əmək fəaliyyətinə başlamış, evlənmiş və indi əsassız və qanunsuz olaraq evdən çıxarılır. Məhkəmə işin bu faktiki hallarını araşdırmamışdır. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsuz olaraq iddia tələblərinin təmin edilməsi kimi səhv nəticəyə gəlmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev tam payla İddiaçı xüsusi mülkiyətindədir. Həmçinin, Cavabdeh4 və ailə üzvləri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evdə qeydiyyatdadırlar. Məhkəmənin istinad etdiyi "xxxx" MMC-nin məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev ilə eyni şəraitli eyni ərazidə yaşaması üçün oxşar evin aylıq kirayə haqqı xx.xx.2025-ci il tarixi üçün 500-550 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı 2000-ci il 1 sentyabr tarixindən sonra məhkəmələr tərəfindən tətbiq edilən mülki qanunvericilik normalarının məhkəmə təcrübəsinə əsaslanırdı və istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğini həmin ərazidə mənzil kirayə haqqının məbləği ilə müəyyən edilirdi. Düşünmək olar ki, işə baxan hakim hələ də həmin vaxtdan nə qədər müddət keçməsini və şəraitin dəyişməsinin fərqində olmamışdır. Məhkəmə onun kirayə qalacağı təqdirdə kompensasiya hesabladığı və hələ bunu minnətlə təqdim edərkən, 10 sot torpaq sahəsində 2 mərtəbəli və bütün şəraiti olan evin bazar qiymətini niyə unudur? 78 yaşında mülkiyyətçi 10 sot torpaq sahəsində 2 mərtəbəli və bütün şəraiti olan evi satmaq niyyəti ilə iki övladını dörd nəfər ailə üzvləri ilə 18.000 manatla küçəyə atmaq istəyini məhkəmə araşdırmaq əvəzinə, mülkiyyətçidir deyə qərar qəbul etməsi ədalət mühakiməsi prinsiplərinə ziddir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6029/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış, qiymətləndirilmənin keçirilməsi "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilmiş, iş üzrə icraat dayandırılmışdır. "xxxx" MMC-nin 12 dekabr 2025-ci il tarixli məktubu ilə rəy daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı zamanı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh9 və Cavabdeh4, onların nümayəndəsi-vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsivəkili X12 işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən "xxxx" qiymətləndirmə təşkilatının direktoru X10 həm birinci instasniya baxılarkən həmdə apellyasiya icraatında olarkən qərardad əsasında həmin əmlaka baxış keçirildiyini, evin qiymətinin 148.000 manat, torpaq sahəsinin qiymətinin isə 178.000 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsikompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evdə qeydiyyatdadırlar. Mübahisəli ev İddiaçı mülkiyyətindədir, evin ümumi sahəsi 282.5 kv.metr, torpaq sahəsi isə 0,0962 ha təşkil edir. İş materiallarına əlavə olunmuş alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin 0,0462 ha. hissəsi 09 sentyabr 2025-ci il tarixdə İddiaçı tərəfindən X1. Məhkəmə Kollegiyasının iclasında müəyyən edilmişdir ki, torpağın bir hissəsi iddiaçı tərəfindən satılmış, iddiaçı özü həyat yoldaşı ilə birlikdə Şəki şəhərinə köçmüşdür. Cavabdehlərdən Cavabdeh9 ailəsi ilə birlikdə evi tərk etmişdir. Hazırda mübahisəli evdə Cavabdeh1 ailə üzvləri yaşayırlar. Hazırda iddiaçı, oğlu Cavabdeh1 və ailə üzvlərinə 18.000 manat və digər oğlu Cavabdeh9 və ailə üzvlərinə 18.000 manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş "xxxx" MMC-nin məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev ilə eyni şəraitli eyni ərazidə yaşaması üçün oxşar evin aylıq kirayə haqqı xx.xx.2025-ci il tarixi üçün 500-550 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə qeyd etmişdir ki, cavabdehlərin mülkiyyətçi ilə aralarında problemlər yaşandığı üçün bir evdə yaşamaq və təsərrüfat aparmaq çətindir. İddiaçının cavabdehlərə təklif etdiyi kompensasiya məbləği bazar qiymətlərinə uyğundur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 18.000 manat və Cavabdeh9 və ailə üzvlərinə 18.000 manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evdən istifadə hüquqlarına xitam verilməlidir. Apellyatorlar apellyasiya şikayətlərində mübahisəli evin bazar dəyərinin müəyyən edilməməsini mübahisələndirmişdirlər. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsinəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Həmçinin, Məhkəmə Kollegiyası qeyd edir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddia üzrə cavabdehlər yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi onlara təklif olunan pul məbləğidir. Yəni, başqa sözlə, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxslər həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev ilə eyni şəraitli eyni ərazidə yaşaması üçün oxşar evin aylıq kirayə haqqının müəyyən edilməsi üçün rəy alınsa da, həmin evin və evin yerləşdiyi torpaq sahəsinin dəyəri müəyyən edilməmişdir. Halbuki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsi məhz evin və torpağın dəyərinin müəyyən edilməsindən də asılıdır. Belə ki, istifadə hüququna xitam verilərkən elə bir məbləğ müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Başqa sözlə, тəklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evin və evin yerləşdiyi torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi iş üçün əhəmiyyətli olduğundan qiymətləndirmə təyin edilmişdir. "xxxx" MMC-nin 12 dekabr 2025-ci il tarixli məktubu ilə daxil olmuş rəydən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evin vahid əmlak şəklində 12 dekabr 2025-ci il tarixinə bazar dəyəri – 322.000 manat təşkil edir. Eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evin yerləşdiyi torpaq sahəsinin 12 dekabr 2025-ci il tarixinə bazar dəyəri – 174.000 manat, həmin evin yerləşdiyi torpaq sahəsinin dəyəri çıxılmaqla isə qeyd edilən tarixə bazar dəyəri 148.000 manat təşkil edir. Bununla belə apellyasiya baxışı zamanı xx.xx.2025-ci il tarixdə iddiaçı apellyasiya şikayəti ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evə oğulları Cavabdeh1 və X8 istifadə hüququna xitam verilməsi ilə əlaqədar barışma və razılıq əldə edilməsini, yəni onlara ümumilikdə hər birinə 65.000 manat məbləğində pul verilməsinə heç bir etirazı olmamasını göstərmişdir. Həmçinin qeyd etmişdir ki, onlar həmin ünvanda yaşamırlar (i.v.174-175). Məhkəmə Kollegiyasının iclasında isə iddia üzrə cavabdehlər (apellyatorlar) iddiaçı tərəfindən verilmiş ərizə ilə razılaşsalar da iddiaçı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsini müdafiə etməyərək apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Bundan sonra Məhkəmə Kollegiyasının iclasında iddiaçı tərəf, Cavabdeh1 və ailə üzvlərinə 40.000 manat, həmçinin Cavabdeh9 və ailə üzvlərinə 40.000 manat məbləğində mübahisəli evə dair istifadə hüquqlarının itirilməsi qarşılığında kompensasiya təklif etmiş, bu dəfə isə apellyatorlar-cavabdehlər isə sonuncu təklif edilmiş məbləğlə razı olduqlarını bildirmişlər. Beləliklə Məhkəmə Kollegiyası işin faktiki hallarına münasibətdə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı ev iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdehlərin mənzildən istifadə hüququ olduğu üçün bü hüquqlara Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, kompensasiyanın məbləği Cavabdeh1 və ailə üzvlərinə 40.000 manat, həmçinin Cavabdeh9 və ailə üzvlərinə 40.000 manat məbləğində ümumilikdə 80.000 manat müəyyən edilməlidir. Belə ki, iddiaçı həmin məbləğdə kompensasiya ödəməyə razıdır, cavabdehlər isə həmin məbləğdə kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsinə etiraz etməmişlər. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, hazırda iddiaçı tərəfindən təklif edilən 80.000 manat kompensasiya məbləği ədalətlidir və buna görə də qətnamə kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməli, kompensasiyanın məbləği göstərilən miqdarda müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh9 və Cavabdeh4 tərəfindən ayrı-ayırılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1478/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, döngə 18 ünvanında yerləşən 1 saylı evdən istifadə hüquqlarına xitam verilməsi üçün İddiaçı tərəfindən Cavabdeh1 və ailə üzvlərinə, Cavabdeh9 və ailə üzvlərinə ödənilməli olan kompensasiyanın məbləği cavabdehlərin, yəni Cavabdeh1 və ailə üzvlərinə, Cavabdeh9 və ailə üzvlərinə hər biri üçün 40.000 (qırx min) manat, ümumilikdə 80.000 (səksən min) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar