Məhkəmə qərarları › İş №2(103)-6031/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6031/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6031/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı (38 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) alğı-satqı müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1787/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı, Bakı şəhəri 38 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə, alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təstiq edilmiş xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi; "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv.m olan qeyri-yaşayış sahəsini boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1787/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, borcun qalan hissəsinin ödənilməsini təmin etmək üçün iddiaçıya yeni müqavilənin tərtib edilməsi-restrukrizasiya barədə təklif verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir (150.0.6). müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6). Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır (259.0.1) Baxılan iş üzrə əsas tələb tərəflər arasında bağlanmış müqavilənin ləğvindən ibarətdir. İddiaçının digər tələbləri qeyd olunan tələbdən törəmədir və əsas tələbə qiymət vermədən digər tələblərə mahiyyəti üzrə düzgün hüquqi qiymət verilməsi qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin baxılan iş üzrə iddiaçı cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etmədən, daha doğrusu cavabdehin iddia ərizəsində qeyd olunduğu kimi qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana müvafiq pretenziya məktubu göndərmədən müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddianı icraata götürərək, işə mahiyyəti üzrə baxmışdır. Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ona görə də kollegiyanın qənaətinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Kollegiya, həmçinin iddiaçıya izah edir ki, prosessual qanunvericiliyin tələblərinə əməl edərək, ümumi qaydada yeni ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 259.0.1, 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1787/2022 saylı iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia baxılmamış saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar