Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6032/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1029/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “kredit müqavilələrinin etibarsız sayılması və digər şəxslə bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanmış 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsinin, 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsinin və 30.12.2014- cü il tarixli İKM 04 saylı kredit müqaviləsinin etibarsız sayılması və həmin müqavilələrin Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 yaxın dostluq münasibətləri olmuş, onunla bir neçə dəfə şərikli iş görmüş, ortaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Müəyyən müddətdən sonra onunla ortaqlıqları sona çatmış və o, pambıqçılıq, taxılçılıq, maldarlıq təsərrüfatı ilə məşğul olmağa başlamışdır. Bir gün cavabdeh ona təsərrüfatını genişləndirmək üçün maddi dəstəyə ehtiyacı olduğunu, özünün bankda vaxtilə prinsipdən gecikməsi olması səbəbindən kredit götürə bilmədiyini, iddiaçıdan adına kredit götürüb ona verməyini, heç bir problem olmayacağını, lazım gələrsə, təsərrüfatının köməkliyi ilə kredit borcunu bağlayacağını söyləmişdir. İddiaçı aralarındakı münasibətə və onun göz qabağında olan təsərrüfatına etibar edib ona kredit götürməyə razılıq vermişdir. Bilirmiş ki, onun Beyləqan rayonunda 100 hektardan artıq ərazisi, maldarlığı, qoyunçuluğu, taxılçılığı var idi. O, Cavabdeh1 ASCdə tanışlarının olduğunu, onlarla razılaşdığını, bütün işləri özü görəcəyini, sadəcə müqavilənin formal şəkildə iddiaçının adına olacağını söylədi. Onunla bir neçə dəfə Cavabdeh1 ASC-də olmuş, cavabdeh orada kredit şöbəsindəki tanıdığı əməkdaşlarla danışıqlar aparmışdır. Nəticədə cavabdeh bankla razılıq əldə etmiş, cavabdehin Cavabdeh1 ASC-də işləyən xalası oğlu ona çox dəstək olmuşdur. Nəticədə ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında 16.12.2009-cu il tarixli 01 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 24 ay müddətinə illik 22 faizlə 150 000 manat kredit məbləği ayrılmışdır. İddiaçı müqavilənin mahiyyətindən, ayrılan kreditin məbləğindən və faiz dərəcəsindən ümumiyyətlə məlumatsız olmuşdur. İddiaçı onların səmimiyyətinə tamamilə inanmış, müqavilə bağlandıqdan sonra Turan vaxtında ödənişləri edirmiş, iddiaçı da ona arxayın olub bankla maraqlanmamışdır. Daha sonra 2010-cu ildə Turan iddiaçıya demişdir ki, ev almaq istəyir, bunun üçün bankdan yenə kredit götürmək lazımdır. Evi aldıqdan sonra girov qoyub atasının adına kredit götürüb həm əvvəlki krediti, həm də ikinci kreditin borcunu bağlayacaqdır. İddiaçı da kredit məsələsinin öz həlləini tapacağına inanıb razılıq vermişdir. Bankla aralarında 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsi bağlanmış və iddiaçıya 24 ay müddətinə illik 15 faizlə 40 000 manat məbləğində kredit ayrılmışdır. Sonradan bankla aralarında 30.12.2014-cü il tarixli İKM04 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtləri ümumiyyətlə iddiaçıya aydın deyildi. Cavabdeh Turan iddiaçını aldatmış, kredit müqavilələrini iddiaçının adına rəsmiləşdirməklə külli miqdarda pulları mənimsəmişdir. İddiaçının hüquqi savadı olmadığından bunları anlamamış, onlara etibar edib inanmışdır. Sözügedən kredit müqavilələri vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlərdir, həmin müqavilələr etibarsız sayılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1029/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı kredit müqavilələrinin etibarsız sayılması və digər şəxslə bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1029/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan iş materiallarında olan Cavabdeh1 ASC-nin Səbail filialı ilə İddiaçı arasında bağlanmış 19.07.2010-cu il tarixli 03 saylı Kredit Müqaviləsinin 1.1- ci bəndinə görə, Bank Borcalana 24 ay müddətində 19.07.2012-ci il tarixədək 40 000 manat həcmində illik 15 faizlə birdəfəlik kredit verir. Müqavilənin 1.2-ci bəndinə görə, Borcalan banka ödəmə müddəti ötmüş kredit və faizlərə görə hər gecikdirilən gün üçün illik 30 faiz hesabı ilə pul ödəyir. Müqavilənin 1.3-cü bəndinə görə, Borcalan krediti və onun faizlərini ödəniş cədvəlinə əsasən hər ay hissə-hissə ödəməyi ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh1 ASC-nin Səbail filialı ilə İddiaçı arasında bağlanmış 16.12.2009-cu il tarixli 01 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə görə, Bank Borcalana 24 ay müddətində 16.12.2011-ci il tarixədək 150 000 manat həcmində illik 22 faizlə birdəfəlik kredit verir. Müqavilənin 1.2-ci bəndinə görə, Borcalan banka ödəmə müddəti ötmüş kredit və faizlərə görə hər gecikdirilən gün üçün illik 44 faiz hesabı ilə pul ödəyir. Müqavilənin 1.3-cü bəndinə görə, Borcalan krediti və onun faizlərini ödəniş cədvəlinə əsasən hər ay hissə-hissə ödəməyi ödəməyi öhdəsinə götürür.. Həmin kredit müqaviləsinin 8-ci və kredit kartına dair müqavilənin 11.15-ci bəndinə. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, İddiaçı “xxxx” ASC ilə bağladığı 16.12.2009- cu il tarixli, 19.07.2010-cu il tarixli və 30.12.2014-cü il tarixli kredit müqavilələrini imza etdiyini bildirsə də, müqavilənin formal olaraq onun adına bağlandığını, əslində kredit müqaviləsi üzrə öhdəliyi Cavabdeh2 tərəfindən yerinə yetiriləcəyinə inandığını, cavabdehlər tərəfindən aldadıldığını bildirsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kredit müqavilələrinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı şüurlu səviyyədə qeyd edilən müqavilələri imzalamışdır. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbbüskar olmuşdur. Mübahisələndirilən müqavilələr yazılı şəkildə tərtib olunmuşdur. Müqavilələrinin şərtləri aydın şəkildə göstərilmiş və tərəflər müqavilə şərtləri ilə razı olduqlarını və müqavilənin bağlanıldığını öz imzaları ilə təsdiq etmişlər.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricən düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən kredit kartı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Hazırkı halda iddiaçı qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1029/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1029/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6032/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6032/2021
23.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver